Modern.az

“Binə” ticarət mərkəzində güclü YANĞIN - Mağazalar külə döndü - FOTOLAR - YENİLƏNİB-2

“Binə” ticarət mərkəzində güclü YANĞIN - Mağazalar külə döndü - FOTOLAR - YENİLƏNİB-2

Hadisə

8 Oktyabr 2019, 08:05

Fövqəladə Hallar Nazirliyi  (FHN) “Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.

FHN-dən Modern.az-a bildirilib ki, 8 oktyabr 2019-ci il saat 00:41-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub. Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik qarışıq mallar və müxtəlif təyinatlı  mağazaların yanar konstruksiyaları və içərisində olan mallar, təqribən, 2500 m2 sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından  mühafizə olunub.

Yanğının gecə saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

***

02:59

“Binə” ticarət mərkəzində baş verən yanğının qarşısı alınıb və ərazidə soyutma işləri aparılır. Modern.az xəbər verir ki, bu sözləri hadisə yerində olan Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib. Nazir müavini hadisə nəticəsində alovun təxminən 3000 kv.m sahəni əhatə etdiyini deyib. O, faktla bağlı araşdırma aparıldığını da qeyd edib.

Hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadasının həkimləri APA-ya bildiriblər ki, yanğın nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb..

Qeyd olunur ki, xəsarət alanlar sahibkarlardır. Onlar yanan mağazalardan əşyaları çıxaran zaman tüstüdən zəhərlənib və ya yanıq xəsarətləri alıblar. Həmin şəxslərə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.


***

Bakının Qaradağ rayonu ərazisində yerləşən "Binə" ticarət mərkəzində güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi  (FHN) “Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. 

FHN-dən Modern.az-a verilən məlumata görə,  oktyabrın 8-nə keçən gecə saat 01:00 radələrində nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. 

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Modern.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, şiddətli alov mağazaları külə döndərib.  Yanğın “Binə”nin “Elit” adlanan hissəsində baş versə də, alov ticarət mərkəzinin digər yerlərinə də keçib. Hələ ki yanğını söndürmək mümkün olmur.
“Binə”dəki sahibkarların əraziyə axını davam edir.  

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov, Qaradağ rayonunun rəhbərliyi də hadisə yerinə gəlib.

Leyla ŞAH

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar