Modern.az

Əfqanıstan kimlərə qismət olacaq - Rusiya, ABŞ, yoxsa Çin? - ŞƏRH

Əfqanıstan kimlərə qismət olacaq - Rusiya, ABŞ, yoxsa Çin? - ŞƏRH

13 İyul 2021, 13:16

Taliban hərəkatının Əfqanıstanda hakimiyyəti ələ alacağına və paytaxt Kabili ələ keçirəcəyinə inananların sayı getdikcə artır. Bunun sadə səbəbi var. ABŞ və NATO qüvvələri Əfqanıstanda 20 il varlıqlarını sürdürdülər və Taliban nəinki onlara məğlub oldu, əksinə bu illərdə gücləndi. Demək ABŞ və NATO qoşunları Əfqanıstanı tərk etdikdən sonra Taliban hərəkatı hədəfə daha asan çatacaq.


Modern.az-ın məlumatına görə, bu ölkədəki vəziyyəti şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Əfqanıstandakı xalqlar Talibana asanlıqla təslim olmayacaqlar.

“Əfqanıstanda yaşayan özbəklər, taciklər və digər xalqların nümayəndələri Talibanla savaşmağa davam edə, hətta yaxın keçmişdə olduğu kimi hərəkata qarşı müxalifətin silahlı Şimal Koalisiyasını formalaşdıra bilərlər.

Hələliksə Taliban savaşla yanaşı diplomatiyaya da üstünlük verir. Taliban Hərəkatının nümayəndələri qısa zaman ərzində həm Tehranda, həm də Moskvada oldular. Talibanın Qətər dövlətindəki nümayənlərindən 4 nəfərlik heyət Moskvada danışıqlar apardı və mətbuat konfransı keçirdi”.


Bəs Rusiya hakimiyyəti nədən terrorçu adlandırdığı Talibanın nümayəndələrini Moskvaya dəvət etdi?


“Məsələ burasındadır ki, ABŞ son illər Qətərdə Taliban nümayəndərləriylə dialoqa başlamaq məcburiyətində qalmışdı. Bundan sonra Vaşinqtondan geri qalmaq istəməyən Moskva hərəkətə keçdi. Taliban müxtəlif dəvətlərdən boyun qaçırmadığını və dialoq hazır olduğunu nümayiş etdirdi və bu siyasətə bu gün də sadiqdir. Halbuki, Taliban vaxtilə Əfqanıstanın tamamına nəzarət etdiyi illərdə nadir hallarda müxtəlif güc mərkəzləriylə dialoq içində idi. Dünya dəyişdiyi kimi Talibanın da siyasəti dəyişir”,- E.Şahinoğlu deyib.


Politoloqun sözlərinə görə, Rusiyanın hakimiyyət və ekspert dairlərində Talibanla bağlı iki yanaşma var.


“Birinci yanaşma budur ki, Taliban verdiyi vədlər yerinə yetirəcək, misal üçün qonşu dövlətlərə təhlükə yaratmayacaq, “İslam Dövləti” terrorçu qruplaşmasına Əfqanıstanda möhkəmlənməsinə imkan verməyəcək və narkotik maddələrin yetişdirilməsi və daşınmasıyla mübarizə aparacaq. Taliban nümayəndələri Moskvadakı mətbuat konfransında bu vədləri veriblər.


İkinci yanaşma isə bundan ibarətdir ki, Talibanın verdiyi vədlərə inanmaq doğru deyil. Birincisi, Talibanın içərisində ən azı 4-5 qruplaşma var və hərəkatın Qətər dövlətindəki təmsilçiləri qruplardan yalnız birini – mötədilləri təmsil edirlər, o birilər isə hakimiyyətə yiyələnən kimi istədiklərini edəcəklər. İkincisi, Taliban keçmişdə müxtəlif terrorçu təşkilatlara Əfqanıstanda şərait yaradan hərəkatdır, kim zəmanət verər ki, bu siyasətindən vaz keçib? Üçüncüsü, müxtəlif hesablamalara görə, Taliban narkotik satışından ildə ən azı 1 milyard dollar əldə edir, hərəkat bu gəlirindən imtina edərmi?


Buna baxmayaraq, başda ABŞ və Rusiya olmaqla bölgə dövlətlərinin əksəriyyəti, o cümlədən İran, Pakistan, Türkiyə, Çin və Mərkəzi Asiya ölkələri bu və ya digər şəkildə Talibanla təmas içindədirlər. Taliban qonşu ölkələrlə sərhəd məntəqələrini ələ keçirir, ABŞ və NATO-nun vaxtilə təlim keçdiyi hökümət qüvvələrinin hərbçilərinin bir hissəsi isə ya qonşu ölkələrə qaçır, ya da Talibanın tərəfinə keçirlər”.

E.Şahinoğlu xatırladıb ki, bu arada, Çin də uzun müddətdir Talibanla dialoq içindədir. Taliban təmsilçiləri bunu gizlətmir, onlar dəfələrlə Çində olduqlarını etiraf ediblər.

“Çinin Talibana təklifi bəlli olub: Əfqanıstanda möhkəmlənən uyğurlardan ibarət “Şərqi Türküstan İslam Hərəkatı” ilə mübarizə aparın, onların yerini dar edin, əvəzində biz Sizin ölkənizə yatırımlar qoyaq, müxtəlif layihələr həyata keçirək.


Müxtəlif mənbələrə görə, “Şərqi Türküstan İslam Hərəkatı”nın Əfqanıstan ərazisində 3 minə yaxın üzvü var və bu Çin üçün ciddi təhlükədir. Taliban Pekinə vəd edib ki, bu hərəkata qarşı mübarizə aparacaq, radikal uyğurların Əfqanıstanda fəaliyyətinə imkan verməyəcək. Görünür, hətta Taliban kimi radikal təşkilatın da Çin yatırımlarına ehtiyacı var. Taliban Əfqanıstanda çalışacaq çinli işçilərin təhlükəsizliyinə təminat verib.


Taliban vədlərini yerinə yetirərsə Çin də öz vədlərini yerinə yetirəcək, Əfqanıstanın dağılan infrastrukturunu bərpa edəcək. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Van Venbin Talibanın Əfqanıstanda hakimiyyətə qayıdışını belə şərh edib: “Əfqanıstanın ciddi problemləri var. Bu ölkənin əsas problemləri ABŞ-ın siyasəti ilə əlaqəlidir. Çin Əfqanıstanın yenidən qurulması və inkişafında iştirak etməyə hazırdır”.


Çinin Əfqanıstanla əməkdaşlıqda bir məqsədi radikal uyğuları bu ölkədə neytrallaşdırmaqdırsa, ikinci məqsədi Əfqanıstanın dəyəri yüz milyardlarla dolarla ölçülən zəngin yeraltı sərvətlərinə sahib olmaqdır. Əslində Əfqanıstan yeraltı resurslarına görə dünyanın ən zəngin ölkələrindən sayılır. Sadəcə, bu ölkədə yüzillər boyu davam edən müharibələr, hakimiyyət uğrunda mübarizələr, qeyri-sabitlik həmin zənginliklərin istismarına və işlədilməsinə əngəl olub. Sabitlik olarsa və investisiyalar cəlb olunarsa həmin yataqların istismarından və satışından böyük qazanclar əldə etmək olar. Talibanla Çin arasında artıq “Aynak” adlı mis mədənin işlənməsi ilə bağlı razılaşma var, gələcəkdə bu kimi sövdələşmələrin sayı artacaq. Bundan başqa Çinin Əfqanıstanın istismar edilməyən neft yataqlarında da gözü var”.


“Beləliklə, necə ki, vaxtilə ABŞ Səddam Hüseyni devirmək məqsədilə İraqa daxil oldu, ancaq nəticə əleyhinə işlədi, çünki bu ölkədə Vaşinqtonun düşməni – İran hakim oldu. Vaşinqton eyni nəticə ilə Əfqanıstanda üzləşmək üzrədir – 20 il əvvəl bu ölkəyə daxil oldu ki, Talibanı məhv etsin və bu ölkədə möhkəmlənsin. Yenə tərsi oldu – Taliban məğlubiyyət əvəzinə gücləndi və Əfqanıstana ABŞ-ın əsas rəqibi Çini dəvət etmək üzrədir”,-deyə siyasi ekspert bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir