Modern.az

Yeni vəzifə verilən səfir kimdir? - DOSYE

Yeni vəzifə verilən səfir kimdir? - DOSYE

Aktual

15 Sentyabr 2021, 14:45

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqov eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin başçısı təyin edilib.

 

Modern.az xəbər verir ki, Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı ilin noyabrın 2-də Bakıda anadan olub. 1978-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirib. 1986-cı ildən filologiya elmlər namizədidir. 1991-ci ilin sonuna qədər APXDİ-nin İngilis dili fakültəsində baş müəllim vəzifəsində çalışıb.

 

O, 1992-ci ilin əvvəlində Azərbaycan Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İdarəsinin 1-ci katibi vəzifəsinə təyin olunub, 1993-1995-ci illərdə XİN-in Hərbi-Siyasi Məsələlər Üzrə Şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

V.Sadıqov 1995-2004-cü illərdə Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, eləcə də BMT-nın Vyana Bölməsi, BMT-nın Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olub.

 

1998-2004-cü illərdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat, 2001-2004-cü illərdə isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olub. 

 

2004-2010-cu illərdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəzifəsində çalışıb, 2010-2016-cı illərdə Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 2016-cı ildən Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndəsi olub.

 

İngilis, rus, fransız, alman dillərini bilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir