Modern.az

Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR

Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR

22 Sentyabr 2019, 13:01

ABŞ-da 2020-ci il prezident seçkiləri ərəfəsində tərəflər qarşılıqlı ittihamlar vasitəsilə digər tərəfi seçici qarşısında gözdən salmaq və öz qələbəsini sığortalamaq üçün gizli mübarizəyə başlamışlar. Lakin, gizli mübarizənin bəzi  məqamları aşkara çıxmışdır.  

 

Bir neçə gün əvvəl sabiq prezident Obama Trampa məsləhət vermişdir ki, “qərar qəbul etmək üçün televiziyaya baxmaq və social medyanı oxumaq əvəzinə, fərqli mənbələrdən aldığı fikirlərə əsaslansın.” Fərqli mənbələr deyərkən Obamanın hansı etibarlı mənbələri nəzərdə tutduğunu anlamaq çətin deyil. 

 

Nüfuzlu “The Wall Street Journal” qəzeti 20 sentyabr yazısında belə bir iddia ilə çıxış etmişdir ki, prezident Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı səkkiz dəfə Co Baydenin oğlunun məsələsini araşdırmağı xahiş etmişdir. The “Wall Street Journal”-dakı yazıdan bir neçə saat sonra isə, blogger Kevin Drum bloqunda qeyd etdi ki, Tramp açıq-aşkar araşdırmanın aparılmasında maraqlıdır və o, telefon danışığında araşdırmanın başlayacağı təqdirdə, Ukraynaya 250 milyon dollarlıq silah təchiz etməyi söz vermişdir. 

 

Bloggerin iddiasından bir neçə saat sonra isə Co Bayden Trampın belə təşəbbüsdə bulunmasının siyasi mübarizə vasitəsi kimi yolverilməz olduğunu bildirmişdir. 

 

Pensilvanya ştatında anadan olan Cozef Robinet Bayden 2009-2017-ci Amerika Birləşmiş Ştatlarının 47-ci vitse-prezidenti (Obamanın hər iki prezidentlik dövründə)olmuşdur. Təcrübəli siyasətçi 1973-cü ildən vitse-prezident vəzifəsinədək Delaver ştatını Senatda təmsil etmişdir. Sirakuz Universitetinin məzunu Jo Bayden 2020-ci il prezident seçkilərinə demokrat partiyasının əsas namizədidir. O, Trampın növbəti seçkilərdə ən təhlükəli rəqibidir.

 

Hal-hazırda bloggerin bu yazısı Tramp administrasiyası tərəfindən qətiyyətlə təkzib olunur. Həqiqətən də, bloggerin prezidentlərarası məxfi telefon danışığında hansı məbləğin və nəyin müqabilində müzakirə olunmasını bilmək ehtimalı sıfıra bərabərdir. İyul ayında baş tutan telefon danışığı barədə nəyə görə sentyabrda “The Wall Street Journal”-da yazılması da təsadüfi deyil. Yazının nəşr olunmasından əvvəl, sentyabrın 13-də adını bildirməkdən çəkinən mənbə telefon danışığı barədə məlumat ötürmüşdü. Mənbənin ABŞ kəşfiyyat orqanlarında çalışması artıq şübhə doğurmur. Belə ki, həmin mənbənin məlumatında bildirilirdi ki, “kimsə kəşfiyyatın Konqresə çox vacib məsələni çatdırmasının qarşısını alır”. Beləliklə, belə bir məxfi məlumatın Konqresə çatdırılmasının qarşısını alan göstərişin prezident administrasiyasından və ya Trampa çox yaxın şəxsdən verilməsi nəticəsinə gəlmək olar.  

 

Mövzunun bəzi təfərrüatları ictimaiyyətə məlum olduqdan sonra, konqresin Kəşfiyyat Komitəsinin Sədri, demokrat konqresmen Adam Şkiff, Milli Kəşfiyyat Xidmətinin direktoru vəzifəsini icra edən Cozef Məkuayerə sorğu göndərərək, onu konqresə ötürülməsi vacib olan məsələnin qarşısının alınmasında günahlandırmışdı.  

 

Məsələ ondan qaynaqlanır ki, 2014-cü ildə, Co Bayden vitse-prezident olarkən, onun oğlu Hanter Ukraynanın təbii qaz şirkəti Burisma Holdings-in direktorlar şurasında yer aldı. Ata Baydenin 2020-ci il seçkilərində namizədliyini irəli sürəcəyi demokratlar tərəfindən müəyyənləşən kimi, oğul Bayden Burisma Holdinqin direktorlar şurasından çıxmışdır. 

 

Amma, məsələ bununla bitmir. 2015-ci ilin fevralında Ukrayna baş prokuroru təyin olunan Viktor Şokinin qarşısında korrupsiyaya qarşı amansız mübarizə aparmaq vəzifəsi qoyulmuşdu. 2016-cı ildə Obama administrasiyasının və şəxsən Baydenin israrlı təkidləri nəticəsində Şokin korrupsiyaya qarşı kifayət qədər effektli mübarizə apara bilmədiyinə görə vəzifəsindən azad edilmişdir. Son intervyularının birində isə Şokin bildirmişdir ki, əslində onun vəzifədən uzaqlaşdırılma səbəbi Burisma-da yoxlama aparmaq istəyi idi. Şokinin dediyinə görə onun məqsədi Burisma rəhbərinin 2014-cü ildə devrilmiş Ukrayna prezidenti Yanukoviç ilə sıx əlaqələrini və Robert Hanter Baydenin şirkətdəki fəaliyyətini yoxlamaq idi. Göründüyü kimi, Co Bayden vəzifəsindən sui-istifadə edərək, oğlunun şirkətdəki fəaliyyətinin yoxlanılmasına imkan verməmək üçün digər dövlət rəhbərinə təzyiq etmişdir.   

 

Trampın şəxsi hüquqşünası, Nyu Yorkun keçmiş meri Rudi Culianinin Ukraynaya aramsız səfərləri mövzunu daha da qəlizləşdirir. ABŞ-ın Kiyevdəki səfirliyi Culianinin diplomatik nümayəndəliyin xəbəri olmadan Ukraynanın hazırki baş prokuroru və əvvəlki iki baş prokuroru ilə görüşməsi barədə Dövlət Departamentinə məktub göndərmişdir. Məktubda Culianinin iri ukraynalı oliqarxlarla dünyanın ən azı beş ölkəsində, o cümlədən milyardlarla vəsaitin yuyulmasında adı gedən oliqarxın İsraildəki ofisində görüşməsi barədə də bildirilir. Deyilir ki, Culiani Zelenskinin köməkçilərindən biri ilə Madriddə görüşərək Hanter Baydenin fəaliyyətinin araşdırılmasını müzakirə etmişdir. Qəribə görünən daha bir fakt isə Culianinin Ağ evin rəsmi hüquqşünası deyil, Trampın şəxsi hüquqşünası olmasıdır.  Konqresin eyni zamanda üç komitəsi-Kəşfiyyat, Xarici Əlaqələr və Hökumət Fəaliyyətinə Nəzarət komitələri sentyabrın 9-da Culianinin Ukrayna oliqarxları ilə görüşlərini araşdırmağa başladıqlarını elan etmişlər.

 

Mövzu müzakirə obyektinə çevrilməzdən çox öncə isə Baydenin vitse-prezidentlik dövründə, dövlət katibi işləmiş Con Kerrinin ikinci xanımının birinci əri, tomat pastası maqnatı Heintz-dan olan oğlu Kristofer, Co Baydenin birinci xanımından olan oğlu Robert Hanter Baydenlə biznes əlaqələrini kəsmişdir. Kristofer-Hanter cütlüyü 2.4 milyardlıq Rosemont Seneca Partners şirkətinə birgə sahib idilər. Şirkəti Kristoferin tələbə yoldaşı Devon Arçer idarə edirdi. (Devon Arçer 2018-ci ildə başqa bir şirkətdəki fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur.) 2014-cü ildə Arçer, Hanterlə birgə Burisma-nın direktorlar şurasına daxil olmuşdur. Burisma 2014-2015-ci illər arası Rosemont Seneca Bohai LLC şirkətinə 3.4 milyon dollar vəsait ödəmişdir. Bu haqda Citizens United qeyri-dövlət təşkilatı məlumat verir. Hanter Baydenin Burisma-dan ayda 50000 dollar maaş aldığı deyilir. Citizens United hansı isə vasitə ilə Kristoferin atalığının Dövlət Departamentindəki baş məsləhətçiləri Deyvid Ueyd və Mətt Sammersə ünvanlandığı və Baydenin oğlu ilə əlaqələri kəsdiyi barədə 13 may, 2014-cü il emailini ələ keçirmişdir. Kristoferin nəyə görə şəxsi biznes qərarı barədə atalığının köməkçilərinə email yazması da təəccüblüdür.

    

Aydın olan odur ki, yalnız jurnalist araşdırmaları, bloggerlərin yazıları və Citizens United-in səyləri, mənbələrin özündən məlumat olmadan yetərli deyil. Kəşfiyyat dairələrində və yaxın ətrafda Trampa qarşı hansı isə qüvvənin olduğu sezilir. Digər tərəfdən Baydenin reputasiyasının yalnız Tramp və onun ətrafı tərəfindən korlanmasını düşünmək də sadəlövhlükdür. Demokratların içərisindən onun namizədliyinə qısqanclıqla yanaşılması ehtimalı da var. Sübut olunacağı təqdirdə, Trampın prezident səlahiyyətlərini aşıb xarici ölkə prezidentinə təsir etməsi ona qarşı böyük ittihamdır. Amma, Baydenin də qeyri-leqal fəaliyyətinin sübuta yetirilməsi prezidentliyə namizəd kimi həm ona, həm bütövlükdə demokrat partiyasına xələl gətirə bilər.

 

Co Baydenin uşaqlığı ağır keçmişdir. Bir vaxtlar zəngin olsa da, xeyli müflisləşmiş atası ailəni saxlamaqda çətinlik çəkmişdir. Bu səbəbdən ailə bir müddət Baydenin ana valideynləri Finneqanların himayəsi altında olmuşdur. Uşaqlıq illərində gələcək vitse-prezidentin dili danışıq zamanı tutulduğu üçün dostları tərəfindən lağa qoyulurdu. Atası hər zaman ona deyərdi: “Çempionun neçə dəfə nokdauna düşməsi önəmli deyil. Önəmli olan nokdauna düşdükdən sonra döyüşü davam etdirməsidir.”

 

76 yaşlı təcrübəli siyasətçi Bayden bu nokdaundan sonra döyüşü davam etdirə biləcəkmi?  

Tahir Kərimov

Diplomat, Harvard Universitetinin məzunu,

Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?