Modern.az

Ermənilərdən İrandakı soydaşlarımıza qarşı təxribat cəhdi

Ermənilərdən İrandakı soydaşlarımıza qarşı təxribat cəhdi

15 Sentyabr 2021, 19:04

Ermənistan mətbuatı Gorus-Qafan yolunda İran yük maşınlarının iki sürücüsünün Azərbaycan polisi tərəfindən saxlanıldığı barədə məlumat yayıb. Səbəb kimi həmin sürücülərin Xankəndinə yük daşımasını təsdiq edən sənədlərinin olması göstərilib. Yayılan sənədlər İranın Xankəndinə yük daşıdığını bir daha sübut edir. Sənədin üzərində çatdırılma ünvanı “Stepanakert, Armenia” yazılıb.


İran dövləti öz sürücülərinə verdiyi rəsmi sənəddə Xankəndinin Ermənistan şəhəri olduğunu yazmaqla Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb.

 

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-a açıqlamasında iranlı sürücülərin saxlanıldığı barədə faktı təsdiqləyib. Onun sözlərinə görə, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar:


“Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Azərbaycanın aidiyyatı dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıblar. Həmin avtomobillərin sürücüləri  barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək”.

 

Belə xoşagəlməz hadisənin baş verməsi Güney azərbaycanlıların narahatlığına səbəb olub. Sosial şəbəkələrdə sürücülərin törətdiyi əməlin təxribat olduğunu qeyd edən soydaşlarımız bu cür hərəkətə, ermənilərə dəstəyə ancaq erməni əsilli şəxslərin yol verə biləcəyini vurğulayıblar. Cənublu soydaşlarımız hər zaman Azərbaycana dəstək olduqlarını, bundan sonra da azərbaycanlıların yanında olacaqlarını bildiriblər.

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fazil Mustafa cinayət əməlinin İranda yaşayan soydaşlarımızın hamısına aid edilmədiyini söyləyib:

 

“Hər bir xalqın içərisində elə şəxslər var, inzibati qayda pozuntusuna yol verirlər, cinayət törədirlər, belə istisnalar hamıya şamil edilmir. Azərbaycanda da İrana işləyən xeyli insan var. Buna əsaslanıb, hamını satqın, vətən xaini adlandırmaq olmaz! Ona görə, Ermənistana dəstək göstərən iki cinayətkarın İranda yaşayan soydaşlarımıza nə aidiyyəti var? Onlar başqa millətin nümayəndəsi ola bilər. Konkret bizim qayda-qanunları pozduğuna görə saxlanılıblar. Hara vətəndaşı olur olsun, kim olur olsun, bilməlidir ki, Azərbaycan qanunlarını poza bilməz.

 

Soydaşlarımızın hadisə ilə bağlı narahatlıq keçirməyinin isə heç bir əsası yoxdur. Meşə çaqqalsız olmaz. Bu məsələlərdə məsuliyyət fərdidir. Hadisənin bütöv bir xalqa, millətə aidiyyəti yoxdur. Bizim İranda yaşayan soydaşlarımız müharibə dövründə də daim dəstəyini ifadə ediblər. İrandan keçərək Ermənistana gedən maşınların qabağını kəsirdilər, onların haqqını dana bilmərik”.

 

Görünən odur ki, Ermənistan tərəfi Gorus-Qafan yolunda baş verən hadisələrdən İrandakı soydaşlarımıza qarşı təxribat cəhdi kimi istifadə etməyə çalışır. Saxlanılan sürücülərin kimliyi, onların hansı mövqedən çıxış etməsi bəlli olmasa da, ermənilərə yaxınlığı sirr deyil. Bəzi qüvvələr bununla İrandakı azərbaycanlıları təxribata çəkməyə və Azərbaycana qarşı yönəltməyə can atırlar. Lakin əminik ki, güneli soydaşlarımız Vətən Müharibəsində olduğu kimi, indiki situasiyada da belə qüvvələrə uymayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı