Arxiv
28 İyul 2021, 14:38 | MÜSAHİBƏ
“Bu kitabı oxuyandan sonra Azərbaycana marağım artdı” - Səfirlə SÖHBƏT

Bizim nə neftimiz var, nə də qazımız

 

 “Fikirləşirdim ki, Şuşa Azərbaycan üçün niyə bu qədər  vacibdir”

 

Modern.az yeni rubrikaya start verir.  “Səfirlə söhbət” adlı rubrika çərçivəsində müsahiblərimiz diplomatlar olacaq. Hər sözünü yüz ölçüb, bir biçən səfirlərdən təkcə diplomatiya və siyasət mövzusunda deyil, müxtəlif sahələri əhatə edən suallara səmimi cavab almağa çalışacağıq. İnanırıq ki, “Səfirlə söhbət”imiz oxucularımız tərəfindən maraqla qarşılanacaq.

 

İlk qonağımız Koreya Respublikasının Azərbaycandakı səfiri cənab Kim Tong Opdur.

  

Cənab səfir, artıq 3 ildir ki, ölkəmizdə çalışırsınız. Bakıya gəlmədən öncə Azərbaycanı necə təsəvvür edirdiniz? Heç vaxt səfər etmədiyiniz fərqli bir ölkəyə gəlmisiniz. Qarşılaşdığınız mənzərə necə idi?

 

- 2018-ci ilin noyabrın 16-dan Azərbaycanda fəaliyyətə başlamışam. İlk dəfə idi ki, Azərbaycanda olurdum. Əlbəttə, gəlmədən öncə Azərbaycan haqqında ümidlərim var idi, həmçinin bir az da narahat idim.

 

Bildiyiniz kimi, Azərbaycan İslam ölkəsidir, mən isə heç vaxt İslam ölkəsində fəaliyyət göstərməmişdim. Fikirləşirdim ki, İslam mədəniyyətini bilmədiyimə görə, hər hansı səhvlər edə bilərəm. Hətta İslama aid bəzi məlumatları oxumuşdum. Gəldikdən sonra mənə aydın oldu ki, Azərbaycan nə qədər İslam ölkəsi olsa da, müasirdir və burada çox yaxşı, rahat yaşayış var.

 

Mənim gəldiyim dövrdə Koreyada Azərbaycana maraq böyük idi, belə ki, Azərbaycan haqqında TV-də proqramlar göstərilirdi.Azərbaycana gəlmək istəyən koreyalıların sayı çoxalırdı. Keçən ilin aprel ayından dünyada koronavirus pandemiyası yayılmağa başladı. Bundan ən böyük zərərçəkən sahələrdən biri turizm sahəsi oldu. Azərbaycanın Turizm Bürosu Koreyada ofis açmaq istəyirdi. Bu, Azərbaycan və Koreya arasında turizmi daha da aktivləşdirmək üçün atılmış addım idi.

 

Qeyd etdiyim kimi, turizm sahəsi pandemiyanın təsirinə ən çox məruz qalan sahələrdən biridir. Lakin pandemiya bitdikdən sonra tez bir zamanda turizm sahəsi yenidən canlanacaq.

 

Həmçinin yüksək vəzifəli dövlət məmurları arasındakı münasibətlərə də toxunmaq istəyirəm. Xalqlar arasında mübadilə çox vacibdir. Lakin ölkələr arasında siyasi əlaqələri daha üst səviyyəyə qaldıran məhz yüksək vəzifəli dövlət rəsmilərinin əlaqələridir. Prezident başda olmaqla, digər dövlət rəsmilərinin rəsmi səfərlərinin təşkil edilməsi mənim önəm verdiyim sahələrdən biridir. 2019-cu ilin oktyabr ayında Koreya Milli Assambleyasının sədri cənab Mun Hi Sanq  Azərbaycana  səfər etmişdi. Bu səfərdən sonra Koreyadan Azərbaycana  yüksək vəzifəli dövlət rəsmisi səfər edə bilmədi. Düşünürəm ki, pandemiya bitdikdən sonra bu sahə yenidən canlanacaq.

 

Azərbaycan həmçinin yeraltı sərvətləri, enerji ehtiyatları ilə zəngin ölkədir. Koreya isə informasiya texnologiyaları sahəsinin inkişaf etdiyi bir ölkədir. Bu sahədə biz əməkdaşlığımızı  davam etdirərək, ahəng yaratsaq, çox böyük irəlləyişə nail olmuş olarıq.

 

Digər önəm verdiyim sahə tələbələr arasında mübadilədir. Hər iki ölkənin tələbələri vətənlərinin gələcəyindən cavabdeh şəxslərdir. Biz tələbələr arasında mübadiləni daha da gücləndirsək, bir neçə min illiklər ərzində mübadilə davam edəcəkdir.

 

 

 

- Bildiyiniz kimi, ötən il Azərbaycan Qarabağın 30 illik işğalına son qoydu. İndi ölkəmizin qarşısında duran əsas hədəf azad olunmuş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin Qarabağa qayıdışını təmin etməkdir. Bəs, Koreya investorları Qarabağa yatırım etməkdə maraqlıdırlarmı?

 

- İlk növbədə Koreya və Azərbaycan arasında ticarət mübadiləsindən danışmaq istəyirdim. Koreya şirkətləri Azərbaycana sərmayə qoymaq, həmçinin Azərbaycan dövləti tərəfindən həyata keçirilən layihələrdə iştirak etmək istəyir, onların fikirləri var. Lakin həmin layihələrdə başqa dövlətlərin şirkətləri ilə rəqabət apararaq tenderlərdə iştirak edib, qalib gəlmək lazımdır. Hal-hazırda Azərbaycanda Koreya şirkətlərinin az fəaliyyət göstərməsi səbəblərindən biri Koreya şirkətlərinin Azərbaycana marağının olmaması deyil, həmin tenderlərdə qalib gələ bilməməsidir. Bundan başqa Azərbaycan təbii sərvətləri, enerji ehtiyatı ilə zəngin bir ölkədir. Koreyanın da dünyaca məşhur mühəndislik  şirkətləri var. Həmçinin başqa sahələrdə dünyaca tanınan şirkətlərimiz çoxdur.  Bu sahədə Koreya şirkətləri Azərbaycanda fəaliyyət göstərsə, çox böyük uğura imza atıla bilər.

 

-Artıq dünyada Cənubi Koreya sürətli inkişafı ilə tanınır. Koreyanın inkşafının səbəbi nələrdir?

 

- Birbaşa bizim özümüzlə bağlı sual olduğundan cavab verməyim bir az çətindir. Çünki Koreyanın bu səviyyədə inkişaf etmə səbəbini koreyalılar bir cür, digər ölkələr isə başqa dəyərlənirə bilərlər. Suala birbaşa “bizim inkişafımızın səbəbi budur”,- deyə cavab vermək koreya mədəniyyətinə görə, qəribə səslənə bilər.

 

1950-1953-cü illər Koreya müharibəsi bitdikdən sonra Koreyada demək olar ki, çox çətinliklə üzləşdik. Biz sıfırdan başladıq  Bildiyiniz kimi, bizdə nə neft, nə də qaz sərvəti var. Bizim xalq yalnız zəhmətkeşliklə çalışıb və bundan başqa yol bilməyib. Bütün valideynlər fikirləşmişdir ki, bu çətinliyi, səfaləti öz övladlarımıza buraxmayacağıq. Ona görə də onlar başqaları yatanda, dincələndə də işləmişlər. Həmin səfalətə qalib gəlməyə çalışmışlar. Lakin təkcə iş görməklə inkişafa nail olmaq mümkün deyil, xalqımızda belə bir fikir formalaşmışdır ki, gəlin, oxuyaq, işləyək. Daha yaxşı oxuyaq, müxtəlif texnologiyaları yaxşı bilək və mükəmməl nəticəni necə əldə etmək üçün daha yaxşı öyrənək.Koreya təhsil sisteminin səviyyəsinin çox yüksək olması səbəblərindən biri də məhz budur.

 

 - Yaxın müddətdə Koreya Prezidentinin Azərbaycana səfəri gözlənilirmi?

 

-Qeyd etdiyim kimi, pandemiya davam etdiyindən yaxın gələcəkdə cənab Prezidentin Azərbaycana səfəri gözlənilmir. Lakin pandemiya bitdikdən sonra vəziyyətə baxıla, hər hansı qərara gəlinə bilər.

 

- Koreya həm də öz təhsili ilə dünyada tanınır. Bir çox tələbələrimiz Koreyaya üz tuturlar. Amma Koreya Dövlət Proqramında azərbaycanlı tələbələrə az yer ayrılır. Yer sayının artılması üçün tərəfinizdən hansı addımlar atılır?

 

- Tələbə mübadiləsinin aparılması bizim üstünlük verdiyimiz sahələrdən biridir. Azərbaycanlı tələbələrin sayının artırılması barədə davamlı olaraq, Seula müraciət edirik. Koreya Dövlət Təqaüd Proqramı təkcə Azərbaycandan deyil, dünyanın demək olar ki, çox sayda ölkəsindən tələbələrin Koreyaya dəvət olunaraq, təhsil verildiyi bir proqramdır. Azərbaycan üçün yer sayı az ola bilər, amma dünyanın çox ölkəsindən tələbələrin bu proqramda iştirak etdiyini nəzərə alsaq, ümumi sayın nə qədər çox olduğunu başa düşmək olar. Onların hər birinə təqaüd vermək, qalacağı yeri nizamlamaq, onlar üçün müəllimlər təyin etmək doğurdan da çətindir.

 

Qeyd etdiyim kimi, Azərbaycanlı tələbələrin sayının artırılması ilə bağlı davamlı olaraq, Seula müraciət  göndəririk, hələ ki nəticəsi olmasa da,  görə biləcəyimiz işləri görürük. Statistik  məlumatı diqqətinizə çatdımaq istədim, proqramda iştirak etmək üçün seçilən azərbaycanlı tələbələrin sayı getdikcə artmaqdadır. Əvvəllər bu say 5 nəfər olubsa, daha sonra 7, 8 nəfərə çıxıb ki, bu da artan rəqəm deməkdir.

 

 

- Bakıya gələndə sizi nə təəccübləndirdi və adətən vaxtınızı burada necə keçirirsiniz?

 

- Azərbaycana gələndə mənim təəccübləndiyim şeylərin demək olar ki, hamısı müsbət cəhətlər idi. İlk növbədə Azərbaycanı İslam ölkəsi kimi tanıyırdım. Bunu düşünərək gəlmişdim. Amma burada şahid oldum ki, Azərbaycan xaricilərə çox açıq, yaşayışı rahat olan ölkədir. Həmçinin məni Xəzər dənizi çox təsirləndirdi. Azərbaycanda ən təsirləndiyim şeylərdən biri Bakının küləyi oldu. Onun haqqında çox eşitmişdim, Bakının küləyi çox güclü əsir. Koreyada küləyin dərəcələrinə görə biz küləyi müxtəlif cür adlandırırıq. Lakin Koreyada Bakı küləyini təsvir edəcək bir söz olmadığını düşünürəm. Həmçinin insanlarınız məni çox təsirləndirdi ki, xoşxasiyyət və dostcanlıdırlar. Azərbaycanlıların bu cür xasiyyətinə görə, bizim burada yaşayışımız daha da rahat və asan olur.

 

- Azərbaycanda fəaliyyət göstərən başqa ölkələrin səfirləri ilə görüşürsünüzmü?

 

- Azərbaycanda faəliyyətdə olan digər ölkələrin səfirləri ilə daha çox tədbirlər vasitəsilə görüşürük. Ümumiyyətlə, Azərbaycanda olan səfirlərin hamısı çox səmimi və mehriban insanlardır.  Mən bura birinci dəfə gələndə onlar mənə çox yaxşı münasibət göstərdilər. Azərbaycanda fəaliyyətini tamamlayıb ölkəsinə gedən səfirlər içərisində indi də xatırladığım səfirlər var. Onları özümə qardaş hesab edirəm. Çox yaxşı əlaqələrimiz var. Bir-bir ölkələrin adlarını çəkmək istəmirəm, ümumi deyə bilərəm ki, hamısı dəyərli insanlardır və çox yaxşı əlaqələrimiz var.

 

- Azərbaycan və Koreya arasında yeni sazişlərin imzalanması planlaşdırılır?

 

- Koreya ilə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. Gələn il biz diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyini qeyd edəcəyik. 30 il ərzində biz çox sahədə sazişlərə imza atmışıq. Mən Azərbaycana təyin olunandan sonra 2019-cu ilin yanvarında biz “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında qrant yardımına dair” Çərçivə Sazişinə imza atdıq. Bu sazişdən sonra tərəflər arasında xüsusi bir saziş imzalanmayıb. Birdən hansısa bir saziş imzalanarsa, yəqin ki, o xüsusi hal olar. Çünki qeyd etdiyim kimi biz 30 il ərzində qarşılıqlı sərmayelərin təşkili,  ikiqat vergitutmanın aradan qaldırılması, gömrük əməkdaşlığına dair saziş, diplomatik və rəsmi/xidməti pasportlara malik vətəndaşlara münasibətdə viza tələblərindən azad edilməsinə dair saziş və s. yəni əsas fundamental sazişlərə artıq imza atmışıq.

 

 

- Dünyada Koreya mədəniyyətinə maraq günü-gündən artır. Azərbaycanda da koreyasevərlər kifayət qədərdir. Azərbaycanlı koreyasevərlər üçün hansı tədbirlər görülür?

 

- Azərbaycanda musiqi və filmlərə görə koreyasevərlərin sayı gündən-günə artır. Buna görə, həmişə minnətdarlıq duyuruq. Eyni zamanda, Azərbaycanda Koreya mədəniyyətinin sevilməsi üçün əlimizdən gələn hər şeyi edirik. Lakin pandemiya səbəbindən keçən il, eləcə də bu il ərzində nəzərdə tutulan tədbirlərin bir çoxu təxirə salınmışdı. Bu cür vəziyyət olmasaydı, Koreya milli rəqsinin Azərbaycanda təbliğatı üçün tədbirlər keçirə bilərdik. Gələn il isə bizim 30 illik yubileyimizdir. Azərbaydanda Koreya musiqisinin təbliğatı üçün bir çox tədbirlərin keçirilməsi gözlənilir. İki ölkə arasında rəsmi səfərlər də  təşkil oluna bilər. Bu barədə biz Seulla danışıqlar aparırıq. Nə vaxt keçiriləcək, harda keçiriləcək, hansı nümayəndə heyyəti gələcək, yəqin ki, danışıqlar bitdikdən sonra hamısı bəlli olacaq.

 

- Ölkələrimiz arasında iqtisadi əlaqələrı necə qiymətləndirirsiniz?

 

İlk növbədə qeyd etmək istərdim ki, iqtisadi əlaqələr iki ölkənin əlaqələrinin inkişafı üçün çox vacibdir. Ticarət dövriyyəsinin çoxalması da əlaqələrin nə dərəcədə inkşaf etdirilməsini göstərir. İqtisadi əlaqələrin inkişafı ilə ölkələr arasında səfərlərin sayı da çoxalır. Bu əlaqələrdən danışırıqsa, bir ölkədə istehsal edilən məhsulların digər ölkə vətəndaşları tərəfindən istifadə edilməsi və bu istifadə vasitəsi ilə insanların həyat fəaliyyətinin yaxşılaşdırılması, hər iki ölkə vətəndaşının xeyr qazanması nəzərdə tutulur.

 

Qeyd etdiyim kimi, ticarət dövriyyəsi vacib olsa da, coğrafi məsafə həddən artıq çoxdur. Koreya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcminə baxsaq görərik ki, bu dövriyyənin həcmi iqtisadi əlaqələrin inkişaf potensialından  geridə qalmaqdadır. Keçən il Koreya və Azərbaycan arasında ticarət dövriyyəsi 179 milyon dollar olmuşdu. 

 

Siz Azərbaycanda çoxlu sayda “Kia”, “Hundai”  və digər nəqliyyat vasitələrinin maşınlarını, “Samsung” telefonlarını, LG ev əşyalarını görə bilərsiniz. Ətrafda hər yerdə onlar gözə dəyir. Koreya məhsullarının keyfiyyəti yaxşıdır və ümid edirəm ki, azərbaycanlılar bu məhsulları sevərək istifadə edir. Eyni zamanda bu sahənin işçiləri ilə danışanda onlar deyirlər ki, Azərbaycana ixrac çox yaxşıdır, və daha da artır. Lakin idxaldan danışsaq, təəssüf ki, Azərbaycandan Koreyaya idxal olunan məhsulların sayı elə də çox deyil.  Səfirliyimiz iqtisadi əlaqələrin daha da inkişaf etməsi üçün fəaliyyət göstərir.

 

- Koreya film sahəsində böyük naliyyətlər əldə edib. İki ölkə bu sahədə ortaq işlər görməyi planlaşdırırmı?

 

Azərbaycanda Koreya filmlərinə maraq çoxdur. Bu marağa görə sizə təşəkkür edir və davamlı maraq göstərməyinizi rica edirik. Səfirlikdə olan məlumata görə, elə bir layihə yoxdur, lakin gələcəkdə bu sahədə birlikdə gözəl əməkdaşlıq quracağımıza ümid edirəm.

 

Həmçinin qeyd etmək istərdim ki, bu sahədə əlaqələrin inkişafı üçün xalqlar bir-birini yaxşı tanımalıdır. Məsələn, mən Azərbaycana gəldikdən sonra “Əli və Nino” əsərinin Koreya dilinə tərcümə edildiyini öyrəndim. Oxuduqdan sonra Azərbaycana marağım daha da artdı. Eləcə də digər əsərlərin Koreyada məşhurlaşması daha çox koreyalının marağını Azərbaycana cəlb edə bilər. Kino sahəsi ilə məşğul olan koreyalılar Azərbaycana gəlsə, inanıram ki, onlarda bura ilə bağlı çox maraqlı və gözəl ideyalar yaranar.

 

- Cənab səfir, Şuşa səfəriniz necə yadda qaldı? Şuşa necə bir şəhərdir? Təəssüratlarını bilmək istərdik...

 

- Mən Şuşaya 1-2 il, 10-20 il sonra getsəm yəqin ki, Şuşa haqqında fikirlərim dəyişəcək. Bu dəfəki səfərimdə Şuşanın necə gözəl bir yer olduğunu öz gözlərimlə gördüm. Hazırda azərbaycanlıların çoxu ora gedə bilmədiyi halda mən Şuşanı ziyarət etmişəm. Bu, mənim üçün qürurdur, eyni zamanda, azərbaycanlılara qarşı bir az günahkarlıq hiss edirəm ki, onlardan qabaq Şuşanı görmüşəm.

 

Səfəri təşkil etdikləri üçün Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkürümü bildirirəm. Azərbaycana gəldikdən sonra Şuşa haqqında çox eşitmiş və kitablardan oxumuşdum. Mənim Şuşa haqqında ümidlərim böyük idi. Həmişə fikirləşirdim ki, niyə Azərbaycan üçün Şuşa bu qədər vacibdir. Mən Şuşaya gedəndə bütün qəlbimlə hiss edə bildim ki, bura niyə bu qədər vacibdir.

 

Hazırda Füzulidən Şuşaya gedən yol bir az nizamsızdır, orada işlər aparılır. Eyni zamanda  insanların yaşayışı üçün işlər görülməlidir. Yəqin ki, işlər tamamlanana qədər insanlar ora gedə bilməyəcək. Amma dövlət layihələri həyata keçirilir. Bu layihələrin tez bir zamanda bitməsini və əhalinin gedib oranı ziyarət etməsini arzulayıram. Cənab Prezidetin də həmişə vurğuladığı kimi sülh şəraitində, birlikdə çiçəklənən Qafqaz həmişə gözəl işlərə şahid olacaq.

 

 

Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İmişlidə qətl hadisəsi törədilib   18 Sentyabr 2021, 17:03 Rusiya kosmosda film çəkəcək  18 Sentyabr 2021, 16:42 “TurAz Şahini - 2021" təlimlərində iştirak edən hərbçilərimizin bir qrupu Vətənə qayıdıb 18 Sentyabr 2021, 16:20 Mehriban Əliyevadan Milli Musiqi günü ilə bağlı PAYLAŞIM 18 Sentyabr 2021, 16:03 “Milli Qəhrəman Polad Həşimov” kitabı İstanbuldakı kitabxanaya təqdim edilib 18 Sentyabr 2021, 16:01 Mədəniyyət xadimləri Cıdır düzündə olub 18 Sentyabr 2021, 16:00 Revaksinasiya koronavirusdan müdafiəni 20 dəfə artırır 18 Sentyabr 2021, 15:54 Faktaraşdırıcı missiya Qarabağla bağlı bəyanat qəbul etdi 18 Sentyabr 2021, 15:47 Son sutkada nə qədər peyvənd vurulub? 18 Sentyabr 2021, 15:40 Yoluxma artdı - 29 nəfər öldü 18 Sentyabr 2021, 15:32 Gorus-Qafan yolunda “bayraq təxribatı”: “Polisimizin atdığı addım düşmənə tam cavab idi” 18 Sentyabr 2021, 15:25 Qaxda ikimərtəbəli, Zaqatalada isə 6 otaqlı ev yandı 18 Sentyabr 2021, 15:18 “Şuşa yaşayış bir çox şəhərlərdən fərqli olacaq” - Xüsusi nümayəndə 18 Sentyabr 2021, 15:11 Minaatanların intensiv döyüş hazırlığı davam edir - VİDEO 18 Sentyabr 2021, 15:04 Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir - Akar 18 Sentyabr 2021, 14:57 Üzeyir Hacıbəyovun adı çəkiləndə Qarabağ yada düşür - Deputat 18 Sentyabr 2021, 14:50 “Azərmaş” yeni avtomobil və avtobusların istehsalına başladı 18 Sentyabr 2021, 14:44 Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Özbəkistana keçdi 18 Sentyabr 2021, 14:37 “Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov 18 Sentyabr 2021, 14:30 Messinin PSJ-dən qazanacağı gəlir açıqlandı 18 Sentyabr 2021, 14:23 İranda ötən sutkada 355 nəfər koronavirusdan ölüb 18 Sentyabr 2021, 14:16 Rusiyanın iki hərbi gəmisi Bakıya gəlib - FOTO 18 Sentyabr 2021, 14:10 Kursantlarla görüş keçirilib - FOTO 18 Sentyabr 2021, 14:03 Şuşada Musiqi Festivalının konserti keçirilir - FOTOLAR 18 Sentyabr 2021, 13:56 “Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov 18 Sentyabr 2021, 13:50 Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq - Nazir 18 Sentyabr 2021, 13:44 Heroin qəbul edib taksi sürdü - FOTO 18 Sentyabr 2021, 13:37 Narkotacir qardaşlar saxlanıldılar - FOTOLAR 18 Sentyabr 2021, 13:30 Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb 18 Sentyabr 2021, 13:23 Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir 18 Sentyabr 2021, 13:17 Nazirlik köməksiz qalan vətəndaşları xilas etdi - FOTOLAR 18 Sentyabr 2021, 13:10 Türkiyəli gənc Fransada amansızlıqla qətlə yetirilib 18 Sentyabr 2021, 13:02 Mədəniyyət xadimləri Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib 18 Sentyabr 2021, 12:56 İcra başçısı şəhid ailəsi ilə görüşüb - FOTO 18 Sentyabr 2021, 12:50 23 yaşlı azərbaycanlı Ukraynada itkin düşdü - FOTO 18 Sentyabr 2021, 12:42
SORĞU Hansı vaksinə etibar edirsiniz?