Modern.az

Etibar Əliyev: “Elman Nəsirovun mövqeyinə iradım yoxdur”

Etibar Əliyev: “Elman Nəsirovun mövqeyinə iradım yoxdur”

Aktual

2 Avqust 2019, 17:47

“Mən heç vaxt televiziyalara, qəzetlərə, saytlara can atmamışam. Hətta bir çox hallarda məni televiziya verilişlərinə dəvət edəndə formatdan, mövzudan asılı olaraq, iştirakdan imtina etmişəm. Kimsə efirlərə çağırılmağı ilə öyünürsə, bu hər hansı fövqəlağıl göstəricisi deyil”.

 

Bunu Modern.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev söyləyib. O deputat Elman Nəsirovun fikirlərinə cavabını səsləndirib:

“Kimsə deputatdır, növbəti seçkidə deputat seçilməsə tamamilə unudula bilər. Mandatın özü imkan yaradır ki, KİV-lər onların çıxışlarına tez-tez yer ayırsınlar. Bu, sırf mandatla bağlıdır.

Mən təkcə təhsil sahəsində deyil, başqa sahələrdə də sərbəst məqalələrlə çıxış edirəm, KİV-lər “Facebook” səhifəmdən yazılarımı götürüb, dərc edirlər. Bu, mənim üçün kifayətdir. Heç bir halda şəxsi təşəbbüsümlə efirə can atmıram”.

 

Etibar Əliyev səs-küyə səbəb olan statusu haqqında bunları deyib:

“Bir nəfər sosial şəbəkə istifadəçisi sənətçilər haqqında müqayisə aparıb, böyük səhvə yol vermişdi. Mən isə statusumda qeyd etmişdim ki, tək sənətçiləri deyil, elm adamlarını, siyasətçiləri də müqayisə edin. Elman Nəsirovu isə həmin adı çəkilən regionun nümayəndəsi kimi ümumiləşdirilmiş bir obraz şəklində təqdim etmişdim. Onun şəxsini təhqir edən ifadə işlətməmişəm. Belə götürsək, mənə görə, Elman Nəsirov və Fəzail Ağamalının danışıqlarının heç bir fərqi yoxdur. Amma Elman Nəsirovun şəxsiyyətinə, tutduğu mövqeyə də heç bir iradım yoxdur”.

 

Qeyd edək ki, Etibar Əliyev sosial şəbəkədəki hesabında belə yazıb:

“Facebook dostum Ramil Sadıqlı yazır: "Ağadadaş Ağayev kimi bir yaltaq və məddah muğəni Cəlilabaddan olduğu uçun vallah, xəcalət çəkirəm. Elə bilirəm o ermənistanlıdır". Açığı mənim ən çox nifrət etdiyim kabus regionçuluqdur. Ancaq Ramil bəyə bir sual vermək məcburiyyətində qaldım: "Bəlkə cəlilabadlı politoloq Elman Nəsirovdan da şübhələnəsən?". Əzizim Ramil bəy! Yadında saxla, o işlə məşğul olanın regionu olmur”.

 

Elman Nəsirov isə ekspertə cavab olaraq, belə deyib:

“Müsahibə vermək üçün mənə zəng edirlər, mən zəng etmirəm ki, əgər mənim şərhim qeyri-elmi, qərəzli, qeyri-dəqiq olsa, heç bir televiziya məni qonaq qismində dəvət etməz. Dəvət edirlərsə demək ki, mənim çıxış və mövqeyim mətbuatı qane edir. Artıq kimi dəvət etmirlərsə, söz vermirlərsə,  bu, onun öz günahıdır”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür