Modern.az

Mirzə Cəlilin yeni təftişçiləri - Talançılar, gəmiricilər...  

Mirzə Cəlilin yeni təftişçiləri - Talançılar, gəmiricilər...   

Ədəbi̇yyat

29 Mart 2019, 14:43

Firuz Mustafa


Mirzə Cəlilin yeni təftişçiləri, təzə tənqidçiləri peyda olub. Mirzə Cəlili kimlər və nə üçün sevmirlər?

Xeyir ola? Axı bu kişi nə oliqarx olub, nə mafioz, nə də rüşvətxor.

Sadəcə olaraq, öz xalqını ürəkdən sevib. Bilirəm, deyənlər olacaq ki, bəs öz millətini sevən onu bu qədər tənqid edərmi?

Mən də cavab verirəm: bəyəm siz ən çox öz sevdiklərinizi, yaxınlarınızı, məsələn, öz uşaqlarınızı tənqid etmirsiz?

Deyə bilərlər ki, bəyəm millət uşaqdır ki, onu tənqid edəsən? Unutmayın ki, xalqların da uşaqlıq dövrü olur. Hətta, tarixin də...

Mirzə Cəlili kimlər və nəyə görə tənqid edir?

Sualı açıq qoyaraq deyirəm: 

Fransanın satirik yazıçısı Fransua Rableni öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə, 
Satirik çex yazıçısı Yaroslav Qaşeki öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə, 
Rus satiriki Mixail Saltıkov-Şedrini öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə, 
Amerikan satiriki Mark Tveni öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə, 
Serbiyalı Branislav Nuşiçi öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə, 
İngilis satiriki Coş Billinqsi öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə, 
Türkiyənin satirik yazıçısı Əziz Nesini öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə, 
Mirzə Cəlili də öz vətənində həmin kəslər tənqid edirlər.


Avropa artıq tənqid və satira yazanların yazasından əl çəkib. Şərq isə hələ də yağlı-ballı, güllü-bülbüllü ithaf şeirlərinin tamarzısındadır.

Mədhiyyə və tərif xəstələrinin sayı dəmadəm artmaqdadır.

Deyirlər ki, məsələn, Mirzə Cəlil niyə bizi qonşu xalqlarla müqayisə edərək aşağılayıb?

Belələri bilmir ki, müqayisə və paralellik elə satiranın canıdır. İngilis satirikləri həmişə müsbət nümunə kimi almanları, alman satirikləri isə yaxşı nümunə kimi fransızları gətiriblər.

Satirikləri sevmək, təbii ki, çətindir.

Gerizəkalı kəslər satiriki niyə sevməlidir ki?

Talançılar, gəmiricilər, dağıdıcılar, yeyicilər, qamarlayıcılar Mirzə Cəlili sevə bilərmi?

Ədəbiyyata sürtünənlər satirikləri həmişə daş-qalaq ediblər. Bu nifrət hələ də yol gəlməkdədir.

...Allah sənə rəhmət eləsin, Mirzə Cəlil.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?