Modern.az

Saakaşvili Azərbaycana gəlmək istəyir

Saakaşvili Azərbaycana gəlmək istəyir

15 Avqust 2019, 15:58

“Bir neçə günlüyə Ukraynaya gəlmişəm. Dünən Mixail Saakaşvili ilə onun yaşadığı Odessa şəhərində görüşdük. Görüşümüz yüksək əhvalda keçdi. Xeyli məsələləri müzakirə etmək şansımız oldu”.

 

Bunu Modern.az-a açıqlamasında Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov  Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili ilə birgə çəkdirdiyi və sosial şəbəkədə paylaşdığı şəkillərdən danışarkən deyib.

 

Saakaşvilinin dostu olan deputat bildirib ki, Gürcüstanın sabiq prezidenti ölkəsi ilə bağlı fikirlərini dəyişməyib:


“Saakaşvilinin Gürcüstanla bağlı planları dəyişməzdir. O, öz ölkəsinə gəlmək barədə düşünür. Sadəcə, hazırki hakimiyyətin yürütdüyü siyasət onu da qane etmir. Saakaşvili heç də ümidsiz deyil. Odessada keçiriləcək mer seçkilərinə qatılmaq niyyətindədir. Ukraynanın yeni prezidenti Zelenski ilə də münasibətləri yaxşıdır. Gec-gec görüşsələr də, telefon əlaqələri qura bilirlər”.

 

Azər Süleymanov Saakaşvili ilə görüş zamanı Gürcüstan-Azərbaycan münasibətlərini də müzakirə etdiklərini söyləyib. Gürcüstanlı deputat Saakaşvilinin Azərbaycana gəlməyə hazır oldğuunu da vurğulayıb:


“Saakaşvili Azərbaycanı hər zaman sevib. Onun bizim ölkəmizə xüsusi sevgisi var. Görüş zamanı “Keşikçidağ” məsələsinə də münasibət bildirdi. O, “Keşikçidağ”  məsələsinin bu səviyyəyə çatdırılmasından təəssüfləndi. Saakaşvili 2008-ci ildə də, ondan sonrakı illərdə də Azərbaycan dövlətinin  Gürcüstana hər zaman dəstək verdiyini və kömək etdiyini xatırlatdı. Prezident İlham Əliyevlə şəxsi dostluq əlaqələrindən də danışdı. Mixail Saakaşvili dəvət gələrsə, məmuniyyətlə Azərbaycana səfər edəcəyini dedi”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir