Modern.az

Moskva görüşü: Nələr olacaq? - ŞƏRH

Moskva görüşü: Nələr olacaq? - ŞƏRH

Analitika

13 Aprel 2023, 11:40

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib ki, Azərbaycan və Ermənistan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək. O qeyd edib ki, Bakı ilə İrəvan Rusiyanın görüş təklifini qəbul edib. Zaxarova görüşün hansı səviyyədə keçiriləcəyini və nə vaxt baş tutacağını açıqlamayıb.

 

"Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına yardım göstərmək istiqamətində səyləri zəifləmir", - Zaxarova deyib.


Bu görüşdə hansı razılaşmalar əldə oluna bilər? Azərbaycanın təklifi nə olacaq?


Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Qabil Hüseynli qeyd edib ki, Rusiya Vaşinqtonda görüşün keçirilməsi ilə bağlı xəbərdən sonra yenidən moderator rolunu ələ almaq istəyir.


"Rusiyanın hərəkətlərini başa düşmək o qədər də çətin deyil. Çünki ruslar moderator funskiyasını ələ alaraq sülh sazişinin imzalanmasına tam nəzarət etmək istəyir. Bununla da Cənubi Qafqazda olan mövqelərini qoruyub saxlamağa, hətta gücləndirməyə çalışır. Rusiya İrəvanın reveranslarını da nəzərə alaraq, onları nəzarətdə saxlamaq üçün gizlicə Ermənistan siyasi rəhbərliyi ilə müəyyən sövdələşmələrin aparılmasını da istəyir. Beləliklə son vaxtlar Qərbə doğru meyillənən Ermənistanın yenidən Rusiya ilə yaxınlaşmaq cəhdləri rusların sülhyaratma prosesini ələ almasına şərait yaradıb. Təbii ki, onların bu missiyasının uğurlu nəticə verəcəyinə inanmıram", - sabiq dövlət müşaviri deyib.

 

 

Q.Hüseynli vurğulayıb ki, bölgədə problem yaradan və onu uzun müddət dondurulmuş vəziyyətdə saxlayan tərəf məhz Rusiyadır:

 

"İkinci Qarabağ müharibəsindən sonra Qərb tərəfindən bir sıra uğurlu cəhdlər olub. Bunların hər birinin pozulması Rusiyanın məsələyə müdaxiləsi ilə nəticələnib. İndi yenə də Rusiya Vaşinqtonda görüş olacağı söhbəti ortaya çıxan kimi tərəfləri müəyyən rıçaqlardan istifadə edərək görüşü təmin edib. Amma bu görüşdən möhkəm və dayanıqlı sülhün və yaxud qismən hazır olan sülh müqaviləsinin razılaşdırılmasının sürətlənəcəyini söyləmək asan deyil. Hər halda ümid edirik ki, Rusiya imperiya ədalarından uzaqlaşacaq, bölgəyə tərəfsiz yanaşacaq. Yalnız belə etsə, Rusiya tərəflərin etimadını qazana bilər. Çünki başqa yanaşmalar Vaşinqton görüşünün yenidən aktuallaşmasına gətirib çıxaracaq.

 

Azərbaycan üçün əsas məsələ bütün Qarabağ iqtisadi rayonunda suverenliyini bərpa etmək olacaq. Ölkəmiz bununla yanaşı orada yaşayan ermənilərin reinteqrasiya olunması haqqında məsələni ön plana çıxaracaq. Ermənistan Azərbaycanın bu səylərini üzdə dəstəkləsə də, gizlicə qızışdırıcı siyasətini davam etdirir. Həmçinin İran da bölgəyə Ermənistan vasitəsilə təsir edir. Azərbaycan Qarabağ üzərində suverenliyinin təmin edilməsinə nail olmaq fikrindədir. Ermənistan konstruktiv mövqe tutaraq Qarabağda olan separatçılara dəstək verməkdən imtina etsə, bölgədə sülh yarana bilər. İndi Kremlin bu məsələ ilə bağlı hansı reveransları önə sürəcəyini əvvəlcədən demək çətindir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var