Modern.az

\"Biz\"ə MÜKAFAT verildi

\

15 Oktyabr 2021, 22:27

Oktyabrın 15-də İstanbulda VI Türk Dünyası Sənədli Film Festivalının qala gecəsi və mükafatlandırma mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, "Dünya Dili Türkcə" şüarı altında keçirilən festivala tələbə və peşəkar nominasiyası üzrə "Türk mədəniyyəti" və "Türkün dünyaya baxışı" mövzularında ümumilikdə 13 ölkədən 226 sənədli film təqdim olunub. Tələbə nominasiyası üzrə 10, peşəkar nominasiya üzrə isə 16 film final mərhələsinə keçib.

 

Ölkəmizdən festivala "Batalyon", "Son düşən qala", "Qalxan və qılınc" kimi bir çox ekran əsəri təqdim edilsə də, final mərhələsinə "Biz", "Son sütun", "Hədiyyə" və "Sonuncu" filmləri keçib.

 

Tədbirdə Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyevə "Biz" filminə görə "Münsiflər heyəti təşviq" mükafatı təqdim edilib.

 

Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən hazırlanan 41 dəqiqəlik "Biz" tarixi-sənədli filmi Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr olunub.

 

Ekran əsərinin ideya müəllifi və rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev, prodüseri C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov, operatorları Əli Əliyev və Ziya Babayev, səs rejissoru Azad Vəliyev, redaktorları Ayaz Mirzəyev və İlham Bərxudar, montajçısı isə Əsgər Rəhimovdur.

 

Filmdə Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qəhrəmanca döyüşən Azərbaycan əsgəri, eləcə də arxa cəbhədəki vətənpərvər sadə vətəndaşların bu tarixi Qələbənin əldə olunmasındakı rolu əks etdirilib.

 

Festivalda mükafatlandırılan filmlərin iştirakçı ölkələrdə nümayişi nəzərdə tutulur.

 

Festival Türk Dünyası Jurnalistlər Federasiyası, Türk Dünyası Mədəniyyət, İncəsənət və Film Vəqfi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə baş tutub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi