Modern.az

4 müəssisə, 7 sahə, 80 doktorant: Yeni layihənin detalları

4 müəssisə, 7 sahə, 80 doktorant: Yeni layihənin detalları

Təhsil

Bu gün, 13:31

Azərbaycanda ilk dəfə SABAH proqramı çərçivəsində kredit əsaslı doktorantura hazırlığına başlanılması ölkənin elmi və akademik mühiti üçün mühüm, mütərəqqi və yenilikçi addımdır. Bu təşəbbüs ali təhsillə elmi fəaliyyətin inteqrasiyasını sürətləndirməklə yanaşı, elmi mühitə beynəlxalq standartlara uyğun, rəqabətədavamlı və potensiallı gənc kadrların cəlb olunmasını hədəfləyir.

Bu fikirləri Modern.az-a açıqlamasında Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib.

Onun sözlərinə görə, SABAH doktorantura proqramı Azərbaycan elmi və akademik mühitində uzun illərdir mövcud olan struktur dəyişiklikləri ehtiyacına verilən çevik reaksiyadır:

“Bu, pilot layihədir və onun qabaqcıl elmi müəssisələrdə, fundamental fənlər üzrə tətbiqi prosesin strateji şəkildə planlaşdırıldığını göstərir. Ənənəvi doktorantura sistemi daha çox sovet dövründən qalan aspirantura modelinin davamıdır. SABAH doktorantura modeli isə Avropa ali təhsil məkanının prinsiplərinə əsaslanır. Bu baxımdan proqram elmi mühitin yenilənməsinə, beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edəcək”.

Ekspert qeyd edib ki, ənənəvi doktorantura ilə yeni model arasında əsas fərqlərdən biri strukturla bağlıdır. Ənənəvi sistemdə doktorant ilk gündən əsasən müstəqil tədqiqat aparır və dissertasiya üzərində çalışır. Yeni modeldə isə ilk iki il intensiv tədris və tədqiqat, son iki il isə daha çox tədqiqat mərhələsi nəzərdə tutulur.

“Ənənəvi doktorantura sistemində kredit mexanizmi yoxdur, əsasən minimum imtahanlar və müdafiə əsas şərt kimi çıxış edir. SABAH doktorantura modelində isə kredit əsaslı yanaşma, metodologiya və strukturlaşdırılmış fənlərin tədrisi var. Bu da doktorantların elmi hazırlığını daha sistemli formalaşdıracaq”, - deyə o vurğulayıb.

Ekspertin fikrincə, əvvəlki modeldə doktorantlar bəzən elmi müəssisədən kənarda çalışır, elmi fəaliyyət isə ikinci plana keçir. Bu da prosesdə formallığa səbəb ola bilir. Yeni modeldə isə doktorantın elmi-pedaqoji istiqamətdə rəsmi əmək fəaliyyəti ilə təmin olunması onun elmi mühitə daha sıx inteqrasiyasına imkan yaradır.

İ.Orucov bildirib ki, SABAH doktorantura proqramının mühüm üstünlüklərindən biri akademik yazı, tədqiqat metodologiyası və elmi etika kimi istiqamətlərin sistemli şəkildə öyrədilməsidir:

“Bu gün doktorantların bir çoxu tədqiqat metodologiyası və akademik yazı ilə bağlı çətinlik yaşayır. Yeni modeldə bu məsələlərin tədris proqramına daxil edilməsi dissertasiyaların elmi keyfiyyətini artıracaq. Eyni zamanda plagiat və metodoloji səhvlərin azalmasına müsbət təsir göstərəcək. Doktorantlar beynəlxalq indeksli jurnalların tələblərinə uyğun məqalələr yazmaq bacarığı qazanacaqlar”.

Bununla yanaşı, ekspert proqramın müəyyən risklərinin də olduğunu qeyd edib. Onun sözlərinə görə, ilk iki ildə həm dərslərdə iştirak, həm imtahanlara hazırlıq, həm də paralel şəkildə laboratoriya, arxiv, kitabxana və sahə tədqiqatlarının aparılması doktorantlar üçün ciddi yük yarada bilər.

“Burada əsas məsələ zamanın düzgün idarə edilməsidir. Əgər tədris qaydaları həddindən artıq nəzəri və bürokratik xarakter daşıyarsa, bu, doktorantların fundamental tədqiqat mövzularına fokuslanmasını gecikdirə bilər. Ona görə də proqram çevik, praktik və tədqiqatyönümlü qurulmalıdır”, - deyə ekspert əlavə edib.

İ.Orucov eyni zamanda yüksək məbləğli SABAH təqaüdünün də gənclərin elmə marağının artırılmasında mühüm rol oynayacağını bildirib:

“Gənclərin doktoranturadan uzaqlaşmasının əsas səbəblərindən biri maliyyə qeyri-müəyyənliyidir. Yaşayış xərclərini qarşılamaq üçün bir çox gənc tədqiqatçı əlavə işlərə və ya özəl sektora yönəlir. Dövlət təqaüdü, əlavə SABAH təqaüdü və rəsmi maaşla əmək fəaliyyəti onların maliyyə qayğılarını azalda, diqqətlərini elmə yönəltməyə şərait yarada bilər”.

Ekspert hesab edir ki, maliyyə təminatı vacib olsa da, uğurlu nəticə üçün sağlam elmi ekosistem formalaşdırılmalıdır. Bu ekosistemə keyfiyyətli elmi mühit, müasir infrastruktur, beynəlxalq mentorluq, şəffaf müdafiə prosesi və güclü akademik nəzarət daxildir.

“Xüsusilə fizika, kimya, biologiya kimi fundamental sahələrdə yalnız yüksək təqaüd kifayət deyil. Gənc tədqiqatçıların laboratoriya imkanlarına, beynəlxalq elmi əlaqələrə, güclü elmi rəhbərliyə və real tədqiqat mühitinə çıxışı olmalıdır. Əks halda, maliyyə motivasiyası təkbaşına gözlənilən nəticəni verməyə bilər”.

Məlumat üçün qeyd edək ki, bu ildən etibarən Azərbaycanda ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına start veriləcək. Belə ki, ilkin mərhələdə proqram 4 təhsil müəssisəsində - Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Ali Neft Məktəbində həyata keçiriləcək. Layihə çərçivəsində riyaziyyat, fizika, kimya, biologiya, yer elmləri, texniki elmlər və pedaqogika olmaqla 7 elm sahəsi üzrə 80 doktorantın hazırlanması nəzərdə tutulur.

Bundan əlavə, təhsil müddəti minimum 4 il olacaq. İlk 2 il tədris və tədqiqat, növbəti 2 il isə yalnız elmi tədqiqat fəaliyyətinə ayrılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV