Modern.az

Dünyanın qəribə dəfn adətləri – ölü ilə rəqs, striptiz, ərləri üçün özlərini yandıran qadınlar…

Dünyanın qəribə dəfn adətləri – ölü ilə rəqs, striptiz, ərləri üçün özlərini yandıran qadınlar…

18 Fevral 2020, 09:42

Dünyanın bir çox ölkələrində dəfn prosesi ölünü torpağa basdırmaqla və ölü yaxınlarının bir yerə toplaşıb hüznlə acılarını bölüşməsi ilə həyata keçirilir. Lakin standartlardan kənar həyata keçirilən dəfn mərasimləri, anım prosesləri də diqqət çəkməkdədir.

 

Modern.az dünyanın bəzi ölkələrində heyrət doğuran və görməyə alışmadığımız dəfn mərasimləri, adət-ənənələri barədə kiçik araşdırma edib:

  

Ölü ilə rəqs…

  

Madaqaskarlılar dəfn mərasimini sanki toy-bayrama çevirirlər. Belə ki, bu xalq 7 ildən bir, ölən insanları qəbirdən çıxarıb şən musiqi sədaları altında onunla rəqs edirlər. Onlar elə düşünürlər ki, ölənlər öz əcdadlarının yanına getdiyi üçün çox xoşbəxtdir və sağ insanlar da bu sevinci ölülərlə bölüşməlidir. Artıq 7 ildən sonra qəbirdə hansı insanın qala biləcəyini isə biz deyə bilmərik.

 

  

Striptizlə müşaiət olunan anım mərasimi

 

Banqkokda xəsislik üzündən həyatının itirən rahib Çukok adına qəribə yas mərasimi təşkil olunur. Belə ki, artıq hər il ənənə halını alan yas mərasimində buddist rahiblər özəl olaraq striptizlə məşğul olan qadınları çağırıb, dünyasını dəyişən rahib Çukok üçün rəqs etməsini tələb edirlər. Yarıçılpaq şəkildə rəqs edən xanımlar rahibin heykəlinin ətrafında dövr vuraraq, sözün əsl mənasında “şou” yaradırlar.

 

Toy-bayrama çevrilən dəfn prosesi

 

İndoneziyanın Tana Toraja bölgəsində isə dəfn mərasimi sanki toy-bayrama çevrilir. Belə ki, dəfn mərasiminə gələn qonaqlar üçün fərqli xalqların musiqiləri səsləndirilir, rəqslər ifa edilir və çeşidli yeməklər paylanılır. Qeyd edək ki, dəfn mərasimi böyük maliyyə tələb etdiyindən hazırlıq həftələrlə sürür və artıq ölən şəxsin bədəni də çürüyür. Bununla da ev sahibləri ölən şəxsdən halallıq almış olurlar.

 

Cəsədləri quzğunlara yedirtmək və “göylərdə dəfn”

 

Çinin Tibet, Qinqay bölgələrində, həmçinin Monqolustanın daxilində yaşayan və buddizmə inanan şəxslər yaxınları öldükdən sonra cəsədlərini parçalayaraq quzğunlara yedirirlər. Bununla onlar ölən yaxınlarını göy üzünə dəfn etmiş hesab edir və onların ruhlarının yenidən başqa bir bədəndə yer üzünə qayıdacağını düşünürlər.

 

 

Ölü bədənlərin yağını yeyənlər...

 

Dəfn mərasimlərindən ən dəhşətlisini Cənub-Şərqi Avstraliyada yaşayan diers qəbilələri edir. Belə ki, bu qəbilədən olan insanlar ölən yaxınlarının üz, qol, ayaq və qarındakı yağ hissələrini yeyirlər. Bu cəmiyyətə aid olan inanca görə, yağ fövqəladə bir gücə sahibdir və o yağ təbəqəsi yeyilməlidir ki, ölülərin xüsusiyyətləri qəbilədə qalsın.

 

Planlaşdırılmış ölüm və ya yenidən dünyaya gəlmək inamı

 

Yaponiyada buddist rahiblər öz dəfn mərasimlərinə, hətta ölməklərinə belə əvvəlcədən hazırlanırlar. Belə ki, rahiblər ölməyi plana aldıqdan sonra ancaq meyvə və tərəvəz yeyərək bədənlərindəki yağı yandırmağa çalışırlar. Meyvə ilə qidalanan rahiblər həm də bu sırada idmanla da məşğul olur. İkinci addım kimi isə onlar zəhərli qurdları yeyərək qusmağa çalışırlar. Bununla onlar bədənlərindəki mayedən tamamilə xilas olmaq istəyirlər. Hər iki addım atıldıqdan sonra işin son məqamı gəlir. Belə ki, rahiblər son olaraq özləri üçün ayırdıqları tabutun içərisinə girir və hər gün sağ olduqlarını bildirmək üçün bir dəfə zil səsi çıxaran zəng çalırlar. Bununla onlar digər rahiblərə yaşadıqlarını sübut etmək istəyirlər. Artıq zil səsi gəlməyəndə digər rahiblər anlayır ki, tabutdakı şəxs ölüb və həmin tabutu möhürləyirlər. Möhürləmə prosesindən 100 gün keçdikdən sonra tabutdakı mumyaya dönüşmüş cəsəd müayinə edilir. Rahiblər bununla da inanırlar ki, ölən şəxs yenidən dünyaya gələcək.

Qeyd edək ki, bu ənənə Afrikanın da bəzi bölgələrində tətbiq olunur.

 

Xanımlar ölən ərləri üçün özünü yandırır

 

Hindistanda “Sati” adlandırlan ənənəni tətbiq edən insanlar isə ərləri öldükdə özlərini yandırılar. Tarixin qədim dövrləində bu ənənə ona görə tətbiq edilirdi ki, ölən döyüşçünün xanımı düşmən əlinə keçməsin. Yəni, qadın özünü yandırmaqla, bir növ öz namusunu təmizləmiş olurdu. Lakin bu qəribə və belə desək, dəhşətli ənənənin indi hansı səbəbdən tətbiq olunduğu sual doğurmaqdadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?