Gürcüstanda miqrasiya siyasətinin daha da sərtləşdirilməsi ali təhsil almaq məqsədilə ölkəyə gəlmək istəyən əcnəbilərə də şamil ediləcək.
Modern.az gürcü mediasına istinadən xəbər verir ki, bu məqsədlə təhsil əsaslı yaşayış icazəsinin alınması qaydalarına yeni tələblər əlavə olunur. Dəyişikliklərə əsasən, əcnəbilər Gürcüstan universitetlərində təhsil almaq üçün gürcü dili biliyini təsdiqləməli olacaqlar.
Bununla yanaşı, ölkədə təhsil almaq üçün əsas sayılan sənədlərin siyahısını Gürcüstan hökuməti müəyyən edəcək.
Məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış və parlamentə təqdim olunmuş geniş qanunvericilik dəyişiklikləri paketi “miqrasiya axınlarının effektiv idarə olunmasına” xidmət edəcək.
Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib ki, təhsil məqsədli yaşayış icazələrindən bir çox hallarda təyinatı üzrə istifadə olunmayıb.
“Təəssüf ki, təhsil əsaslı yaşayış icazələri bir çox hallarda təyinatına uyğun istifadə edilmirdi. Biz təhsil əsaslı yaşayış icazəsinə malik şəxslərin bu hüquqdan məqsədindən kənar istifadə etdiyi çoxsaylı halları aşkarlamışıq. Bununla əlaqədar olaraq, konkret hüquqi tənzimləmə mexanizmləri tətbiq edilir”, - deyə o qeyd edib.
Qeyd edək ki, son məlumatlara əsasən Gürcüstanın ali məktəblərində 860 nəfər Azərbaycan vətəndaşı təhsil alır.