Modern.az

“Atamın ölümü bizim üçün ani oldu”  - Telman Adıgözəlovun SON GÜNÜ

“Atamın ölümü bizim üçün ani oldu”  - Telman Adıgözəlovun SON GÜNÜ

Mədəni̇yyət

29 May 2019, 08:21

Modern.az  saytında “Məşhurların son günü” rubrikasına davam edirik. Rubrikamızda hər kəsin tanıdığı simaların ölümündən az öncə ailəsinə, övladlarına dediyi son sözlər və ya vəsiyyəti barədə danışılır.


Rubrikamızın növbəti təqdimatı görkəmli teatr və kino aktyoru, mərhum Xalq artisti Telman Adıgözəlova həsr olunur.

Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olub. Hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində onlarla maraqlı obrazlar yaradıb.
İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular" tamaşalarında, "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynayıb.

Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

 2010-cu il aprelin 15-də 57 yaşında ürək çatışmazlığından vəfat edib. Fatmayıdakı kənd qəbristanlığında torpağa tapşırılıb.

 
“Telman Adıgözəlovun son günü” barədə Modern.az-a oğlu Tural Adıgözəlov danışır…


Oğlu deyir ki, Telman müəllim ailəsinə qarşı çox diqqətcil, ailəcanlı insan olub.


“Atam dərslərimizlə, sağlamlığımızla, təlim-tərbiyəmizlə çox maraqlanırdı. Mənim yaddaşımda atam qayğıkeş insan olaraq qalıb. Atam efirdə komediya janrında olan rollara çəkilib  insanları güldürsə də, ailədə olduqca ciddi insan idi. Hərdən hər hansı gərginliyi aradan qaldırmaq üçün zarafatlara da yer verirdi. Amma ümumilikdə ciddi idi. Lakin buna baxmayaraq həm də sadə adam idi. Heç kim arasında fərq qoymazdı. İnsan istər vəzifədə olsun, istərsə də süpürgəçi, hamıya eyni dəyəri verərdi. Mən düşünürəm ki, onu sevən insanların çoxluğu məhz atamın sadəliyindən irəli gəlir ”.


Tural bəy deyir ki, Telman Adıgözəlov problemlərə qarşı soyuqqanlı insan olub.

Oğlunun sözlərinə görə, özünü dərk etdiyi vaxtlarda artıq məşhur bir insanın övladı olduğunu hiss edirdi:

“Uşaq vaxtı atamla dərsə gedəndə, ticarət mərkəzində olanda, gəzinti zamanı insanlar atamı tanıyıb salam verirdilər. Və mən artıq o vaxtlarda anlayırdım ki, mənim atam məşhur bir insandı”.


Müsahibimizin sözlərinə görə, Telman Adıgözəlov oğlunu da özüylə teatra, səfərlərə aparırmış:
 

“Bir dəfə atam səhnə yoldaşlarıyla Balakənə gedirdi. Balakəndə çəkiliş olacaqdı. Məni də özüylə aparmışdı. Onlar üçün bir qatar ayrılmışdı. Bu səfər mənim üçün çox maraqlı idi. Çünki televizyada gördüyüm insanlarla eyni qatardaydım. Onlarla oturmaq, ünsiyyət qurmaq, söhbətlərinə qulaq asmaq maraqlı gəlirdi”.



Tural Adıgözəlovun sğzlərinə görə, Telman müəllim cavanlığından Akademik Milli Dram Teatrında işləyib və oradakı səhnə yoldaşlarıyla çox gözəl münasibətdə olub:


Telman Adıgözəlovun sonuncu günü barədə danışan oğlu bildirir ki, onda heç bir xəstəliyi, narahatlığı hiss etməyiblər. Hətta həmin günün axşamı da o yaxşı imiş:

“İstər fiziki, istərsə də mənəvi cəhətdən gümrah idi son günündə. Heç bir ağrısı, şikayəti olmayıb. Ona görə də atamın ölümü bizim üçün gözlənilməz oldu. Uzun müddət xəstə olsaydı,  özümüzü psixoloji olaraq buna hazırlayardıq. Sağlam bir insanın yuxuda ölməsi bizim üçün çox ani oldu, çox böyük stress keçirdik. Gün başlayandan, demək olar ki, günün yarısından  çoxunu Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində tələbələri ilə keçirmişdi. Dərsi var idi həmin gün. Daha sonra Milli Dram Teatrına gedib. Axşam isə evdəydi. Söhbətləşdik, ən əsası o yadımdadır ki, məndən “özünü necə hiss edirsən, ağrın filan yoxdu?”,- deyə soruşmuşdu”.


Oğlunun sözlərinə görə, ölümündən 6-7 ay əvvəl Telman müəllimin bir dəfə ürək nahiyəsində narahatlığı olub. Tural o zaman hələ əsgər imiş. Həmin gün ağrıdan həkimə gedə bilməyən Telman Adıgözəlov səhəri gün həkim müayinəsindən keçib. Həkim isə Telman Adıgözəlova “sənin ürəyində heç bir problemin yoxdu. Belində duz var. Bu da sinirlərini sıxır və səni narahat edir” deyib. Lakin ondan 6-7 ay sonra infarkt keçirməyi həkimin yanlış diaqnozunu təsdiq edib.

“Bir tanış professor var idi. Onunla da məsləhətləşdim bu haqda. O da atamın mikroinfarkt keçirdiyini söylədi. Lakin həkimin yanlış diaqnozunu sübut etmək üçün əlimizdə dəlil yox idi”.


Telman müəllimi itirmək ən çox övladlarını sarsıdıb. Oğlu bu barədə danışarkən deyir:


“Atamı itirəndən sonra sanki şoka düşmüşdüm. 1 aya qədər  onun yoxluğuna inanmırdım. Artıq 1 ay sonra anladım ki, atam yoxdu, bir də olmayacaq. Anladım ki, ailənin hər bir işi, yükü artıq mənim üzərimdədir. Atamın ölümündən 9 il keçir. Mənim onda 23 yaşım var idi. Həyatda hələ bərkə-boşa düşməmiş bir gənc idim. Mən atamın yoxluğu ilə böyüdüm. Təbii ki, Allahın köməyi ilə insan hər şeyə qatlaşır”.

Telman Adıgözəlov  problemlərini, sıxıntılarını heç kimə deməzmiş.
Oğlu: “Telman müəllim deyirdi ki, əgər problemimi kiməsə desəm, öz sıxıntımla həmin adamı da yükləmiş olaram. Bu fikirlərinə görə ailəsindən belə gizlədirdi problemlərini”.


Telman Adıgözəlov 57 yaşında rəhmətə gedib. Və vaxtsız gələn əcəl ona ailəsinə, övladlarına son nəsihətlərini deməyə icazə verməyib.

Aktyor  rəhmətə getməzdən əvvəl də xeyli sənət yoldaşı dünyasını erkən dəyişmişdi.



Tural Adıgözəlov: “Atam sənət dostlarına görə böyük sarsıntı keçirmişdi. Xüsusilə də onun cavanlıqda ən yaxın dostu olmuş, erkən yaşda vəfat etmiş Səməndar Rzayev üçün.

Atam həmişə deyirdi ki, Səməndər Rzayev qalsaydı, Azərbaycan incəsənəti üçün böyük işlər görərdi. Bundan başqa, Eldəniz Zeynalov rəhmətə gedəndə də atama çox pis təsir etmişdi.  Baxmayaraq ki, Eldəniz Zeynalov yaşlı vaxtında dünyasını dəyişmişdi.
Atam vəfalı dost olub. Özü vəfat edənə kimi onların ailəsini daim yoxlayırdı, baş çəkirdi”.


Telman Adıgözəlov bir çox hallarda  epizodik rolları ifa edib. Telman müəllimə film, tamaşa, verliş təklifləri çox gəlsə də, oğlunun sözlərinə görə, o, seçim edən biri idi. Hər rolu qəbul etməzdi. Onu bəzi televiziya verlişlərinə çağırsalar belə, seçim edir, şou verlişlərinə getmirdi, əsasən kino, incəsənətlə bağlı olan verlişlərdə iştirak edərdi.

Oğlu atasının canlandırdığı bütün rolları bəyənir. Deyir ki, onun oynadığı bütün rolları sevərək izləyib:

“Lakin daha çox yadımda qalan, məni güldürən  “Yarımştat” tamaşasındakı rolu olub. Atamı hamı yalnız komediya janrında rollar canlandıran aktyor kimi tanıyıb, güldürən insan kimi yadda saxlayıb. Lakin ssenari müəllifliyi Ramiz Novruza aid olan “ Hələ sevirəm deməmişəm” tamaşasında atam güldürmürdü, ağladırdı”.


Nuranə DAXİLQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı