Modern.az

Müharibənin ildönümü: 27 sentyabrdan öncə nələr ola bilər? - TƏHLİL

Müharibənin ildönümü: 27 sentyabrdan öncə nələr ola bilər? - TƏHLİL

Analitika

14 Sentyabr 2021, 17:51

II Qarabağ müharibəsinin başlanmasının ildönümü ərəfəsində baş verən proseslər diqqət çəkir: hər şey 1 il əvvəl müharibə öncəsi vəziyyəti xatırladır.


2 sentyabr: Türkiyədə iki ölkənin Hərbi Hava Qüvvələri, Azərbaycanda xüsusi təyinatlı qüvvələrinin birgə təlimi başladı: məqsəd döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətini təkmilləşdirməkdir;


6 sentyabr: Türkiyə və Azərbaycan hərbçiləri Laçında birgə təlimə başladı: bunun işğaldan azad edilmiş ərazilərdə ilk və məhz dəhlizin keçdiyi Laçında (təlimlərin dəhlizin 300 metrliyind keçirildiyi məlumatı var) olması diqqət çəkir;


7 sentyabr: Azərbaycan və Türkiyə Xəzərdə birgə təlimlərə başladı: Ankara dənizdə də Bakının yanında olduğunun mesajını verirdi;

12 sentyabr: Türkiyə-Azərbaycan təlimləri başa çatdı; Türkiyə, Azərbaycan və Pakistanın xüsusi təyinatlı qüvvələrinin Bakıda “Üç Qardaş – 2021” hərbi təlimi başladı.


Üç qardaşın təlimi üç kontekstdə əhəmiyyətlidir:


Birincisi, məkan olaraq Bakının seçilməsidir;


İkincisi, təlimlərin başlanması vaxtıdır;


Üçüncüsü, bütün ordunun yox, xüsusi təyinatlı qüvvələrin təlim keçirməsidir.


Məkanın Bakı seçilməsi Türkiyədən Pakistana qədər uzanan coğrafiyada formalaşan yeni ittifaqın mərkəzinin Azərbaycan olmasından qaynaqlanır, həm siyasi, həm coğrafi baxımdan: Avrasiyadakı geosiyasi dəyişiklikdə Ankara-Bakı-İslamabadın mümkün müttəfiqlik müqaviləsi gözləniləndir;


Bunun üçün iki məkanda mövcud maneələri aradan qaldırmaq lazımdır: Türkiyədən Mərkəzi Asiyaya uzanan coğrafiyanı birləşdirmək üçün Zəngəzur dəhlizi açılmalı və Qarabağ üzərindən Bakıya kənar təsirlər ən azı minimuma endirilməlidir; Pakistanın bu xəttə qoşulması üçün Əfqanıstan keçidinin təhlükəsizliyi təmin olunmaldır;


Pakistanın Taliban üzərində təsir imkanları Əfqanıstan keçidinin təmin edilməsinə imkan verəcək: istisna deyil ki, NATO ölkəsi kimi Kabildən çıxan Türkiyə Azərbaycanla birlikdə yenidən qayıdacaq;


Zəngəzur dəhlizinin açılması istiqamətində hələki irəliləyiş yoxdur, Qarabağ üzərindən Bakıya qarşı kənar qüvvələrin təsir rıçaqları qalır;


Üç ölkənin Azərbaycanda hərbi güc nümayişi iki hədəfə hesablana bilər:

  1. 1. Siyasi masada Bakının əlini gücləndirmək;

  2. 2. Hərbi müstəvidə məcburetmə addımları atmaq: üç ölkənin məhz xüsusi təyinatlı qüvvələrinin birgə təlimi Azərbaycan ordusunun yenidən qurulmasında bu qoşun növünə üstünlüyün veriləcəyi planı ilə yanaşı, cari dövrdə atıla biləcək mümkün hərbi addımlarla da bağlı ola bilər;

Bu ehtimalı gücləndirən iki amil də var: birgə təlimlər 20 sentyabrda – Vətən müharibəsinin başlanma tarixindən bir həftə öncə bitir; Azərbaycanın hərbi rəhbərliyinin Türkiyəyə səfər trafiki intensibləşib: “Üç Qardaş” təlimin başlandığı gün Qərargah rəisi Kərim Vəliyev Ankaraya səfər etdi, ardınca müdafiə naziri Zakir Həsənov Türkiyəyə getdi, özü ilə Hərbi Hava Qüvvələrin komandanını da aparıb;


Baş verənlər 20 sentyabrdan sonra müəyyən gözləntilər yaradır.


Bakı siyasi müstəvidə 10 noyabr razılaşmasının bütün bəndlərinin icrası tələbini yenidən gündəmə gətirə bilər;


Erməni qoşunların Qarabağdan çıxarılması üçün (üçtərəfli razılaşmanın 4-cü bəndi) ermənilərin qanunsuz postları istiqamətdə əməliyyatlar keçirilə bilər: Qarabağdakı separatçı-terrorçuların qondarma “müdafiə naziri”nin ö ərizəsi ilə istefa verməsi bu kontekstdə diqqət çəkir; mümkündür ki, Arzumanyan baş verə biləcəkləri bildiyi üçün qaçdı; erməni mənbələr isə bu dəyişikliyi separatçıların “yeni ordu” qurması (erməni qoşunlar çıxarıldıqdan sonra təxminən 5 minlik silahlı dəstə) ilə izah edir: Arzumanyan bununla razılaşmadığı üçün gedib; erməni qoşunların “səssiz” getməsi erməni cəmiyyətinin ittihamları baxımından Paşinyana da sərf etmir, Rusiyaya da;


Baş verənlər diplomatik imkanların işləmədiyini, bunun yenidən işlənməsi və müharibənin ildönümündə Qarabağda irəliləyişin olması üçün hərbi müstəvidə addımlara zərurət yarandığını göstərir.



Asif Nərimanlı

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü