Modern.az

Əhəd Abıyev Quşçu kəndində səyyar qəbul keçirib - FOTO

Əhəd Abıyev Quşçu kəndində səyyar qəbul keçirib - FOTO

Aktual

21 Yanvar 2020, 17:23

Yanvarın 21-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Quşçu kəndində vətəndaşların səyyar qəbulunu keçirib.

 

Modern.az xəbər verir ki, Əhəd Abıyev çıxışında Quşçu kənd sakinləri ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq işlərin görüldüyünü deyib.

 

O, qeyd edib ki, ötən dövrlərdə kənddə müasir tələblərə cavab verən 360 şagird yerlik yeni məktəb binası tikilmiş, uşaq bağçası əsaslı surətdə təmir edilmiş, kəndə təbii qaz xətti çəkilmiş,  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 4 aprel 2019-cu il tarixli Sərəncamı ilə Gəncə-Daşkəsən avtomobil yolunun 27-ci kilometrliyindən başlayan Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi başa çatdırılıb. Bütün daşkəsənlilərin ölkə Prezidentinin bu qayğısını böyük sevinc və minnətdarlıqla qarşıladıqlarını bildirib.

 

Daha sonra Əhəd Abıyev sakinlərlə görüşündə vurğulayıb ki, fevralın 9-da keçiriləcək Parlament seçkiləri ilə bağlı seçki məntəqələrində bütün lazımi şərait yaradılıb. Tam əminliyini bildirib ki, bütün seçkilərdə olduğu kimi, bu dəfə də şəffaf, demokratik və azad bir seçki olacaqdır. Kənd sakinləri seçkidə fəallıq göstərərək öz bəyəndikləri namizədə səs verəcəklər.

 

Təsdiq edilmiş qrafikə uyğun olaraq keçirilən vətəndaşların səyyar qəbulundan sonra Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ildəki fəaliyyətinə və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

 

Hesabatdan sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər kəndin mərkəzi küçəsinin işıqlandırılması, kənd ərazisində bankomatın quraşdırılması, su təchizatının yaxşılaşdırılması, işlə təmin olunma və digər şəxsi məsələlər ilə bağlı olub.

 

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə əlaqədar aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.

 

Kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu