Modern.az

MİDA bu gün 174 güzəştli mənzili satışa çıxardı və...  

MİDA bu gün 174 güzəştli mənzili satışa çıxardı və...   

İqtisadiyyat

25 Yanvar 2019, 13:28

Mənzil İnşaatı Dövlət Agentliyinin (MIDA) Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarda yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin satışı prosesinə 25.01.2019-cu il tarixində saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə başa çatdırılıb.

Bu barədə MİDA-dan Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, 24 may 2017-ci il tarixli Fərmanla təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 174 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 10242 nəfərdir.

Güzəştli mənzillərin ilk satışı zamanı 324 mənzilin seçimində 4542 şəxs iştirak etmişdisə, bugünkü satış zamanı 174 mənzilin seçimində iştirak edənlərin sayı 5909 nəfər olub. Bu isə güzəştli mənzillərə vətəndaşların tələbatının və marağının yüksək olduğunun göstəricisidir.

Bu saata olan məlumata görə, seçilmiş 174 mənzilin 160-ı vətəndaşlar tərəfindən imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı