Qadınların təhsili bütövlükdə cəmiyyətin inkişafına təsir göstərən ən vacib amillərdən biridir.
Modern.az xəbər verir ki, bunu “Qızların Təhsilinə Dəstək” layihəsinin “II Məzun Günü – 2026” tədbirində Elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, qadınların təhsili gələcək anaların təhsilidir:
“Anaların təhsili isə öz növbəsində qız və oğlan uşaqlarının təhsilini şərtləndirən ən mühüm amillərdən biridir. Məhz buna görə qızların təhsilinə dəstək layihələrinin davamlı, dayanıqlı və əhatəli olması vacibdir”.
E.Əmrullayev bildirib ki, qızların təhsilinə dəstək yalnız ali təhsil mərhələsi ilə məhdudlaşmamalıdır:
“Qızların təhsilinə ən aşağı yaş qruplarından başlanılmalıdır. Onların təhsilə bərabər çıxış imkanlarının təmin olunması həm dövlətin, həm cəmiyyətin, həm də valideynlərin diqqət mərkəzində olmalıdır. Bu, şəhər və ya kənd yerində yaşamasından, ailənin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq bütün qız uşaqlarına aid edilməlidir”.
Nazir həmçinin vurğulayıb ki, aparılan tədqiqatlar bəzi yaş mərhələlərində qızların təhsildən uzaqlaşma riskinin artdığını göstərir:
“Bu dinamikanı dəyişmək üçün uzunmüddətli və sistemli fəaliyyətə ehtiyac var. Bu, üç və ya beş illik deyil, onilliklərlə davam edəcək bir yoldur. Lakin bu yola nə qədər tez başlasaq, nəticələri də bir o qədər tez görəcəyik.
Təhsil insan həyatını müsbət istiqamətdə dəyişə bilən ən güclü vasitələrdən biridir və qızların təhsilinə yatırılan hər bir investisiya gələcək nəsillərin inkişafına xidmət edir”, - deyə E.Əmrullayev əlavə edib.