Modern.az

Diaspor Komitəsi 22 yaşında...

Diaspor Komitəsi 22 yaşında...

Diaspor

5 İyul 2024, 13:26

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 22 ili tamam olur.

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. 

1993-cü ildə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaradıb. Ümummilli lider bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.

Zaman keçdikcə, diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət, birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq 2001-ci ilin may ayınn 23-də Ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzalayıb.

2002-ci ilin 5 iyulunda Ulu öndər Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalayıb. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd idi. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verib.

Ötən dövrün ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olub.

Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilib. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması məhz bu zərurətdən irəli gəlib.

Dövlətimizin, xalqımızın xarici ölkələrdə təmsil olunma payında diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. 

Dövlət Komitəsi bu işlərin koordinə edilməsində müstəsna rol oynayır və demək olar ki, artıq hər bir ölkədə azərbaycanlılar mütəşəkkil şəkildə fəaliyyət göstərirlər. Artıq siyasi düçüncəsindən asılı olmayaraq xaricdəki soydaşlarımız Vətən üçün, Azərbaycan üçün birgə fəaliyyət göstərirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. 

İkinci Qarabağ müharibəsində qələbədən sonra Azərbaycan diasporunun işində canlanma nəzərə çarpır.

Azərbaycan diasporu 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi zamanı özünün fəaliyyətində indiyəqədərki ən yüksək zirvəsinə çatdı. Müharibə zamanı nümayiş etdirilən birlik bu sahədə çox şeyin mümkün ola biləcəyini göstərdi. Hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız siyasi görüşündən, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərdi.

Müharibə dövründə də diasporun işinin koordinasiya edilməsi Dövlət Komitəsi tərəfindən həyata keçirilirdi.
 

Diaspor Komitəsi tərəfindən eyni zamanda ölkəmizin təbliği baxımından əhəmiyyətli işlər görülür. Belə ki, dünyanın müxtəlif ölkələrində Azərbaycan evləri yaradılıb. Bununla da həm soydaşlarımız Vətəndən kənarda  qəribçilik çəkmir, həmçinin əcnəbilər ölkəmiz haqqında məlumatlar toplaya bilirlər.

Bununla bərabər komitə tərəfindən ölkəmizdə yay düşərgələri də təşkil olunur ki, bu da xaricdə yaşayan yeni nəsil azərbaycanlıların ölkəmizlə bağlarını daha da möhkəmləndirmələri, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarını inkişaf etdirmələri, şəbəkələşmələri, yeni dostlar qazanmaları üçün fürsətdir.

Diasporla İş üzrə Dövlət Komitəsi bu gün xarici ölkələrdə azərbaycanlıların daha da mütəşəkkil təşkilatlanması məqsədilə ardıcıl tədbirlər görməkdədir...

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi