Modern.az

Bayden geri çəkildi: Harris Amerikanın ilk qadın prezidenti olacaq?

Bayden geri çəkildi: Harris Amerikanın ilk qadın prezidenti olacaq?

Analitika

23 İyul 2024, 16:54

Məlum olduğu kimi, hazırkı ABŞ prezidenti Co Bayden seçkilərdə iştirak etməyəcəyini elan edib. Onun bu qərara gəlməsi proseslərin gedişini tamamilə fərqli məcraya yönəldib. Böyük təzyiqlər, çağırışlar və müraciətlərdən sonra Bayden seçki debatındakı zəif performansının bədəlini siyasi karyerasının bitməsi ilə ödəmiş oldu. Demokrat Partiyasının yeni namizədini rəsmi şəkildə bir neçə gün sonra elan edəcəyi gözlənilir.

 

Lakin indiki vitse-prezident Kamala Harrisin namizədlik yarışında Baydeni əvəzləyəcəyi əksər dairələrdə şübhə doğurmayan məqam kimi qəbul olunur. Donald Trampın rəqibinin Kamala Harris olması ABŞ siyasətində xeyli dəyişikliklər yarada bilər. Əvvəlcə qeyd edək ki, Bayden Harrisə tam dəstəyini açıqladı və bəyan etdi ki, 4 il əvvəl onun vitse-prezident olması özünün həyatında verdiyi ən yaxşı qərardır.

 

BBC-nin məlumatına görə, gözlənilən odur ki, Demokratlar Partiyasında mütləq əksəriyyətin - xüsusi nüfuzu olan funksionerlərin, rəy öndərlərinin, rəhbər heyətin və s. xeyli hissəsi Baydenin rəyinə uyğun olaraq Harrisin namizədliyini müdafiə edəcəklər. Bununla belə, fərqli mövqedə olan demokratlar da yox deyil. Harrisin dəstəkçilərinin praktiki və siyasi səbəbləri arasında onun Baydenin "dublyor"u olmasının - prezidentə bir şey olacağı təqdirdə vitse-prezidentin onu əvəzləməsi qaydasının da rolu var.

 

Doğrudur, bu qayda hakimiyyət müddətində qüvvədədir, amma görünür, Demokratlar qeyri-rəsmi olaraq bu qaydanı davam etdirmək niyyətindədirlər. Digər bir məqam isə ondan ibarətdir ki, Kamala Harris ABŞ tarixində prezidentliyə ilk qaradərili qadın namizəd kimi düşə bilər və bunun qarşısının alınması Demokratlar Partiyasının nüfuzuna xələl gətirə bilər.

 

 

Noyabrda keçiriləcək seçkilərlə bağlı aparılmış müxtəlif sosioloji rəy sorğuları göstərir ki, Harrisə ictimai dəstək ən azı Bayden qədər aşağıdır. Bu baxımdan Trampla rəqabətdə siyasi vəziyyət Baydenin onunla qarşılaşmasından çox da fərqlənmir. Qeyd etmək lazımdır ki, 2020-ci il prezidentlik yarışında da Harris Demokratların namizədi olmaq istəyirdi, lakin buna müvəffəq ola bilmədi.

 

O, yarışdan geri çəkilmək məcburiyyətində qaldı. Bu dəfə isə Harris daha uğurlu görünür. Respublikaçıların Baydenə qarşı yaş məsələsi ilə bağlı apardıqları kampaniya Harrisin namizədliyində Trampın özünə qarşı çevrilə bilər. Harris 78 yaşlı rəqibindən xeyli gəncdir. Digər tərəfdən, Harrisin namizədliyi irəli sürülsə, Respublikaçılar Partiyası onu hazırkı administrasiyanın zəif cəhətləri ilə əlaqələndirməyə çalışacaqlar.

 

İstənilən halda, Demokratlar və Respublikaçılar Partiyalarının seçki yarışı üzrə hazırkı vəziyyətində bir əhəmiyyətli fərq var: Respublikaçıların namizədi bəllidir - Donald Tramp. Demokratlar isə elan etdikləri namizədin geri çəkilməsi ilə yeni namizədlərini hələ rəsmi olaraq müəyyənləşdirməyiblər. Bu faktorun seçicilərin qərarına necə təsir edəcəyini proqnozlaşdırmaq çətindir.

 

Sonda o da vurğulanmalıdır ki, ikipartiyalı siyasi sistemlə idarə olunan ABŞ-da iqtidarda bu partiyalardan hansının olması müəyyən fərqlər yaratsa da, beynəlxalq münasibətlərlə bağlı əksər məsələlərdə oturuşmuş xarici siyasət institutu olan Vaşinqton o qədər də kəskin siyasi kurs dəyişikliyinə getməyəcək. Qlobal arenada ABŞ tarixən üzərinə götürdüyü geopolitik missiyanı yerinə yetirməyə davam edəcək.

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri