Modern.az

Bir imzanın böyütdüyü Azərbaycan – “Əsrin müqaviləsi”nin nəticələri

Bir imzanın böyütdüyü Azərbaycan – “Əsrin müqaviləsi”nin nəticələri

Analitika

Bu gün, 15:34

1994-cü il sentyabrın 20-də Bakının “Gülüstan” sarayında imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın bütün iqtisadi həyatında dönüş nöqtəsinə çevrildi.

Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan saziş imzalanarkən ölkə müharibədən yenicə çıxmış, iqtisadi tənəzzül və hiperinflyasiya ilə üz-üzə qalmışdı. Xarici investorlar üçün Azərbaycan böyük potensialla yanaşı, yüksək risklər daşıyan ölkə hesab edilirdi.

Modern.az "Əsrin müqaviləsinin" əsas iqtisadi göstəricilərini araşdırıb.

İqtisadiyyat 20 faizlik tənəzzüldən artıma keçdi

Dünya Bankının məlumatlarına görə, 1994-cü ildə Azərbaycan iqtisadiyyatı 19,7 faiz kiçilmişdi. Tənəzzül 1995-ci ildə də davam etmiş və ümumi daxili məhsul daha 11,8 faiz azalmışdı.

Ancaq 1996-cı ildən etibarən vəziyyət dəyişməyə başladı. Həmin il iqtisadiyyatda 1,3 faiz artım qeydə alındı. Artım tempi 1997-ci ildə 5,8, 1998-ci ildə 10, 1999-cu ildə isə 7,4 faizə çatdı.

Beləliklə, “Əsrin müqaviləsi”nin imzalandığı il təxminən 20 faiz kiçilən Azərbaycan iqtisadiyyatı beş il sonra 7,4 faizlik artım nümayiş etdirirdi. 1994–1999-cu illərin ümumi nəticəsində real iqtisadiyyat təxminən 11,7 faiz böyümüşdü.

ÜDM təxminən 4 dəfə artdı

1994-cü ildə Azərbaycanın nominal ümumi daxili məhsulu cəmi 1,19 milyard dollar təşkil edirdi. 1999-cu ildə bu göstərici 4,58 milyard dollara yüksəldi.

Başqa sözlə, ölkə iqtisadiyyatının dollar ifadəsində həcmi beş ildə 3,8 dəfə artdı.

Eyni dövrdə adambaşına düşən nominal ÜDM 157 dollardan 574 dollara çatdı. Bu göstərici də təxminən 3,7 dəfə yüksəldi.

Nominal göstəricilərə inflyasiya və məzənnə dəyişikliklərinin də təsir göstərdiyini nəzərə almaq lazımdır. Buna baxmayaraq, rəqəmlər iqtisadiyyatın miqyasında baş verən dəyişikliyi aydın göstərir.

Xarici sərmayə 23 dəfə çoxaldı

“Əsrin müqaviləsi”nin ilkin mərhələdə ən böyük təsiri xarici sərmayə axınında hiss olundu.

1994-cü ildə Azərbaycana daxil olan birbaşa xarici investisiyanın həcmi cəmi 22 milyon dollar idi. 1999-cu ildə bu rəqəm 510,3 milyon dollara çatdı. Beləliklə, illik xarici sərmayə həcmi beş ildə 23 dəfə artdı.

1995–1999-cu illər ərzində Azərbaycana ümumilikdə 3,6 milyard dollardan çox birbaşa xarici investisiya yatırıldı. Ən yüksək göstərici 1997-ci ildə qeydə alındı: həmin il ölkəyə 1,1 milyard dollardan çox sərmayə daxil oldu.

1997-ci ildə birbaşa xarici investisiyanın həcmi Azərbaycan ÜDM-nin 28,1 faizinə bərabər idi. Bu göstərici 1994-cü ildə cəmi 1,8 faiz təşkil edirdi.

Hiperinflyasiya dayandırıldı

1994-cü ildə Azərbaycan iqtisadiyyatının ən ağır problemlərindən biri qiymət artımı idi. Həmin il istehlak qiymətləri üzrə inflyasiya 1662,2 faizə çatmışdı.

1995-ci ildə inflyasiya 411,8, 1996-cı ildə 19,8, 1997-ci ildə isə 3,7 faizə endi. 1998 və 1999-cu illərdə ölkədə deflyasiya qeydə alındı.

İnflyasiyanın aşağı salınması təkcə neft müqaviləsinin nəticəsi deyildi. Sərt pul-kredit siyasəti, büdcə intizamı və iqtisadi islahatlar da sabitləşmədə mühüm rol oynadı. “Əsrin müqaviləsi” isə ölkəyə sərmayə və xarici valyuta axınının əsas dayaqlarından birinə çevrildi.

Neft hasilatı 44 faiz artdı

1994-cü ildə Azərbaycanda 9,6 milyon ton neft hasil edilirdi. 1999-cu ildə hasilat 13,8 milyon tona yüksəldi. Beş ildə ölkənin neft hasilatı təxminən 4,2 milyon ton və ya 44 faiz artdı.

“Əsrin müqaviləsi” üzrə ilk neft 1997-ci ilin noyabrında “Çıraq” yatağından çıxarıldı. Bundan sonra Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün alternativ marşrutlar yaradıldı.

1998-ci ildə neft Bakı–Novorossiysk, 1999-cu ildə isə Bakı–Supsa kəməri ilə ixrac olunmağa başladı. Beləliklə, müqavilənin imzalanmasından beş il sonra Azərbaycan nefti artıq iki istiqamətlə dünya bazarlarına çıxarılırdı.

1999-cu ilin dekabrında Azərbaycanın mənfəət nefti ilə doldurulan ilk tanker dünya bazarına yola salındı. Elə həmin il dekabrın 29-da neft gəlirlərinin toplanması və idarə edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradıldı.

32 il sonra: 1,2 milyard dollarlıq iqtisadiyyatdan 129 milyard manatlıq ÜDM-ə

“Əsrin müqaviləsi”nin yaratdığı iqtisadi dönüş sonrakı illərdə daha böyük miqyas aldı.

1994-cü ildə Azərbaycanın nominal ümumi daxili məhsulu 1,19 milyard dollar təşkil edirdisə, 2025-ci ildə ölkədə 129,1 milyard manatlıq ÜDM istehsal olunub. Mövcud rəsmi məzənnə ilə bu, təxminən 75,9 milyard dollara bərabərdir.

Beləliklə, Azərbaycanın nominal iqtisadiyyatı dollar ifadəsində 1994-cü illə müqayisədə təxminən 64 dəfə böyüyüb.

2025-ci ildə ölkə iqtisadiyyatı əvvəlki illə müqayisədə 1,4 faiz artıb. Adambaşına düşən ÜDM isə 12 602 manata, yəni təxminən 7 413 dollara çatıb. 1994-cü ildə bu göstərici cəmi 157 dollar idi.

2026-cı ilin yanvar-avqust aylarında da iqtisadi artım davam edib və ÜDM istehsalı daha 1,2 faiz yüksəlib.

Neft Fondunda 73,5 milyard dollarlıq aktiv

“Əsrin müqaviləsi”nin mühüm nəticələrindən biri neft gəlirlərinin gələcək nəsillər üçün toplanması və idarə edilməsinə xidmət edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması oldu.

1999-cu ildə yaradılan Fondun aktivləri 2025-ci ilin sonunda 73 milyard 541,5 milyon dollara çatıb. Bu, Azərbaycanın 1994-cü ildəki bütün iqtisadiyyatının dollar ifadəsində həcmindən təxminən 62 dəfə çoxdur.

Təkcə 2025-ci ildə Dövlət Neft Fondunun neft-qaz sazişlərinin həyata keçirilməsindən əldə etdiyi gəlirlər 10 milyard 266,3 milyon manat təşkil edib. Bunun 8 milyard 292,9 milyon manatı “Azəri-Çıraq-Günəşli” yataqlarının payına düşüb.

Neft gəlirləri ötən illərdə dövlət büdcəsinin maliyyələşdirilməsinə, infrastrukturun yenilənməsinə, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsil və digər sosial layihələrin həyata keçirilməsinə yönəldilib.

Azəri-Çıraq-Günəşli”dən yüz milyonlarla ton neft hasil edildi

“Əsrin müqaviləsi” imzalanarkən “Azəri-Çıraq-Günəşli” yataqlarının çıxarıla bilən neft ehtiyatları 511 milyon ton qiymətləndirilirdi. Sonrakı kəşfiyyat və qiymətləndirmə işləri nəticəsində ehtiyatların həcmi daha da artırıldı.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2026-cı il yanvarın 1-dək burada qaz kondensatı ilə birlikdə təxminən 670,3 milyon ton neft və 508,6 milyard kubmetr təbii qaz hasil olunub.

2025-ci ildə ölkə üzrə qaz kondensatı ilə birlikdə 27,7 milyon ton neft hasil edilib. Bunun 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb.

BP-nin məlumatına görə, 2025-ci ildə AÇG-də orta gündəlik hasilat 330 min barel təşkil edib. İl ərzində yataqlar blokundan ümumilikdə 120 milyon barel və ya təxminən 16 milyon ton neft çıxarılıb.

Bir müqavilədən beynəlxalq enerji xəritəsinə

“Əsrin müqaviləsi” neft hasilatını artırmaqla yanaşı,Azərbaycanı Xəzər hövzəsi ilə dünya bazarlarını birləşdirən enerji mərkəzinə çevirdi.

İlk illərdə Bakı–Novorossiysk və Bakı–Supsa kəmərləri istifadəyə verildi. Daha sonra Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi reallaşdırıldı.

Beləliklə, 1994-cü ildə dünyanın aparıcı enerji şirkətlərini Bakıda bir araya gətirən müqavilə sonrakı onilliklərdə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyindəki mövqeyini formalaşdırdı.



32 ilin nəticəsi

1994-cü ildə Azərbaycan iqtisadiyyatı 19,7 faiz kiçilir, ölkədə hiperinflyasiya hökm sürür, birbaşa xarici sərmayənin həcmi cəmi 22 milyon dollar təşkil edirdi.

İlk beş ildə iqtisadiyyat tənəzzüldən artıma keçdi, xarici sərmayə 23 dəfə çoxaldı, neft hasilatı 44 faiz yüksəldi. Sonrakı onilliklərdə isə Azərbaycanın ÜDM-i 129,1 milyard manata, Dövlət Neft Fondunun aktivləri 73,5 milyard dollara çatdı.

Bu nəticələrin hamısını təkcə bir müqavilə ilə izah etmək düzgün olmazdı. İqtisadi islahatlar, dövlət siyasəti, neftin dünya bazarındakı qiyməti və sonrakı enerji layihələri də inkişafda mühüm rol oynayıb.

Ancaq həmin proseslərin başlanğıc nöqtəsi 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında atılan imzalar oldu. “Əsrin müqaviləsi” neft yataqlarının işlənilməsinə dair sazişdən çıxaraq Azərbaycanın iqtisadi və geosiyasi inkişaf yolunu müəyyənləşdirən tarixi sənədə çevrildi.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı