Modern.az

“Müxalifətdən xoşum gəlsə də, gəlməsə də bu addımı müsbət qəbul edirəm” – MÜSAHİBƏ

 “Müxalifətdən xoşum gəlsə də, gəlməsə də bu addımı müsbət qəbul edirəm” – MÜSAHİBƏ

7 Aprel 2012, 11:25

“Mitinqlərə getmirəm, çünki mitinqin təşkilatçılarına inanmıram”

Modern.az  politoloq Zərdüşt Əlizadənin İctimai Palatanın 8 aprel aksiyası ilə bağlı müsahibəsini təqdim edir. 

- Zərdüşt bəy, Azərbaycan müxalifəti bildiyimiz kimi 7 ildən sonra ilk dəfə icazəli mitinq keçirməklə bağlı qərar verdi. Ümumiyyətlə, İctimai Palatanın 8 aprel mitinqi ilə bağlı təəssüratlarınız, düşüncələriniz nədən ibarətdir?

- Bildiyimiz kimi, Azərbaycan hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq hüququnu müxtəlif vasitələrlə pozmağa çalışır. Başqa ölkələrdə vətəndaşlar mitinq keçirmək haqqında özləri qərar verib istədikləri yerdə də mitinqlərini keçirirlər. Bizdə isə gərək İcra Hakimiyyətindən icazə istəyəsən. Bu kobud qanun pozuntusudur. İkinci bir məsələni diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycanda Bakı şəhərinin bütün görməli yerlərini, mərkəzi küçələrində insanların sərbəst toplaşmasına bir məqsədlə mane olmağa çalışır. Yəni mitinqin əsas məqsədi bir qrup insanın mövqeyini cəmiyyətə çatdırmasıdır. Bunu da insanların diqqətinə çatdırmaq üçün şəhərin gəzməli, görməli yerlərində mitinqlər təşkil eləməklə çatdırmaq olar. Nə üçün dünyanın ən möhtəşəm şəhərləri olan Berlində, Londonda, Afinada mitinq eləmək olar, amma Bakıda olmaz. Bu analoqu olmayan bir qərardır. Təbii ki hakimiyyət xalqdan qorxur, xalqdan çəkinir. İnsanların sərbəst toplaşmasının qarşısını almağa çalışır. Ona görə də şəhərdən uzaq yerlərdə mitinq üçün yer ayırırlar. Müxalifət də məcbur olub hakimiyyətlə razılaşaraq ayrılan yerdə öz etirazını bildirmək istəyir. Mən bu baxımdan müxalifətin bu addımına müsbət yanaşıram.

- Sizcə, 8 aprel mitinqi siyasi meydanda nə ilə fərqlənəcək?

- Sözün düzü mən bu ənənəvi müxalifətdən müsbət heç nə gözləmirəm. Amma bir tərəfdən onlar da Azərbaycan vətəndaşıdırlar. Onlardan xoşum gəlsə də, gəlməsə də vətəndaş olaraq öz hüquqlarındaN istifadə etmələrini, bu cəhdi müsbət qarşılayıram. Mitinq eləyirlər, nə qədər adam gələr, gəlməz bunu özləri bilər. Lakin mən yenə qeyd edim ki, müsbət heç nə gözləmirəm.

- Zərdüşt bəy, necə düşünürsünüz, müxalifət ölkəmizdə olan sosial narazı kütləyə rəhbərlik edə bilirmi?

- Bu gün hakimiyyət narazı insanları müxtəlif vasitələrlə qorxudur. Onlar sadə insanları polislə, dəyənəklə, şantajla qorxudaraq öz yollarından çəkindirməyə çalışırlar. Bu da məncə hakimiyyətin xalqa qarşı terroru, total müharibəsidir. Mən bu baxımdan deyə bilərəm ki, bu insanların etiraz mitinqi indiki dövrdə çox müsbət haldır. Mən bunu yüksək qiymətləndirirəm.

- 8 aprel aksiyası sizcə, müxalifət düşərgəsində nəyi dəyişdirəcək?

- Bunu mən deyə bilmərəm. Özləri baxsınlar, nəyi dəyişmək istəyirlərsə, özləri qərar versinlər. Ancaq mən bu mitinqlərə getmirəm. Çünki mitinqin təşkilatçılarına inanmıram. Amma hansısa siyasi etirazı həyata keçirmək, etiraz etmək onların hüququdur. Bu hüquqdan yararlanmaqda düz hərəkət edirlər.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub