Modern.az

 Avropa İttifaqı ilk dəfə Bakıda “Eduexpo 2019” sərgisində stendlə təmsil olunacaq

 Avropa İttifaqı ilk dəfə Bakıda “Eduexpo 2019” sərgisində stendlə təmsil olunacaq

9 Oktyabr 2019, 12:31

Təhsil Naziri 10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi ilə bağlı mətbuat konfransı keçirilib.

 

Modern.az xəbər mətbuat konfransında çıxış edən “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, sərgidə Avropa İttifaqının birləşmiş stendi debüt edəcək.

"Avropa İttifaqının stendində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland, Polşa, Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunacaq. Eyni zamanda sərgi çərçivəsində stenddə “Gənc Avropa səfirləri” şəbəkəsi və Şərq Tərəfdaşlığında Avropa Məktəbi nümayiş olunacaq. Stenddə xaricdə pulsuz təhsil və beynəlxalq təhsil mübadiləsi proqramları, o cümlədən “Erasmus+” proqramı da təqdim olunacaq".

 

Daha sonra çıxış edən Təhsil nazirinin müşaviriElnur Məmmədov bildirib ki, bu il sərgiyə ötən illə müqayisədə çox ölkə qatılıb.

"Ötən sərgidə 12 ölkə iştirak etmişdi, bu il isə bu say 22-ə çatıb. Dünyanın 22 ölkəsindən 150 iştirakçı bu il sərgidə iştirak edəcək. Bununla yanaşı sərginin keyfiyyətində də dəyişiklik var. Bu il sərgidə Azərbaycan Respublikası Təhsil Nazirliyi təhsil sahəsində innovasiyaların və perspektivli startapların, eləcə də ölkənin təhsil prosesində İT texnologiyalarının tətbiq mexanizmlərinin nümayişi üçün interaktiv platforma olan stendi ilə fəal iştirak edir. Sərgidə təqdim edilən layihələr arasında “Rəqəmsal bacarıqlar” layihəsi, “Univerium” yataqxanası, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyaları Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir tələbə-könüllü proqramı”, “SABAH” qrupları ilə bağlı stendlər, eləcə də təhsil sisteminin bütün səviyyələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və vahid təhsil informasiya mühitinin yaradılması məqsədini güdən “Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsi”, habelə təhsil prosesinin bütün iştirakçılarını bir arada toplayan Təhsil Nazirliyinin “Təhsil TV” onlayn telekanalı kimi layihələri qeyd etmək olar. Sərgidə həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyi də iştirak edir. Türkiyə builki sərgi çərçivəsində milli stend ilə çıxış edəcək”.

 

Xatırladaq ki, oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək. Sərgiyə dünyanın 22 ölkəsindən 150-dək iştirakçı qatılacaq. Təhsil sərgisi ölkədə və regionda təhsil sahəsinə həsr olunan və aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə məsləhətçi şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq tədbirdir.

Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir