Arxiv
14 mart 2019, 11:05 | MÜSAHİBƏ
“Hədəfimiz İrəvan, Göyçə, Zəngəzur, bütövlükdə Qərbi Azərbaycandır!” - MÜSAHİBƏ

Əziz Ələkbərli: “Qərbi Azərbaycan İcması ictimai təşkilat olduğu üçün ölkədaxili siyasi proseslərə qarışmayacaq”

 

Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:


- 30 ilə yaxındır ki, Qarabağ erməni işğalı altındadır. Lakin bizim bir də Qərbi Azərbaycan itkimiz var...


- Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi, onun gerçək tarixi Sovet dövründə Azərbaycan elmi-ictimai fikri üçün xeyli dərəcədə qapalı zona olub. Yəni o coğrafiya Azərbaycan Respublikasının hüdudlarından kənarda qaldığı, “başqa respublikanın ərazisi” olduğu üçün Azərbaycan alimləri tərəfindən öyrənilməsinə imkan verilməyib. Erməni alimləri üçün də bu, maraqlı olmayıb, çünki onlar yaxşı bilirdilər ki, bu ərazi tarix boyu Azərbaycan-türk torpaqları olub, ermənilər isə ora bəlli bir tarixdə gəliblər və bu tarix o qədər də uzağa getmir. Bütün bunların nəticəsi olaraq, Azərbaycan etnik mədəni sisteminin tərkib hissəsi olan o ərazilərin bütün maddi və mənəvi dəyərləri zaman-zaman qəsb və talanlara məruz qalmışdır. Nəticə göz qabağındadır, ermənilərin iki yüz ildən bəri yeritdiyi qəsbkarlıq və erməniləşdirmə siyasəti nəticəsində o torpaqlar bu gün bütövlükdə erməni işğalı altındadır, o torpaqlarda min illərdən bəri yaşayan türk-müsəlman əhali tamamilə qovulub çıxarılmış, onların əsrlər boyu yaratdığı maddi mədəniyyət abidələri ya məhv edilmiş, ya da erməniləşdirilmişdir.


- Bu yaxınlarda soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu deportasiyasının 30 ili tamam oldu...


- Bəli, həmin hadisələrdən çox böyük bir tarix keçməyib. 1988-ci il Azərbaycan tarixinə təkcə Qarabağ hadisələrinin başlandığı il kimi düşmədi, həmin il biz Qərbi Azərbaycan dediyimiz tarixi torpaqlarımızı itirdik. 29,8 min kvadrat kilometrlik bu ərazi son qarışına qədər tarixi Azərbayacan torpaqlarıdır, bu torpaqlar bizə babalardan miras qalmışdı, lakin biz, millət olaraq, o torpaqları qoruya bilmədik.


- Sanki həmin torpaqlar uğrunda mübarizə həmişə bir qədər arxa planda olub...


- Elədir. 1988-ci ildə xalqımız böyük bir fəlakətlə üz-üzə qaldı. O vaxtkı SSRİ rəhbərliyinin ermənipərəst siyasəti nəticəsində Ermənistan Azərbaycana qarşı ərazi iddiası qaldırdı və Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparmağa çalışdı. Bütün Azərbaycan xalqı kimi, Qərbi Azərbaycandakı soydaşlarımız da ermənilərin bu işğalçılıq siyasətinə qarşı mübarizəyə qalxdılar. Lakin əfsus ki, Azərbaycanın o vaxtkı satqın rəhbərliyi “Ermənistandakı” soydaşlarımızı müdafiə etmədi və nəticədə əliyalın, müdafiəsiz əhali soyqırımla müşayiət olunan deportasiyaya məruz qaldı. Yüz minlərlə insanımız ata-baba yurdlarından qovulub çıxarıldı, yüzlərlə azərbaycanlı bu prosesdə ermənilər tərəfindən qətlə yetirildi, yaralandı. Bu hadisələrə o vaxtkı Azərbaycan rəhbərliyinin laqeyd münasibətindən ürəklənən ermənilər Qarabağ uğrunda fəaliyyətlərini daha da gücləndirdilər, daha dəqiq desək, bu münaqişəni silahlı mübarizə müstəvisinə keçirdilər. Dağlıq Qarabağın azərbaycanlı kəndləri bir-bir işğal olunmağa başladı. Bununla da bütün millətin diqqəti Qarabağa yönəldi və ermənilərin Qərbi Azərbaycanda törətdiyi vəhşiliklər arxa plana keçdi. Bu, ermənilərin ənənəvi hiyləsi idi. Bundan sonra növbəti faciələr, Azərbaycanın torpaq itkiləri, bir milyona yaxın məcburi köçkün axını və s. baş verdi.


- Son zamanlar cəmiyyətdə bir fəallıq hiss olunur. Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, sizin hədəflərinizi bilmək istərdik.


- Son zamanlar cəmiyyətdə müşahidə olunan fəallıq cənab prezidentin həyata keçirdiyi islahatlarla bağlıdır. Xalq hər bir hakimiyyətdən vaxtaşırı yeniliklər gözləyir. Bizim cəmiyyətin də belə islahatlara ehtiyacı vardı və buna görə də həyata keçirilən son islahatları böyük coşqu ilə qarşıladı. Azərbaycan Qaçqınlar Cəmiyyəti də bu islahatları ürəkdən dəstəkləyir. Lakin Cəmiyyət olaraq bizim əsas hədəfimiz, tarixi torpaqlarımız uğrunda mübarizədir. Bu mübarizə tarixi Azərbaycan torpaqlarının son qarışı qaytarılana qədər davam edəcək. Təəssüf ki, bu məsələdə hələ ki heç bir irəliləyiş, canlanma yoxdur. Cənab Prezident çıxışlarında dəfələrlə deyib ki, İrəvan, Göycə, Zəngəzur, bütövlükdə Qərbi Azərbayacan tarixi Azərbaycan torpaqlarıdır, biz gec tez o torpaqlara qayıdacayıq və bu, bizim strateji hədəfimizdir. Əgər Prezident dövlətin strateji hədəfini bu qədər dəqiq göstərirsə, dövlətin bütün qurumlarının borcudur ki, bu hədəfə doğru mübarizəyə öz töhfəsini versin. Amma təəssüf ki, heç bir dövlət qurumunda biz bu yöndə əməli fəaliyyət görmürük. Hansı dövlət qurumuna müraciət etsəniz ki, 1988-ci il hadisələri zamanı Qərbi Azərbaycandan neçə nəfər qaçqın düşüb, neçə kənddən soydaşlarımız qovulub çıxarılıb, neçə abidəmiz, neçə qəbiristanlığımız məhv edilib, neçə nəfərimiz ermənilər tərəfindən qətlə yetirilib, neçəsi yaralanıb, soydaşlarımıza nə qədər maddi ziyan dəyib – cavab verə bilməyəcək, gözlərini döyüb qalacaqlar. Bu, biabırçılıqdır! Bunun çox sadə bir adı var – milli xəyanət və tarix qarşısında məsuliyyətsizlik! Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, tam bir imkansızlıq şəraitində biz bütün bu məsələlərlə məşğul olmağa çalışırıq, cənab prezidentin göstərdiyi hədəf uğrunda mübarizə aparırıq. Amma bu bir Cəmiyyətin işi deyil, üstəlik dövlət tərəfindən heç bir maddi və mənəvi dəstəyi olmayan Cəmiyyətin! Bu, Qarabağ torpaqlarının işğaldan azad edilməsi qədər önəmli bir məsələdir. Bu məsələdə buraxılan səhvlər, ötürülən zaman, itirilən faktlar üçün hər kəs tutduğu vəzifə səviyyəsində gələcək nəsillər qarşısında cavab verməli olacaq. Zaman gözləmir, o hadisələrin şahidləri sürətlə dünyasını dəyişir. Biz isə hələlik ancaq onu edə bilirik ki, millətin erməni işğalı altında olan tarixi torpaqlarımıza bağlılığının qırılmasına imkan verməyək. Torpaqlar əvvəl mənəvi cəhətdən qaytarılır, sonra fiziki cəhətdən. Yəni millət həmin torpaqları əvvəl özünün Ata Yurdu kimi dərk eləməlidir, həmin torpaqların tarixi Azərbaycan torpaqları olduğu millətin şüuruna yeridilməlidir. Bundan sonra heç bir qüvvə bu millətin həmin ata-baba yurdlarına qayıdışının qabağını saxlaya bilməz. Onda Qarabağ da qayıdacaq, İrəvan, Göyçə, Zəngəzur da. Bizim Cəmiyyətimiz də bu gün ilk növbədə bu işlə məşğuldur.


- Bu günlərdə Qərbi Azərbaycan İcması deyilən bir qurum yaratmısınız...


- Əslində bu, bir sosial sifariş idi. İllərdir insanlar Qərbi Azərbaycan torpaqlarının zaman keçdikcə unudulması təhlükəsini yaşayırdı. Yaşlı nəslimiz Vətən həsrəti ilə dünyasını dəyişir, orta nəsil torpaqlara qayıtmaq ümidini itirir, gənclərimiz ata-baba yurdları haqqında söhbətlərə nağıl kimi qulaq asmağa başlayırdılar. Bu, millətin böyük bir kəsiminin mənəvi soyqırımının davam etməsi deməkdir. Ən dəhşətlisi isə odur ki, bu ikinci – mənəvi soyqırımını ermənilər yox, öz millətimizdən olan ermənipərəst qüvvələr, onların Qərbi Azərbaycan probleminə laqeydliyi həyata keçirir. Həm də hamımızın gözü qarşısında həyata keçirir və biz bu qüvvələr “dur!” deyə bilmirik. Beləliklə, biz də çox müzakirələrdən sonra belə qərara gəldik ki, Qərbi Azərbaycan İcması yaradılsın. Bu İcma ictimai təşkilat olduğu üçün ölkədaxili siyasi proseslərə qarışmayacaq, bizim hədəfimiz Qərbi Azərbaycanlıların tarixi torpaqlarına bağlılığının qırılmasına imkan verməmək, onların kənd və rayon icmalarında birləşərək ata-baba adətlərini, mənəvi mühitlərini qoruyub saxlamasına nail olmaqdır. Heç şübhəsiz, bu gün erməni işğalı altında olan ata-baba torpaqları uğrunda mübarizə aparmaq onların insani hüququdur. Kimə demək olar ki, ata-baba yurdunu tələb etmə. Ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycan qaçqınlarının statusu barədəki fərmanında da birmənalı şəkildə yazılıb ki, Qərbi Azərbaycan qaçqınlarına Azərbaycan vətəndaşlığı verilir, lakin onlar qaçqınlıq statuslarını və tarixi vətənlərinə qayıtmaq hüququnu saxlayırlar. Bu, ulu öndər tərəfindən bizə verilən hüquqdur.


- Sizcə, Qərbi Azərbaycan problemi ilə bağlı bu gün hansı işlər görülməlidir.


- Görüləsi iş çoxdur. İlk növbədə 1988-ci il hadisələri ilə bağlı təcili olaraq bütün materiallar, sənədlər, şəkillər toplanmalı, arxivləşdirilməlidir. Bunun üçün ya xüsusi Komissiya, ya Mərkəz yaradılmalı, ya da bu məsələ rəsmi olaraq Azərbaycan Qaçqınlar Cəmiyyətinə həvalə olunmalıdır. Azərbaycan Qaçqınlar Cəmiyyəti respublikada bütün bu işləri görə biləcək yeganə qurumdur. İkincisi, Qərbi Azərbaycan qaçqınlarının statusundan irəli gələn hüquqları bərpa olunmalı, onların Azərbaycan hökuməti tərəfindən qanunsuz ləğv olunan ikili vətəndaşlığı geri qaytarılmalıdır. Üçüncüsü, Qərbi Azərbaycan məsələsi Ermənistan-Azərbaycan danışıqlarının predmetinə çevrilməlidir. Əgər müharibə Ermənistanla Azərbaycan arasında gedirsə və təbii ki, bu, belədir, onda ermənilərin danışıq masasının bir tərəfində Qarabağ ermənilərinin şəxsində Azərbaycanın erməni icmasının oturması tələbinə qarşı masanın digər tərəfində Ermənistandan qovulmuş azərbaycanlıların şəxsində Ermənistanın azərbaycanlı icmasının oturması tələbi irəli sürülməlidir. Yeni yaradılmış Qərbi Azərbaycan icması artıq bu istiqamətdə öz işini qurmaqdadır. Dördüncüsü, Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımının Arxivi və Muzeyi yaradılmalı, Xatirə Parkı salınmalı və Anım Abidəsi ucaldılmalıdır. Bununla biz bir tərəfdən gələcək nəsillər qarşısında öz tarixi borcumuzu yerinə yetirmiş olar, ikinci tərəfdən Qarabağ probleminin dinc yolla həllini sürətləndirmiş olarıq. Başqa sözlə, bütün Ermənistanı itirmək təhlükəsi qarşısında qalan ermənilər Qarabağ işğalına son qoymaq məcburiyyətində qalarlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25