Rusiyanın “Yeni Qafqaz Siyasəti”: Putin Azərbaycanı niyə təhdid edir... - ŞƏRH

Rusiyanın “Yeni Qafqaz Siyasəti”: Putin Azərbaycanı niyə təhdid edir... - ŞƏRH

Analitika

2 Dekabr 2022, 10:54

“Rusiyanın 44 günlük müharibənin son günü Qarabağda reallaşdırmağa başladığı "Yeni Qafqaz Siyasəti" davam edir. Söhbət Ermənistanın (daha doğrusu, Rusiyanın) Azərbaycana qarşı başlatdığı təcavüzün "status quo" vəziyyətindən gedir. Bu isə 1988-ci ilin əvvəllərində həyata keçirilmiş siyasətin təkrarı deməkdir”.

Modern.az xəbər verir ki, bunu “Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu Rusiyanın Cənubi Qafqaza yönəlik siyasətini şərh edərkən bildirib.

Onun sözlərinə görə, 44 günlük müharibənin ardınca yaranan hərbi-siyasi vəziyyət əksər əlamətləri ilə 1988-ci ilin əvvəllərini xatırladır.

“Bir o fərqlə ki, ermənilər Hadrutu itirib, biz isə Xocalını qaytarmamışıq. Xocalıda soyqırımı törədən 366-cı alayı isə bu gün sayca ondan iki dəfə çox olan Rusiya "sülhməramlıları" əvəz edir”.

Siyasi şərhçinin sözlərinə görə, Rusiya Qarabağın dağlıq hissəsində yeni separatçı liderlər yetişdirməkdə və bədnam "Üçtərəfli Bəyanata" əsasən tərksilah etməli olduğu qanunsuz erməni silahlı dəstələrini silahlandıraraq yeni təxribatlara ruhlandırmaqdadır. Amma Kremlin köhnə "yeni siyasəti" bununla da məhdudlaşmır.

“Moskva həm Ermənistanda, həm də Azərbaycanda siyasi destabilizasiya yaratmaq üçün yeni-yeni layihələrə start verməkdədir. Bəs belə destabilizisiya Rusiyanın nəyinə lazımdır? Bunun üçün ən azı iki səbəb var:

1. Bölgəni öz nəzarətinə qaytarmaq
2. Onun üzərindən öz geosiyasi maraqlarını reallaşdırmaq.

Göründüyü kimi, bütün bu, çoxpilləli siyasət yuxarıda göstərilən səbəblərdən (əsasən) ikincinin həyata keçirilməsinə yönəlib. Qalan bütün addımlar isə zəncirin ayrı-ayrı halqalarıdır”.



Ekspertin sözlərinə görə, 30 il əvvəlki dövrdən ciddi bir fərq də odur ki, indi Rusiya Cənubi Qafqaza təsir məsələsində tək deyil. Bunu da mövcud regional və geosiyasi vəziyyət diqtə edir. Elə bu səbəbdən də Moskva növbəti Azərbaycan - Ermənistan müharibəsini təhrik etməkdə çətinlik çəkir.

“Həm də ona görə ki, onun geosiyasi rəqibləri (onlar isə az qala bütün regional və qlobal güclərdir) Azərbaycan - Ermənistan münasibətlərinə müdaxilə etməklə Rusiyanın planlarına ciddi şəkildə mane olurlar. Onlar sülh danışıqlarını davam etdirməkdə israrlıdırlar və həm də prosesə real təsir imkanlarına malikdirlər.

Belə olduğu halda da təklənmiş Putin rejiminin hər iki ölkədə siyasi destabilizasiya yaratmaqdan başqa yolu qalmır. Ona görə ki, yalnız siyasi destabilizasiya Rusiyanın bölgəyə hərbi müdaxiləsinə rəvac verə bilər. Amma belə bir ssenarini reallaşdırmaq da ilk baxışdan göründüyü qədər sadə deyil.

Belə ki, bir çox məsələlərdə Moskva ilə razılaşmağa hazır olan yerli hakimiyyətlər öz maraqlarını qorumaq məsələsində kifayət qədər qətiyyətlidirlər. Paşinyan hakimiyyətini KTMT-nin vasitəsilə dəstək vəd etməklə şirnikləndirən Moskvanın İrəvanı savaşa sürükləmək planı fiaskoya uğradı. Paşinyan yekun sənədə imza atmadı.

Azərbaycanla bağlı vəziyyət isə daha mürəkkəbdir: Bakının müttəfiqlərinin və tərəfdaşlarının həm sayı, həm də böyük siyasətə təsiri yetərincədir. Belə olduqda da Kremlin Azərbaycanın xaricindəki resurslarını səfərbər edərək Əliyev hakimiyyətini təhdid etməklə vəziyyəti dəyişməkdən başqa yolu qalmır”.

Ə.Orucli xatırladıb ki, bu metoddan əvəllər də idtifadə edən Putin rejiminin hələ 2013-cü ilin prezident seçkiləri ərəfəsində yaratdığı "Milyarderlər İttifaqının" əsas missiyası da təhdid aləti rolunu oynamaq idi.
 

“Amma həmin (və ya eyni sxem üzrə işləyən) alət də bu gün səmərəsiz ola bilər. Əvvəla ona görə ki, artıq bölgə ətrafında durum 9 il əvvəlki deyil, ikincisi - Azərbaycanı dəstəkləyən tərəflər var, üçüncüsü - vəziyyətə nəzarəti əldə saxlamaq məqsədilə atılan addımlar daxili sabitliyi qorumaq imkanlarını artırır.

Bir amili də qeyd etməmək yanlış olardı: Ukraynaya qarşı başlatdığı müharibə nəticəsində ağır sanksiyalara məruz qalan Moskvanın resursları da həmin dövrdəki qədər deyil. Rusiya oliqarxlarının az qala hamısı total sanksiyalara məruz qaldığından onlar zəhər dişi çəkilmiş ilandan artıq ola bilməzlər. Əksinə, İlham Əliyev hakimiyyətinin vəziyyəti o dövrdəkindən daha sabitdir”.
 



Siyasi şərhçi bildirib ki, 2013-cü ildə bir dəstə oliqarxı birləşdirməklə məqsədlərinə nail olmağa çalışan Rusiyanın indiki mərhələdə rəsmi Bakını ayrı-ayrı oliqarxlarla təhdid etməsi nəinki səmərəsiz, hətta kontrproduktiv ola bilər.

“Yaranmış vəziyyətdə özünə təhlükə hiss edən Əliyev hakimiyyəti Rusiya 5-ci kolonuna zərbələrini intensivləşdirə bilər”.

Belə olduqda Moskva daha hansı addımları ata bilər?

Ə.Oruclunun fikrincə, daha inandırıcı görünən Azərbaycanı Qarabağın dağlıq hissəsindəki separatçılara qarşı hərbi əməliyyatlara çəkmək olar ki, bu da Rusiyaya 2008-ci il Gürcüstan ssenarisinə əl atmağa imkan yaradardı.

“Amma burada da hər şey 2008-ci ildə Gürcüstanda olduğu kimi sadə deyil. Əvvəla, Qarabağdakı "sülhməramlıların" heç bir mandatı və hətta rəsmi statusu da yoxdur. İkincisi, bu halda "Şuşa Bəyənnaməsi" işə düşə bilər. Üçüncüsü, Azərbaycan sadəcə hələlik heç bir aktiv əməliyyata əl atmaya bilər.

Bunun üçün öncə "sülhməramlıları" müntəzəm olaraq məlum bəyanatın şərtlərini pozmaqda ittiham etmək əməliyyata hazırlıq mərhələsi kimi və vaxt udmaq baxımından daha səmərəli variant ola bilər. Vaxt isə konkret halda və konkret məsələdə Moskvanın əleyhinə işləyir. Hələlik görünən də budur.

Amma bunu da unutmamalıyıq ki, 300 illik imperiyanın istər resursları, istərsə də təsir vasitələri düşündüyümüzdən qat-qat çoxdur. Odur ki, xarici təsir vasitələrinin imkanlarının məhdud olduğu şəraitdə diqqət əsasən daxilə yönəldilməlidir.

Bunun da yeganə səmərəli və etibarlı yolu cəmiyyət-hakimiyyət münasibətlərinin sağlam müstəviyə keçirilməsidir mki, bu halda ölkə daxilində dayanıqlı ictimai-siyasi sabitliyə nail olmaq mümkündür”, - Ə.Oruclu qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə dəhşət davam edir: Daha iki zəlzələ