Modern.az

Həbsxana həyatı yaşayan dövlət başçıları - MARAQLI

Həbsxana həyatı yaşayan dövlət başçıları - MARAQLI

19 May 2014, 22:12

Həbsxana qapıları bəzən dövlət başçılarının, tanınmış siyasətçilərin üzünə də güniş açılır, soyuq divarlar, dəmir barmaqlıqlar onları ən adi məhkumlar kimi qəbul edir. Modern.az saytı həbsxana həyatı yaşayan dövlət başçıları haqqında yazını təqdim edir.


Vladimir
İliç Lenin

İlk kommunist dövlətinin yaradıcısı və rəhbəri olmuş Vladimir İliç Lenin hakimiyyətin dəyişilməsi uqrunda apardığı mübarizəyə və təbliğat işlərinə görə 1895-ci ildə həbs olunub. Fəal siyasətçi bir il dəmir barmaqlıqlar arasında qaldıqdan sonra üç il müddətinə sürgünə göndərilib.
Birinci Dünya müharibəsi başlananda Vladimir İliç Rusiyanın xeyrinə cəsusluqda şübhəli bilinərək Avstriya jandarmı tərəfindən növbəti dəfə həbs olunub. Avstriya parlamentinin üzvü Adlerin müdaxiləsindən sonra o, 1914-cü il avqustun 6-da azadlığa buraxılıb.



İosif Stalin

Iosif Stalin nə az, nə çox düz altı dəfə həbsxanaların “qonağı” olub. O yalnız bir dəfə siyasi baxışlarına görə həbs olunub. Digər həbslər isə əsasən soyğunçuluqla bağlı olub. Partiyanın maddi rifahının yaxşılaşması naminə Stalin istənilən cinayətlərə əl atıb. 20-ci əsrin soyğunçuluqla bağlı ən böyük cinayətlərinin biri də Stalinin adı ilə bağlıdır. Yaxın dostu Kamo ilə Tiflisdə 250 mun rublun oğurlanması dövrün ən səsli-küylü hadisələrindən biri olub və həmin məbləğ o dövr üçün fantastik rəqəm sayılıb.
Stalinin cinayət “yaradıcılığı”nın ən pik nöqtəsi isə “İkinci Nikolay” gəmisinə hücumu olub.



Adolf Hitler

Həbsxana divarlara arasına düşən siyasi liderlərdən biri də Adolf Hitlerdir. 1923-cü il noyabrın 8-də Münhen qiyamındakı təşkilatçılığına görə Hitler 1923-cü ilin noyabrından 1924-cü ilin dekabrına qədər Landsberq türməsində cəza çəkib.
Hitler türmənin ən rahat və şəraitli kamerasında saxlanılıb. Hətta onun kamerasını başqa məhbuslar təmizləyib. Cəza müddətində vaxtını boş keçirməyən Hitler türmədə olarkən “Mənim mübarizəm” kitabını qələmə alıb.



Fidel Kastro

26 iyul 1953-cü ildə Batista rejiminin devrilməsinə başçılıq edən 26 yaşlı Fidel Kastro məğlubiyyətə uğradıqdan sonra bir müddət gizlənsə də həmin ilin avqustun 1-də həbs olunub. Məhkəmə Kastronu 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. “Tarix mənə haqq qazandıracaq” deyən siyasətçi dörd il dəmir barmaqlıqlar arasında qaldıqdan sonra 1955-ci ildə azadlığa buraxılıb.



Nelson Mandela

Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti Nelson Mandelanın həbsxana həyatı daha uzun çəkib. Dəfələrlə həbs olunan Mandela 1956-cı ildə dövlətə xəyanətdə ittiham olunub, 1961-ci ildə bəraət alıb.
Afrika Milli Konqresinə liderlik edən Nelson Mandela 1964-cü ildə ömürlük həbs cəzasına məhkum olunub. 1990-cı ildə həbsdən buraxılıb və yenidən Afrika Milli Konqresinin lideri seçilib.



Uqo Çaves

1999-2013-cü illərdə Venesuela prezidenti olmuş Uqo Çaves 1992-ci ildə başçılıq etdiyi hərbi çeviriliş uğursuzluqla nəticələndikdən sonra özü dövlət orqanlarına təslim olub. Hadisənin bütün məsuliyyətini öz üzərinə götürən Çaves silahları yerə qoyması ilə bağlı tərəfdaşlarına müraciət edib.
Fevralın 4-də günorta saatlarında Çaves televiziya ilə canlı yayımda təslim olmağının səbəblərini açıqlayaraq vurğulayıb ki, qan tökülməmək naminə bu addımı atır. Daha sonra o bəyan edib ki, onlar öz mübarizələrini davam etdirəcəklər. Könüllü təslim olan Çaves və silahdaşları iki il həbsxana həyatı yaşayıblar.



İosip Broz Tito

Yuqoslaviyanın ilk prezidenti olmuş İosip Broz Titonun həyatından da həbsxana yan keçməyib. Hələ gənclik illərindən fəal inqilabi hərəkata qoşulan Tito Birinci Dünya müharibəsi illəri dövründə bir neçə dəfə həbs olunub. Kifayət qədər çevik insan olan İosip Broz Tito Yuqoslaviya türmələrindən qaşmağa da müvəffəq olub. Cəza müddəti zamanı o siyasi bilgilərini artırıb.



Cozef Estrada

1998-2001-ci illərdə Filippinin 13-cü prezidenti olmuş Cozef Estrada daha böyük ittihamlarla həbsxanaya göndərilib. O, 2000-ci ilin oktyabr ayında korrupsiya ilə bağlı ittiham olunub. Filippin Ali Məhkəməsi ölkə başçısını dövlət əmlakını mənimsəməkdə və korrupsiyada təqsirli bilərək onu ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Ancaq bir neçə aydan sonra ölkənin yeni prezidenti Cozef Estradaya amnistiya tətbiq edərək azadlığa buraxıb.



Səddam Hüseyn

1979-2003-cü illərdə İraqın 5-ci prezidenti olmuş Səddam Hüseynin aqibəti daha ağır olub. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş Səddam Hüseyn Bağdaddan qaçıb gizlənsə də dekabr ayında həbs edilərək həbsxanaya salınıb. 2006-cı il dekabrın 30-da isə İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam edilib.



Viktor Yanukoviç

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin türməyə iki dəfə yolu düşüb. 18 noyabr 2002-ci ildə Viktor Yanukoviç baş nazir təyin olunarkən Ukrayna Ali Radasına təqdim etdiyi tərcümeyi halında göstərilib ki, o birinci dəfə 1968-ci ildə həbs olunub və cəzasını yetkinlik yaşına çatmayanların kaloniyasında çəkib. İkinci dəfə isə sabiq prezident 1970-ci ildə orta dərəcəli bədən xəsarəti yetirməkdə təqsirli bilinərək məhkum olunub.

İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır