Arxiv
28 Yanvar 2020, 09:25 | MÜSAHİBƏ
“9-cu sinfi güclə bitirib ailə qurmağı gözləyən qızlarımız var” –TELEAPARICI LEYLA MUSTAFAYEVA

Modern.az saytı “Bizimkilər” rubrikasını davam etdirir. Bu rubrikada biz, özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik.

 

Rubrikamızın budəfəki qonağı Xəzər televiziyasında yayımlanan “Ənənə boğçası” verilişinin aparıcısı Leyla Mustafayevadır.

 

Leyla Mustafayeva Bakıda dünyaya gəlib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kütləvi tədbirlər rejissorluğu” ixtisasının magistr və bakalavr pilləsini bitirib. 2003-cü ildən televiziya sahəsində çalışır. 9 il “ANS” telekanalında çalışıb. Artıq 7 ildir ki, “Xəzər” televiziyasında fəaliyyətini davam etdirir.

 

- İlk olaraq ənənəvi sualımızdan başlayaq. Jurnalist olmaq qərarınızdan məmnunsunuzmu?

 

Bəzən həyat özü insan üçün bir peşə, ixtisas yolu seçir. Sən də istəmədən onu təqlid edirsən. Desəm ki, uşaqlıqdan jurnalist olacam deyə iddiam olub, yalan olar. Lakin indi güzgü önündəki diktor kimi çıxışlarımı, xəyali mikrafonları xatırlayanda düşünürəm ki, mən elə uşaqlıqdan jurnalist kimi böyümüşəm.

 

 

Adətən ailələr qızlarının müəllim və həkim peşəsinə yiyələnməsini istəyirlər. Ailəniz sizin jurnalist olmağınıza etiraz etdi?

 

Etmədilər. Doğrudur, mühafizəkar ailədə böyümüşəm. Amma jurnalistika elə peşə deyil ki, ailəm buna görə mənə qarşı çıxsın. Əksinə, onlar biləndə ki, jurnalistika ixtisasını seçirəm, mənə dəstək oldular. Gördüyün işə sevgi ilə yanaşırsansa mütləqdir ki, o işdə uğur qazanırsan. O uğur üçün də hökmən dəstək olmalıdır.

 

- Aparıcısı olduğunuz veriliş toylarla, toy adətləri ilə bağlıdır. Toylarımızdan danışmağınızı istərdik, mənfi və müsbət tərəfləri nələrdir?

 

Mən bir sıra dünya ölkələrinin toy adət-ənənələrinə həm özüm şahid olmuşam, həm də verilişim vasitəsilə tamaşaçıları da agah etmişəm. Əslində, hər millətin toyu özünə maraqlıdır, eləcə də adət-ənənəsi. Məsələn, başqa ölkələrin bəzi toy adət-ənənəsi mənə sıxıcı görünsə də bu, onlar üçün çox sevilən və maraqlıdır. Bizim toyları daha da maraqlı edən toyu rəngarəng etmək üçün sərf edilən maddiyyatdır. Toylarımızda hər kəs israfçılığı qınayır. Amma istər bizim ölkədə, istərsə də xarici ölkələrdə bəzi şəxslərin öz övladlarının toyuna yüz minlərlə vəsait xərcləməsini nəzərə alsaq bizim toyun təşkili üçün xərclədiyimiz məbləğ bunun yanında çox azdır. Düzdür, hər kəs toyda, menyuda olan israfçılığı qınayır. Lakin etiraf edək ki, toya gedib qayıdan hər kəs mütləq şəkildə yeməklərin bolluğundan, təşkil olunmuş  əlavə maraqlı məqamlardan, hətta gəlinin qızılından tutmuş libasına qədər hər şeyi müzakirə edir. Belə olan halda da nə kasıb, nə də varlı istəmir ki, toya gələn qonaq evə narazı getsin. Bir də ki, bizim nişan mərasimlərindən danışmaq istəyirəm. Xarici ölkələrdə tanışlıq dönəmi olur ki, qızla oğlan bu müddətdə biri-birini yaxından tanımağa çalışır, uyğunluq olmayanda da ayrılırlar.

 

Bu proses də hamı tərəfindən çox adi, sıradan qarşılanır. Lakin bizdə qızın nişanı geri çevirməsi böyük bir ailə faciəsi kimi qarşılanır. Hətta bu hadisəni elə qələmə verirlər ki, guya ki, o qız bir də ailə qura bilməyəcək. Hələ də bir çox insan bunu anlamır ki, nişan adlanan bir anlayış əslində qız və oğlanın biri-birlərini daha yaxından tanıması üçün ayrılan zaman müddətidir.

 

 Əgər cütlüklər uyğun deyillərsə, ayrılmalıdırlar, yoxsa ki, qızın bir daha ailə qura bilməyəcəyi qorxusu ilə həm oğlan, həm də qızı bədbəxt etmək olmaz. Fikirləşirəm ki, bu cür düşüncə tərzindən insanlarımız uzaqlaşsa daha yaxşı olar.

 

 

- Sizi efirdən tanıyırlar, yəqin ki, tamaşaçılarınız sizi görəndə görüşmək istəyir. Bu, sizi narahat etmir?

Şükürlər olsun ki, hələ ulduz xəstəliyinə tutulmamışam. Mənim işim el məclislərini, xeyir işləri işıqlandırmaq, adət-ənənələrimizi tanıtmaqdır. Bütün bunları etmək üçün isə təbii ki, xalqın, tamaşaçıların içərisində olmalıyam. Aparıcılar tamaşaçılar üçün əlçatmaz görünür. Amma biz də bir övladıq, anayıq və ən əsası bu millətin nümayəndəsiyik. Efirdən görünməyimiz bütün bunları dəyişdirə bilməz. Həm də onu deyim ki, tamaşaçılardan qaçdıqca yox, onlara çatdıqca, yaxın olduqdca daha çox sevilirsən.

 

- Özünüzə tamaşaçı kimi baxırsınız? Bir tamaşaçı kimi nələrdən xoşunuz gəlmir, hansı dəyişikliyin olmasını istərdiniz?

Təbii ki, baxıram. Mən özümü izləməsəm, üzərimdə işləyə və inkişaf edə bilmərəm. Çünki nöqsanlarımı istər öz üzərimdə, istərsə də proqramda görməliyəm. İdeal insan olmadığı kimi ideal aparıcı da yoxdur. Xüsusilə vurğulayım ki, burada söhbət müasir aparıcılardan gedir. Yalnışlarımı  özüm görməklə yanaşı, həm də bunları mənə göstərən dostlarım da var. Ən əsası haqlı tamaşaçı rəyi mənim üçün çox önəmlidir. İzləyirəm, görürəm və nəzərə alıram…

 

Tam səmimi cavab verməyinizi istərdim, öz yaxınlarınızın toyunun efirdə işıqlandırılmasına razı olardınız?

- Bu sualda qeyri-səmimi cavab verə biləcəyim hər hansısa məqam yoxdur. Efirdə yüzlərlə toyu nümayiş etdirib, yüzlərcə adət-ənənəyə şahid olmuşuq. Mənim toylarımızı çəkməkdə məqsədim milli adət-ənənələri işıqlandırmaq və öyrənməkdir. İndiyədək heç kimin toyunu məcbur çəkməmişik. Təbii ki, çəkiliş təklifi birbaşa olaraq toy sahiblərindən, tamaşaçılardan gəlib. Öz yaxınlarımdan da kimsə toyunun işıqlandırılmasını istəsə, niyə də olmasın?! Burada pis nə var ki?

 

 

- Çəkiliş zamanı başınıza gələn maraqlı məqamlardan danışmağınızı istərdik…

Hə, bu məqamlardan danış, danış bitməz. Bəyin toydan bir gün öncə məni öz yaxın dostu ilə səhv salıb gizlində bütün sirlərini mənlə bölüşməyi, rayonlarımızdan birində Rusiyadan gələn bəyin oradakı ailəsini gizlədib burda 18 yaşlı gənc bir xanımla ailə qurmaq istəməsi və daha nələr, nələr…

Sizə xüsusilə bir məqamı çatdırmaq istəyirəm. Bizim bəzi bölgələrimizdə 9-cu sinifi güclə bitirib işi ancaq ailə qurmağı gözləmək olan qızlarımız var.

Onlara və onların ailələrinə görə qız uşağı bir az böyüdüsə, mütləq ailə qurmalıdır. Hərçənd ki, bu erkən evliliklərə yol açır, tamam, heç nə demirəm. Amma ən qorxulu məqam bilirisiniz nədir?

Qızın valideynləri övladlarını ərə verdikləri adamın nə özünü, nə də ailəsini araşdırmırlar. “Aman birdən qızım evdə qalar, alan olmaz” deyib, elə ilk fürsətdə gələn birinci namizədə “hə” cavabı verirlər.

Düşünün ki, o qədər əqli, zehni qüsurlu insanlara, ailələrə ərə verilən qızlar görmüşəm ki… Belə ailələrdə oğlan evi müəyyən vədlər verərək, qız evindən cehiz istəmir və böyük miqdarda başlıq pulu təklif edirlər. Bu şəkildə qurulan ailələrdə də qızın həyatı toydan bir həftə keçməmiş əsl cəhənnəmə çevrilir.

Hələ, “Qızım ər evinə getdisə, ancaq o evdən meyiti çıxa bilər” deyə düşünən insanlar var. O cür düşünən ailələrə səslənmək istəyirəm. Qızlarınız 3, ya 5 olsun fərq etməz, onları oxudun, əllərinə sənəd verin və ailə qurduqdan sonra arxalarında dayanın.

Qızınıza deyin ki, ailə probleminizi özü həll etsin, amma ən çətin anda yanında olduğunuzu da unutdurmayın. Oğlan evi də qızı kimsəsiz, tək-tənha bilməsin.

 

 

- Övladınızın tərbiyəsində nələrə diqqət edirsiniz? Tələbkar anasınız?

- Mən qızımı çox sıxışdırmıram ki, çətinliyə düşəndə çarəsiz qalsın. Nə də çox boş buraxmıram ki, özünü və ya ətrafın hər hansısa bir yalnış təsirinə düşsün. Zamanla ayaqlaşamağa çalışmaq lazımdır, deyəcəm, amma siz bunu yanlış anlamayın. Zamanla ayaqlaşmaq deyərkən bu gün cəmiyyətdə o qədər mənfi yönə dəyişiklilər var ki. Biz övladımızı istədiyimiz kimi yetişdirə bilərik. Lakin onların düşdüyü təsir dairəsi daha güclüdür. Bəzi cüzi qadağaları çıxmaq şərti ilə mən demək olar ki, qızıma qadağalar qoymuram. Sadəcə ona nəyin doğru, nəyin yalnış olduğunu izah etməyə çalışıram. Və seçimi də özünə buraxıram. Lakin özü belə bilmədən onu izləyirəm. İzləyirəm, bilirsiniz niyə? Əgər mən bu yaşımda belə müəyyən yanlışlar edib öyrənirəmsə, deməli o azyaşlı qızcığazın səhvləri daha çox olacaq. Buna görə də uşaqları doğru yolun cığırına salanadək mütləq izləməlisən. Bayaq dediyim kimi, arxasında, yanında olduğunu da hiss etdirməlisən. Bəli, məktəb uşaqlarımıza təhsil verir, ancaq bu cəmiyyətdə necə baş çıxarmaq lazım olduğunu, öz ayaqlarının üzərində necə durmalı olduqlarını biz onlara öyrətməliyik.  

Uğur necə qazanılır, zaman necə yönləndirilir, insanlar necə tanınır? Övladlarımıza mütləqdir ki, bu nüansları öyrədək.  Bir yazıda oxumuşdum. Orada deyilirdi ki, “Bizim elə də ağır imtahanımız olmadı, elə bu zəmanənin insanı olmağımız yetdi”. Məncə, elə bu fikir bütün bu dediklərimi, həqiqəti açıqlayır.

 

 

- Adət-ənənələrin ən yaxşı qorunduğu bölgə hansıdır?

Hər bölgənin özünəməxsus adət-ənənəsi var. Çox təəssüf ki, onların çox qismi artıq unudulub. Nənənlərimiz, babalarımız danışanda deyirlər ki, bizim vaxtımızda filan şey var idi, amma indi yoxdur.  Əslində bütün bu misallar hamısı özü-özlüyündə bir “SOS”dur. Çünki unudulan bizim adətlərimizdir. Bir müddətdən sonra indikilər də unudulacaq və bununla da millilik bitəcək. Belə, amma Cənub bölgəmizdə, Ağstafada, bir də Şimal bölgəmizdə toy adət-ənənələri çoxdur və hələ də qorunur.

 

- Efir məkanında hansı verilişi öz verilişinizə rəqib görürsünüz?

Belə milli toy adət-ənənəsindən bəhs edən verilişlər çox deyil. Bir “Space” telekanalında “Banu” proqramı, bir də mənim də aparıcılıq etdiyim “Ənənə boğçası” verilişi var. Bu iki proqramı da biri-birinə rəqib görmürəm. Hansı proqramın daha çox sevildiyini, daha çox izləndiyini tamaşaçı və reytinqlər müəyyənləşdirir. Mən tamaşaçımı ekrana bağlamağı daha üstün bilirəm, nəinki hansısa proqramla rəqabət aparmağı.

 

 

Jurnalistika ilə bağlı hansısa layihə fikirləşirsiniz?

“Ənənə boğçası” özü layihədir.Və təbii ki, onu daha da inkişaf etdirməyi düşünürəm. Ümid edirəm ki, bu inkişafı tezliklə bütün tamaşaçılarımız görəcək.

 

Toy sahibləri ilə razılaşmadığınız məqamlar olur ?

O qədər olur ki, elə məqamlar… Zəng edirlər, gedirik, çəkirik. Sonda bəlli olur ki, bəyin başqa bir ailəsi var və toyun efirdə yayımlanmasını istəmir. Həə, artıq belə məqamlarda problemlər yaranır. Və ya hansısa qohum narazılıq edir. Ona görə “şərti şumda kəsirik ki, xırmanda yabalaşmayaq”.

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ali məktəblərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı - YENİLƏNİB 24 Sentyabr 2020, 02:20 Savaş qoxusu 24 Sentyabr 2020, 00:57 ABŞ Lukaşenkonu prezidenti kimi tanımır 24 Sentyabr 2020, 00:53 Azərbaycana bu ölkədən dərman idxalı azalıb 24 Sentyabr 2020, 00:34 Bakıda kütləvi dava 24 Sentyabr 2020, 00:17 Kəlbəcərdə şəhid olan Həsənin qızı TƏLƏBƏ adını qazandı- FOTO 24 Sentyabr 2020, 00:01 Qəza törədən azərbaycanlı repçi həbs olundu 23 Sentyabr 2020, 23:44 Çernobılda 100 ildən sonra ayılar göründü 23 Sentyabr 2020, 23:19 Bərdədə 28 yaşlı qadın kista əməliyyatında öldü 23 Sentyabr 2020, 23:09 Nazirlik 225 sahibkarlıq subyektində pozuntular aşkarladı 23 Sentyabr 2020, 22:52 Ərdoğan NATO ilə  müzakirələr aparır 23 Sentyabr 2020, 22:35 Obama sosial şəbəkədə telefonunun nömrəsini paylaşdı 23 Sentyabr 2020, 22:21 Rusiyada deputat koronavirusdan öldü 23 Sentyabr 2020, 22:08 Hindistanda koronavirusdan ölənlərin sayı 90 mini ötdü 23 Sentyabr 2020, 21:57 “Dərs vaxtı”nın sabaha olan cədvəli - FOTO 23 Sentyabr 2020, 21:40 İcra başçısının müavini işdən çıxarıldı 23 Sentyabr 2020, 21:26 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 23 Sentyabr 2020, 21:15 Türkiyədə daha 72 nəfər koronavirusdan öldü 23 Sentyabr 2020, 20:59 ABŞ-dan neft ehtiyatları barədə açıqlama 23 Sentyabr 2020, 20:45 “Ordu quruculuğunun gücləndirilməsi üçün büdcədə ciddi artım nəzərdə tutulub” - Əli Əsədov 23 Sentyabr 2020, 20:31 Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib 23 Sentyabr 2020, 20:23 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 23 Sentyabr 2020, 20:12 “Büdcə təşkilatlarında izafi xərclərə yol verilir” - Baş Nazir 23 Sentyabr 2020, 20:01 Nazirlər Kabineti büdcə məsələlərini müzakirə etdi – QƏRAR VERDİ 23 Sentyabr 2020, 19:52 Naxçıvanda hərbi kurslar başa çatdı 23 Sentyabr 2020, 19:38 Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradıldı 23 Sentyabr 2020, 19:28 Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı XƏBƏR VAR 23 Sentyabr 2020, 19:20 Ceyhun Bayramov 28 ölkənin iştirak etdiyi beynəlxalq tədbirə qatıldı 23 Sentyabr 2020, 19:02 Daha bir ölkədə təhsil müəssisələrində yolxuma artır 23 Sentyabr 2020, 18:56 “AzGold” MMC-nin rəhbərinə cinayət işi AÇILDI 23 Sentyabr 2020, 18:43 Elman Paşayev Rusiya parlamentinin deputatı olmaq istəyir 23 Sentyabr 2020, 18:37 Azərbaycan su ehtiyatları yaradır 23 Sentyabr 2020, 18:21 Prezident və birinci xanım Balaxanıda görülən işlərlə tanış oldu - YENİLƏNİB 23 Sentyabr 2020, 18:04 Daha 7 şagird və 6 təhsil işçisi koronavirusa yoluxdu 23 Sentyabr 2020, 17:58 Arsak adı nə vaxt və hansı tarixi şəraitdə meydana gəlib? 23 Sentyabr 2020, 17:52