Arxiv
16 Aprel 2011, 12:26 | İQTİSADİYYAT
İşğala görə tərk etdiyi ölkənin 55 il sonra prezidenti oldu - HEKAYƏT - FOTOLENT

Millət vəkili Qənirə Paşayeva “Tarixə adını yazan Qadınlar” silsiləsini yazır

O, Latviyanın ilk qadın prezidenti kimi adını TARİXƏ yazıb.

O, bütövlükdə Şərqi Avropada ilk qadın prezident olub!

O, cəmi 8 il içərisində (1999 - 2007) ölkəsinin həm Avropa Birliyinə, həm də NATO-ya üzv olmasına nail olan dövlət xadimidir.

O, bu gün də beynəlxalq siyasətdə xüsusi fəallığı ilə seçilən, BMT-nin baş katibinin xüsusi elçisi, 2006-cı ildə BMT-nin baş katibliyinə rəsmi namizəd olmuş zərif xanım, güclü və peşəkar siyasətçi, əsl LİDERdir.

Bu qadın, bu gün də dünyanın ən məşhur və nüfuzlu siyasətçilərindən biri sayılan, Latviyanın ilk qadın prezidenti olmuş Vaira Vike-Freiberqadır (Vaira Vike-Freiberga)!

2010-cu ildə Bakıya səfəri zamanı onunla təxminən bir həftə vaxtı birlikdə keçirmək, çoxlu söhbətlər etmək və müxtəlif mövzular ətrafında çoxlu müzakirələr aparmaq imkanım oldu. Bu bir həftə ərzində Vaira Vike-Freiberqa Azərbaycanı, Bakını, azərbaycanlıları yaxından tanımaq imkanına malik oldu, ölkəmizi və xalqımızı sevdiyini xüsusi vurğuladı. Çox ağıllı, savadlı, dünyagörüşlü bir qadın olmaqla yanaşı, onun ən gözəl xüsusiyyətləri arasında sadəliyi, səmimiliyi, mehribanlığı və açıq danışması ən xoşuma gələn xüsusiyyətlərindəndir. Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkün həyatı yaşayan 1 milyon azərbaycanlının 15 ildən artıqdır öz yurd-yuvasına dönə bilməməsi, münaqişə ətrafındakı bugünkü vəziyyət barədə müzakirələr aparırdıq. Onun Bakıya səfəri zamanı bu istiqamətdə verdiyi açıqlamalar, BMT-nin bu münaqişənin tənzimlənməsi istiqamətində rolunun artırmasının vacibliyini vurğulaması həm də onun ədalətli bir siyasətçi, lider olmasından xəbər verirdi.


Onunla söhbət zamanı Tarixə Adını Yazmış Qadınlar haqqında kitab hazırladığımı deyəndə ona bu ideya çox maraqlı gəlmişdi. Hətta qısa zaman ərzində kitaba qoyulması üçün bir ön söz də yazıb göndərdi. Çox dəyərli fikirlərin öz əksini tapdığı yazını Azərbaycan oxucusu ilə yanaşı, özümə qarşı da bir diqqət və hörmət sayaraq ona xüsusi təşəkkürümü bildirdim. Xüsusilə onun qadınların inkişafı, onların cəmiyyətlərdə və dövlətlərdə, dünyada rolunun artmasına dair düşüncələri olduqca maraqlı və əhəmiyyətlidir!

Yadımdadır, səfərin sonunda mən ona iki şir heykəlciyin çiyinləri üzərində saxladığı və zamanı bizə xatırladan saatı hədiyyə edəndə «Gücünüz və zamanınız daha da bol olsun ki, bundan sonra da dünya üçün və ölkələrimizin əməkdaşlığının daha da artması istiqamətdə uğurlu fəaliyyətinizi davam etdirəsiniz, Azərbaycanı və bizi unutmayasınız” - deyərkən “heç vaxt” - deyə cavab verdi və ölkəmizin onun qəlbində xüsusi yer tutduğunu vurğuladı. Xüsusilə Azərbaycan prezidenti ilə söhbətlərdən çox razı qalmışdı, “Azərbaycan özünün uğurlu dövrünü yaşayır” - deyərək, təkrar Azərbaycanı görəcəyindən hər zaman məmnun olduğunu vurğulayırdı. O, Azərbaycan musiqisi, mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı kitablar, materiallarla yanaşı Bakıdan, Qəbələdən, Azərbaycan insanından xoş təəssüratlarını da özü ilə aparırdı!

Heydər Əliyev adına hava limanında yola salma mərasimində vidalaşmazdan əvvəl mənə “bilirəm ki, şer və musiqi ilə yaxından maraqlanırsınız, ona görə də sizə özümün kitablarımdan birini hədiyyə etmək istəyirəm” - dedi. «Latvian Sunn Sonq Melodies» adlanan kitabda Latviya xalqının böyük mədəniyyətinin bir hissəsi olan xalq mahnıları, folklor nümunələrinin toplusu öz əksini tapıb. Çox maraqlı kitabdır. Burada həmin mahnılar notlarda öz əksini tapıb, onun altında latış və ingilis dilində həmin mahnının sözləri yazılıb. Aşağıda isə bu xalq mahnısının, folklor nümunəsinin tarixi kökləri, rəvayəti, əfsanəsi və s. Mədəniyyəti bundan gözəl necə təbliğ etmək olar? O, bu kitabı yazanda Latviyanın prezidenti olub. Bu kitabı ən gözəl hədiyyələrdən biri kimi saxlayıram. Ümumiyyətlə, Vaira Vike-Freiberqa ölkəsinin inkişafı ilə yanaşı mədəniyyəti, tarixi üçün də çox işlər görüb və özü də bir neçə kitabın müəllifidir.

Xanım Vaira Vike-Freiberqa Azərbaycanın əməkdar artisti, gözəl müğənnimiz Tünzalə xanım Ağayevanın ifasında mənim müəllifi olduğum bir neçə mahnını dinləmişdi və xoşuna gəlmişdi. Təbii ki, Tünzalə xanımın ifası ona xüsusi ləzzət etmişdi. Və hava limanında ayrılan zaman “bilirəm ki, pianoda çalırsınız, artıq kitabınız da var. Latviya mədəniyyəti və folklorunun nümunələrini notlara baxıb çala, sözlərə baxıb zümzümə də edə bilərsiniz” - dedi. Onların musiqilərini sevdiyimi və mütləq latış mahnılarını daha yaxından çalmaq və yaxşı səsim olmasa da zümzümə də etməyi öyrənəcəyimi və bundan böyük ləzzət alacağımı da zarafatla dedikdən sonra ayrıldıq. Yenidən görüşmək ümidi ilə… Üstəlik TARİXƏ ADINI YAZAN QADINLAR kitabının ilk nüsxələrindən birini avtoqrafla ona göndərəcəyimə söz də verdim… Dünya TARİXİNƏ adını əbədiyyən yazmış bu böyük QADININ həyat yolu çox maraqlı olub. Heç bir çətinliyə yenilməyib, arzularının və ideallarının arxasınca gedib və qısa müddət ərzində dünyada haqqında ən çox danışılan adamlardan birinə çevrilib…

***

Vaira Vike-Freiberqa 1937-ci il dekabrın 1-də Riqada anadan olub. Dənizçi Karlis Vikislə Annamariya Vikenin ailəsində dünyaya gələn Vairanın uşaqlığı çətinliklər içində keçib. Onun doğulmasından bir neçə həftə sonra atası Atlantik okeanında faciəli şəkildə həlak olur. Bir neçə il sonra anası dənizçi Edqar Xermanoviçlə evlənir. 1944-cü ildə, keçmiş Sovet İttifaqının Latviyanı ikinci işğalı başlayan zaman onun ailəsi Almaniyaya üz tutur.

Vaira orta təhsilini ilkin olaraq Lübekdəki (Almaniya) qaçqın düşərgəsində latış məktəbində alıb, sonra – 1949-cu ildə ailəsi ilə birgə Mərakeşə köçməsi ilə bağlı orada, fransız orta məktəbində oxuyub, fransız dilini öyrənib. Sonra Kasablankadakı Mers Sultan Gənc Qızlar Kollecində təhsilini davam etdirib. Vairanın 16 yaşı olanda ailəsi yenə köç havasında idi: bu dəfə Kanadaya köçürdülər... Beləliklə, Baltikyanı diyarda – Latviyada doğulan Vaira, Avropada başladığı orta təhsili okeanın o tayında bitirir.

Vaira işləməklə yanaşı, burada yüksək ali təhsil də alır. 1958-ci ildə Toronto Universitetinin Viktoriya Kollecini bakalavr dərəcəsi ilə bitirən Vaira, 1960-cı ildə burada psixologiya üzrə magistr dərəcəsi alır.

Xanım Prezident öz ana dili ilə yanaşı ingilis, fransız, ispan, alman, habelə italyan və portuqal dillərində də danışa bilir. Dilləri mükəmməl bilməsi onun “özkeçmiş”inə əvvəlcə tərcüməçilik (1958-ci il), sonra isə Ontario Qızlar Kollecinin yuxarı siniflərində ispan dili dərsi deməyi “yazıb”. Universiteti bitirdikdən sonra o, Toronto Psixiatriya xəstəxanasında klinik psixoloq kimi işləməyə başlayıb. 1961-ci ildə, təhsilini davam etdirmək üçün Torontonu tərk edib Monreala gələn Vaira, 1965-ci ildə buradakı universiteti eksperimental psixologiya sahəsi üzrə xüsusi dərəcə ilə bitirib. Sonra isə Maktilla Universitetində eksperimental psixologiya üzrə doktorluq dərəcəsi alıb.

Peşəkar fəaliyyəti


1965-ci ildən 1998-ci ilə kimi Vaira Vike Monreal Universitetinin professoru kimi psixologiya fakültəsində psixofarmakologiya və psixolinqvistika, elmi nəzəriyyələr, təcrübə metodları, dil və şüur prosesi üzrə dərs deyib.

O, yaddaş, dil və düşüncə (təfəkkür), dərmanların təsiri də daxil olmaqla psixologiya sahəsində araşdırmalar aparıb. Onun eksperimental tədqiqatı yaddaş prosesi və dillə bağlı olub. Bu dövr ərzində o, 10 kitabın, 160-dan çox məqalənin müəllifi olub, 250-yə yaxın mühüm elmi-ictimai məzmun daşıyan çıxışlar edib, radio, televiziya və mətbuata müxtəlif dillərdə aktual mövzulu müsahibələr verib. (Xanım Vike-Fraiberqin “Mədəniyyət və Latış kimliyi” kitabı (həm adı, həm məzmunu etibarı ilə) diqqəti xüsusi ilə cəlb edir. Bu kitab latış dilini bilməyən qeyri-latışlar üçün nəzərdə tutulub. O, latış mədəniyyətinin qorunmasının vacibliyini vurğulayaraq, “Latviyada yaşayan, lakin latış dilini yaxşı bilməyən vətəndaşlarımızı rədd edə bilmərik, onlar Latviyanı öz evləri kimi sayıb, yaşayıb və Latviya üçün çalışırlar” - deyə fikrini bildirir.)

Üstəlik, o, həm də, latış emiqrantları arasında latış xalq mahnıları, bu mahnıların poetika və strukturunun öyrədilməsi (bütövlükdə latış folklorunun öyrədilməsi); sözügedən sahədə, belə deyək, maarifləndirmə işi ilə ün qazanıb. O, fəaliyyəti xarakterini, xarakteri fəaliyyətini tamamlayan insanlardandır!

O, Kanada Elmlər Akademiyasının (Royal Society of Canada) fransız dili şöbəsinin prezidenti olub. Bu dövr ərzində o, milli və beynəlxalq elmi təşkilatlarda, Kanada dövlət və elmi komitələrində önəmli vəzifələr tutub və idarəetmə təcrübəsinə yiyələnib. Xanım siyasətçi o vaxtlar sosial elmlər və bəşəri dəyərlərin təbliği sahələrində nailiyyətlərinə görə müxtəlif medal və ödüllərlə təltif olunub.

Aktiv ictimai fəaliyyəti və daşıdığı elmi-ictimai vəzifələr ona ün qazandırıb, şöhrət gətirib. Kanadadakı çalışmaları onun həyatında daha bir səhifə – Brüssel səhifəsi açıb və o, NATO-nun “İnsan faktoru” elmi proqramının rəhbəri vəzifəsində çalışmağa başlayıb. Ancaq taleyinə fərqli ölkələr, fərqli vəzifələr yazılmış xanım Freiberqa yenə okeanın o tayına, amma bu dəfə güney Amerikaya yola düşür. Onu Braziliya parlamentində Konstitusiya islahatları üzrə komissiyada Kanadanı təmsil etməyə dəvət etmişdilər (1989). O, eyni zamanda, elmi cəmiyyətin rəhbərliyini də öz üzərinə götürmüşdü.

Vaira Vikenin uğurlu elmi, ictimai fəaliyyətini nəzərə alan Latviya Elmlər Akademiyası onu “Böyük medal”la təltif edib. O, həmçinin bir çox digər akademiyaların ödüllərinə layiq görülüb, bir sıra Universitetlərin (o cümlədən, Bakı Dövlət Universitetinin) “fəxri doktor”u adını alıb.

O, folklor nəzəriyyəsi, ümumi folklor, latış milli mahnıları haqqında 7 kitabın müəllifi və həmmüəllifidir. O, Latviyanı kənardan tanıtmış xanım ictimai-siyasi xadim, alim olaraq Latviyanın Üç Ulduz Ordeni, habelə bir sıra xarici ölkələrin ödülləri ilə təltif olunub. Nəhayət, 1997-ci ildə Kanadadan Latviyaya dönən Vaira Vike, Baş nazir tərəfindən, ölkəsinin dünyada obrazını formalaşdırmağa məsul olan (yeni təsis edilmiş) Latviya Universitetinin rektoru təyin edilir (19 oktyabr 1998-ci il). Bu vəzifə onun illərlə könüllü surətdə ölkədən kənarda apardığı işlərin məntiqi sonluğu (davamı!) kimi ona həm çox yaraşırdı, həm də onun haqqı idi! Ancaq bu hələ “haqq”ın, “yaraşığ”ın və “son”un tam sonu deyildi, təbii. O Latviyaya daha böyük vəzifələrdə gərək idi! (Ona da öz milli istəklərini həyata keçirmək üçün səlahiyyət gərək idi.)

Prezidentlik

1999-cu ildə Vaira Vike Latviyanın prezidenti seçildi. O, öncə prezidentliyə namizədliyini irəli sürməsə də Latviya seymi tərəfindən irəli sürüldü və iyunun 20-də Prezident seçildi!

...O, iyulun 8-də Prezidentlik andı içdi. Rəy sorğularında onun reytinq göstəriciləri 75-80 % təşkil edirdi və ikinci dəfə 20 iyun 2003-cü ildə 96 səsdən 88-ni toplayaraq, yenidən Prezident seçildi.

O, Latviya Konstitusiyasının Prezidentə verdiyi hüquqlardan fəal şəkildə istifadə edib, Latviyanın Avropa Birliyi və NATO-ya üzv seçilməsinə nail olub!

O, çoxsaylı beynəlxalq törənlərdə iştirak edib və sosial problemlər, mənəvi dəyərlər, Avropa tarixi dialoqu və demokratiya ilə bağlı çıxışlar edib. Prezidentliyi dövründə şəhər və kəndləri gəzərək seçiciləri ilə tanış olur və il ərzində onlardan minlərlə məktub alıb, problemlərin həlli istiqamətində yorulmadan çalışır, əlindən gələni edir, insanların sevimlisinə çevrilirdi.

O, ölkəsinin “1 saylı kreslo”sunda əyləşsə də, öz ixtisasından, sevimli elm sahəsindən – psixolinqvistika, semiotika və ölkəsinin şifahi xalq ədəbiyyatının analizləri ilə bağlı işlərindən də imtina etməmişdi.

2005-ci ilin aprelində BMT-nin baş katibi Kofi Annan Vika Freiberqanı dünya liderlərindən ibarət müfəssəl islahatlar gündəliyinin təbliğatı qrupunun üzvü təyin etdi. 2005-ci ilin sentyabrında üç Baltikyanı ölkə rəsmi şəkildə onun BMT-nin baş katibliyinə namizədliyini elan etdi (Lakin 5 oktyabrda o öz namizədliyini geri götürdü).

Prezidentliyindən sonra

2007- ci ilin iyulunda prezidentlik müddətinin başa çatmasından sonra Vaira Vike Freiberqa geniş miqyaslı beynəlxalq mərasimlərdə çıxış etməyə dəvət olunub. O, Madrid Klubunun banisi, Xarici Əlaqələr üzrə Avropa Şurasının üzvü və bir neçə fondun fəxri hamisidir. 2008-ci ildə o, Tolerantlıq və Barışıq üzrə Avropa Komissiyasının üzvü oldu. 2008-ci ilin yaz semestrində o, Harvard Universitetinin, Con Kennedi Kollecinə Elmi Cəmiyyətin üzvü kimi dəvət olunmuşdu. O, həmçinin Avropa Tarix Müəllimləri Assosiasiyasının Məsləhət Şurasına təyin olundu.

O, Avropa Şurasının prezidentliyinə ilk qadın namizəd olub. Vika Lissabon Sazişi əsasında Federal Avropanın yaradılmasını arzuedilən hesab edir.

Ailəsi və şəxsi həyatı


Vike Monreal Universitetində kompüter texnologiyaları üzrə professor İmants Freiberqslə ailə qurub. Şəxsən yaxından tanıyan bir insan kimi deyə bilərəm ki, gözəl bir insan, maraqlı bir ziyalı və alimdir. O, Latviya İnformasiya texnologiyaları və Telekommunikasiya Assosiasiyasının prezidenti olub. Onlar Torontoda, Latviyalı Tələbələr Klubunda tanış olublar.

Onların iki övladı var – Karlis və İndra. Onlar dövlət və özəl təşkilatlara məsləhətlər təklif edən “VVF Konsaltinq” kompaniyasının əsasını qoyublar.

Oğlu Karlis Latviyada yaşayır, qızı İndra Londonda işləyir.

Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberqa teleaparıcılıq karyerasına başlayıb. O, yerli televiziyada – 1-ci kanalda efirə çıxan “Biz varıq” proqramının aparıcısıdır. Proqram Latviyanın obrazına və özünüdərkinə, habelə, ölkənin Avropada və dünyadakı yerinə həsr olunub. Eks-prezident verilişin mövzusunu və həmsöhbətlərini özü seçir. Veriliş ayda bir dəfə, ilk həftənin şənbə günü efirə çıxır.

Qeyd edək ki, Vaira Vike-Freiberqa, prezidentlikdən getdikdən sonra Avropa Komissiyasının məsləhətçisi təyin olunub, həmçinin Avropa Birliyinin müstəqil ekspert qrupu olan “Müdriklər Şurası”nın rəhbərliyinə daxil edilib.

Medal və Ödülləri

Vike-Freiberqa siyasi fikirlərinə görə Hannah Arendt (2005- ci il), Avropanın gələcəyi və milli özünüdərkin mənasını müəyyənləşdirdiyinə görə İmperator Otto ödülü (2007), Azadlıq və Azad ticarəti təbliğ etdiyinə görə Hayek ödülü (2009) və bir çox digər ödüllərə layiq görülüb. O, 37 Əmək ordeni və 16 “Fəxri Doktor” adı alıb. Latviya Elmlər Akademiyasının, Kanada Kral Cəmiyyətinin və Belçika Kral Akademiyasının üzvüdür. Keçmiş Prezidentin “kolleksiya”sında Almaniyanın, Yunanıstanın, Norveçin, Estoniyanın, Litvanın, Rumıniyanın, Fransanın, Macarıstanın, Finlandiyanın, Sloveniyanın, Bolqarıstanın, Portuqaliyanın, Polşanın, İtaliyanın, Slovakiyanın, İspaniyanın, Belçikanın, Ukraynanın və digər bir neçə ölkənin yüksək dövlət orden və medalları var.

Prezident barədə 4 bioqrafiya çap olunub və 2008-ci ildə “Üçqat Günəş” adlı sənədli film çəkilib.

***

Xanım Freiberqanın həyat və fəaliyyəti ilə tanışlıq göstərir ki, o hələ psixologiya, psixofarmakologiya və psixolinqvistika ilə; elmi nəzəriyyələr, təcrübə metodları, dil və şüur prosesi üzrə tədqiqatlarla məşğul olarkən də – peşəkar siyasətə gəlmədiyi vaxtlar olsa da, taleyi onu siyasət meydanı üçün doğduğunun fərqində olub: Latviya, Almaniya, Mərakeş, ABŞ, Kanada, Braziliya, Latviya... Və bu uzun həyat yolçuluğu onun siyasətçi kimliyinə də psixoloji, elmi, təcrübi məzmun bəxş edib, göstərilən sahələrə (ixtisas sahələrinə aid) yükümlülük gətirib! Ancaq ünlü Azərbaycan filosofunun təbirincə desək, o, “Yükümüzdən böyük fərəhimiz yoxdur” deməyi bacarır, daha doğrusu, bunu bacardığını işi ilə şəkilləndirirdi! O, ixtisaslı siyasətinin, siyasətli ixtisasının, siyasətə yazılan taleyinin, taleyinə yazılan siyasətin gərəyini həyata keçirib! Təbii, bu hər ömrə qismət olmur. Amma hər qismət də Ömürləşmir, təbii...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsu iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerika daha nümunə ola bilmir: Dünyanın heyrətlə baxdığı institutun iç üzü – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05 Bakıda Çilinin müstəqilliyinin 209-ci ili qeyd edilib 22 Sentyabr 2019, 11:56 Selcan o statusu niyə YAZDI? - Fuad Qəhrəmanlı aydınlıq gətirdi 22 Sentyabr 2019, 11:56 Sabah Azərbaycanda payız başlayacaq 22 Sentyabr 2019, 11:36 Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO 22 Sentyabr 2019, 11:20 Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə doğulub   22 Sentyabr 2019, 10:50 Yaponiyada 400-dən çox aviareys təxirə salındı 22 Sentyabr 2019, 10:36 Qubanın dağlıq kəndlərinə qar yağıb 22 Sentyabr 2019, 10:32 Şirvanda transformator yanıb   22 Sentyabr 2019, 10:27 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “Problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47 İran, Çin və Rusiya ilə birgə hərbi təlimlərə hazırlaşır 21 Sentyabr 2019, 22:33 Rektor tələbələrə daha 10 tövsiyə verdi 21 Sentyabr 2019, 22:10 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı 21 Sentyabr 2019, 21:58 Gecə klubundakı atışmada 2 nəfər ölüb   21 Sentyabr 2019, 21:39