Modern.az

Milli Qəhrəmanın “sonuncu zəngi” - Arzuları ürəyində qalan HƏRBÇİ

Milli Qəhrəmanın “sonuncu zəngi” - Arzuları ürəyində qalan HƏRBÇİ

20 Noyabr 2019, 09:00

Modern.az saytında şəhidlərimizlə bağlı olan “Sonuncu zəng” rubrikasına davam edirik. Rubrikamızda vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı, son görüşü haqqında danışılır.

 

Rubrikanın növbəti təqdimatı Birinci Qarabağ müharibəsi şəhidi Nazim Babayevə həsr olunur.

 

Məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı insanların mobil telefondan aktiv istifadəsi yox idi. Həmin dövrlərdə əsgərlər ailələri ilə məktub vasitəsi ilə əlaqə saxlayıb, amma bəzən bu belə mümkün olmayıb. Məhz buna görə də Qorxmaz Mirzəyevin son günü, ailəsi ilə xatirələrindən danışacağıq.

 

Nazim Babayev 7 fevral 1975-ci ildə Salyan rayonunda anadan olub. 1992-ci ildə kənd orta məktəbini bitirib və 1993-cü ildə Milli Orduya çağırılıb.

Nazim Babayev torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanıb. Nazim Füzuli, Tərtər bölgəsində vuruşub. 1995-ci il mart hadisələri zamanı gənc Nazim qanunsuz silahlı dəstələrin tərksilah edilməsində iştirak edib və 15 mart 1995-ci ildə həlak olub.

Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Nazim Abbas oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Salyan rayonu Qaraçala kənd qəbristanlığında dəfn edilib.

 

Modern.az-ın Nazim Babayevlə bağlı suallarını şəhidin anası Laçın Babayeva cavablandırıb.

 

Anasının sözlərinə görə, Nazim orta məktəbdə dərslərini çox yaxşı oxuyar, hər gün evinə yüksək qiymətlərlə gələrdi.

 

“Nazim ali təhsil almağı çox istəyirdı, lakin arzusu ürəyində qaldı. Nazimi məktəbi bitirən kimi, 1993-cü ildə hərbi xidmətə çağırdılar. Nazim hərbi xidmətini Ağdərə, Ağdam, Füzuli istiqamətlərində çəkirdi. O, böyük-kiçik yeri bilən, mərifətli oğul idi”.

4 il hərbi xidmətdə olan Nazim 2 dəfə məzuniyyətə buraxılıb.

 

Şəhidin anası:

 

“Nazim 1975-ci il təvəllüdlüdür. O, 1993-cü ildən hərbi xidmətə yollandı. Onun kimi vətənpərvər oğul hətta deyərdim ki, az idi. Nazim əsgər gedəndə mənə söz verdi ki, sağ gedib salamat gələcək. Nazimin bir bacısı və qardaşı var. Mən balalarımı yetim böyütdüm, boya-başa çatdırdım. Ataları rəhmətə gedəndə birinin yeddi, birinin üç, o birinin isə iki yaşı var idi”.

 


Laçın ana deyir ki, Nazimin gəlməyinə düz bir ay qalmışdı. Sadəcə bir aydan sonra anasına verdiyi sözü tutub sağ-salamat evinə dönəcəkdi, amma olmadı. Nə Nazim sözünün ağası ola bildi, nə də ananın gözləri yoldan çəkildi.

 

“Nazim vətəninə vurğun oğul idi, hətta deyə bilərəm ki, məndən belə çox sevirdi. Bəzən şahidi oluruq ki, bəzi uşaqlar deyir “mən də şəhid olmaq istəyirəm”. Nazim qətiyyən belə düşünmürdü. Onun tək amalı, tək məqsədi torpaqlarımızı geri almaq idi.

 

Nazim məzuniyyətə gələndə vaxtından tez qayıdırdı. Deyirdim ki, “ay Nazim, ay bala, nə olub, niyə tələsirsən?”. Deyirdi ki, “ana yoldaşlarıma kömək olmalıyam, tez getməliyəm”. Nazim çavuş olaraq xidmət göstərirdi”.

 

Nazimin qardaşı Əfqanıstan veteranı olub, 2008-ci ildə dünyasını dəyişib.

 

Nazim şəhid olmağı gözləmirdi, planları var idi. Həyata keçirmək istədiyi arzuları var idi, lakin hamısı ürəyində qaldı.

 

Şəhidin anası:

 

“Nazim deyirdi ki, ana, əsgərlikdən gələndən sonra atamızdan qalan yurdu qardaşıma verəcəm, səni isə özümlə aparacam. “Mən harda olsam, yanımda olacaqsan, səni mən saxlayacam” deyirdi. Yaman saxladı, gözlərimi yolda qoyub getdi”.

 

15 mart 1995-ci il... Nazim Babayevin nəşi gözlənilməz halda evinə gətirilir.

 

Laçın xanım:

 

“Adətən belə hallarda birinci evə xəbər göndərirlər. Heç gözləmədiyim anda birdən qapı döyüldü. Gördüm ki, balamın nəşini gətiriblər. Dünyam başıma yıxıldı. O an nələr olduğunu indi də yada sala bilmirəm. Nazim həmişə deyirdi ki, məndən xəbər gəlməsə belə, arxamca qətiyyən gəlmə”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir