Modern.az

Gələn ilin büdcə layihəsi I oxunuşda qəbul edildi

Gələn ilin büdcə layihəsi I oxunuşda qəbul edildi

Parlament

13 Noyabr 2019, 13:19

Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcə layihəsi müzakirəyə çıxarılıb.

 

Modern.az-ın məlumatına görə, layihə səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.

 

Xatırladaq ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 mlrd 533 mln manat səviyyəsində proqnozlaşdırılır.

 

İcmal büdcə xərclərinin yuxarı həddi 29 mlrd 488 mln manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 mlrd 117 mln manat və ya 7,7% çoxdur. İcmal büdcənin kəsiri 1 mlrd 955 mln manat və ya proqnozla nəzərdə tutulan Ümumi Daxili Məhsulun 2,3%-nə bərabər olacaq. 2020-ci il dövlət büdcəsinin gəlirləri Ümumi Daxili Məhsulun 29%-i həcmində olmaqla nominal ifadədə 24 mlrd 135 mln manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 mln manat və ya 4,2% çoxdur.

 

Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1% və ya 13,5 mld manat, qeyri-neft gəlirləri 43,9% və ya 10,6 mlrd manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artmışdır. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 mlrd 875 mln manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 mln manat və ya 7,6% çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 mlrd manat, yəni 2019-cu ilə nisbətən 298 mln manat və ya 8% çox vəsait daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 mlrd 350 mln manat və ya cari illə müqayisədə 14,3 mln manat az transfer nəzərdə tutulur.

 

2020-ci il dövlət büdcəsinin xərcləri Ümumi Daxili Məhsulun 32,3%-i səviyyəsində və ya 26 mlrd 914 mln manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 mlrd 724 mln manat və ya 6,8% çoxdur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır