Modern.az

Tarixi səfər: Azərbaycanla Pakistan arasında strateji tərəfdaşlıq DƏRİNLƏŞİR

Tarixi səfər: Azərbaycanla Pakistan arasında strateji tərəfdaşlıq DƏRİNLƏŞİR

16 İyul 2024, 16:50

İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Pakistana rəsmi səfər edib. Prezident İlham Əliyevin qarşılanma mərasimi yüksək səviyyədə təşkil edilib. Belə ki, Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən Pakistan HHQ-nin qırıcıları havaya qaldırılıb. 

 

İslamabadda İlham Əliyev Pakistan Baş naziri Şahbaz Şərif və həmkarı Asif Əli Zərdari ilə görüşüb. Görüşlərdə bir çox sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. İki ölkənin Xarici İşlər nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, tranzit və preferensial ticarət, mineral ehtiyatlar və geologiya, informasiya texnologiyaları və kommunikasiyalar, elm və texnologiya, kiçik və orta sahibkarlıq və digər sahələr üzrə sazişlər imzalanıb, həmçinin 2024-2029-cu illər üzrə mədəni mübadilə proqramının mübadiləsi olub.

 

Şahbaz Şərif Pakistan xalqının Azərbaycan Prezidentinə olan ehtiramını ifadə edib, iki xalq arasında qarşılıqlı sevgi və qardaşlıq hisslərinin olduğunu bildirib. O, İslamabadın Qarabağ məsələsində Bakıya, Azərbaycanın isə Kəşmir probleminin nizamlanmasında Pakistana güclü dəstəyini xatırladıb. Prezident İlham Əliyev isə Pakistan və Azərbaycan xalqlarının çətin zamanlarda bir-birinin yanında olduğunu, 2020-ci ildə Vətən müharibəsi zamanı İslamabadın öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verdiyini qeyd edib, eyni zamanda, Bakının Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəklədiyini deyib.

Səfər çərçivəsində Pakistan Hərbi Hava Qüvvələrinin müşayiətini diplomatik protokol baxımından qiymətləndirsək, bu, həm çox nadir görülən bir məsələdir, eyni zamanda böyük hörmət əlaməti olaraq nümayiş etdirilən dostluq və əməkdaşlıq münasibətlərin fövqündə dayanan yanaşmadır. 

 

Pakistan-Azərbaycan Məzunları Birliyinin qurucusu, strateji kommunikasiyalar üzrə pakistanlı ekspert Qayser Nəvvab Modern.az-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana dövlət səfəri tarixi əhəmiyyət daşıyır:

 

"Bu səfər iki ölkə arasındakı qardaşlığa əsaslanan sıx əlaqələrin yeni erasının başlanğıcı olub. Prezident İlham Əliyevin səfəri ilə bağlı diqqətçəkən məqamlardan biri ölkələrimiz arasında ikitərəfli investisiyanın həcminin 2 milyard dollara yüksəldilməsi barədə razılaşmanın əldə edilməsidir. Pakistanın Baş naziri Şahbaz Şərifin mətbuata bəyanat zamanı ifadə etdiyi bu öhdəlik qarşılıqlı inkişaf üçün imkanlar vəd edir. Baş nazir bu ilkin rəqəmin başlanğıc olacağına ümid etdiyini bildirərək cari ilin payızında Azərbaycana gözlənilən səfəri zamanı mühüm sazişlərin imzalanacağından əminliyini ifadə edib.

 

Prezident İlham Əliyevin səfər çərçivəsində İslamabadda Milli Aerokosmik Elm və Texnologiya Parkı ilə tanışlığı müdafiə sektorunda strateji tərəfdaşlıq üçün yeni yollar açacaq. Azərbaycan Prezidenti ilə görüşü zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edən Pakistan Prezidenti Asif Əli Zərdari iki ölkənin hər zaman bir-birinə qarşılıqlı dəstək göstərdiklərini xatırladıb. Elmi və texnoloji əməkdaşlıq haqqında razılaşmalar isə innovasiya və tədqiqat sahəsini inkişaf etdirərək, yeni iqtisadi imkanlar yaratmağı hədəfləyir. Azərbaycanla Pakistan arasında əməkdaşlığın şaxələndirilməsi Azərbaycanın regional iqtisadi inteqrasiyada rolunu gücləndirir. Bu əlaqələr Türk dövlətləri üçün də sabitlik və iqtisadi inkişafı təşviq etmək baxımından önəmlidir”.

Qayser Nəvvab vurğulayıb ki, xalqlarımız arasında əsl qardaşlıq, etimad və səmimiyyət üzərində qurulmuş köklü əlaqələri daha da dərinləşdirməyin əsl məqamıdır. Xüsusilə də iki ölkənin gəncləri arasında əlaqələri gücləndirməklə çox şeyə nail olmaq mümkündür.

 

“Düşünürəm ki, Pakistan və Azərbaycanın 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində “İqlim diplomatiyası qardaşlığı ili” elan etməsi məqsədəuyğun olardı. Gənc liderlər və gənc nəsil arasındakı dostluq əlaqələrimizi davam etdirmək onları daha da gücləndirmək üçün mühüm əhəmiyyət daşıyır. Gənclər bütün sahələrdə fəallıq nümayiş etdirirlər, onların qarşılıqlı inam və hörmətə əsaslanan sıx əməkdaşlığa çox ehtiyacı var. Bütün sahələrdə birgə əməkdaşlığımız üçün imkanlarımız böyükdür.

 

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim sammiti hər iki xalq üçün əlamətdar hadisədir. Pakistanın Baş nazirinin qeyd etdiyi kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29 inkişaf etməkdə olan ölkələrin, o cümlədən Pakistanın üzləşdiyi iqlimlə bağlı problemlərin səmərəli şəkildə həllinə töhfə verəcək. Mən bu tədbiri gənclərin səslərini çatdırmaq və iqlim dəyişikliyi ilə mübarizə üçün davamlı həll yollarını müdafiə etmək üçün mühüm fürsət kimi görürəm”, - deyə ekspert vurğulayıb.

O, həmçinin deyib ki, Prezident İlham Əliyevin kəşmirlilərin hüquqlarını müdafiə etməsi, beynəlxalq hüquqa və ədalətə sadiqliyi hər iki xalqın dəstəklədiyi prinsiplərlə səsləşir.

 

“Enerji, əlaqə, infrastruktur və müdafiə sənayesi layihələri üzrə müzakirələr, birgə sərmayələrlə bağlı danışıqlar Azərbaycanın və Pakistanın birlikdə irəlilədikləri uğurlu gələcəyə yol açır. Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana dövlət səfəri sayəsində diplomatik əlaqələrimizin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi və strateji əməkdaşlığın dərinləşdirilməsi istiqamətində də yeni səhifələr açılıb. Qardaşlar olaraq indi və əbədi şəkildə bir-birimizi dəstəkləməyə, daha parlaq sabahlara doğru irəliləməyə davam edəcəyik”, - deyə Qayser Nəvvab fikirlərini yekunlaşdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri