Modern.az

İspaniyada qalan azərbaycanlılardan xəbər var - “Səfirlikdən cavab verilmir”

İspaniyada qalan azərbaycanlılardan xəbər var - “Səfirlikdən cavab verilmir”

15 May 2020, 15:53

Koronavirus pandemiyasının ciddi itkilərə səbəb olduğu, eləcə də geniş miqyasda yayıldığı Avropa ölkələrindən biri də İspaniyadır. Belə ki, indiyədək bu ölkədə 274 367 nəfər COVİD-19 virusuna yoluxub, onlardan 27 459-u vəfat edib.

 

Maraqlıdır, İspaniyada qalan və geri qayıda bilməyən vətəndaşlarımızın vəziyyəti necədir? Onlara hər hansı dəstək göstərilirmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov İspaniyada vətəndaşlarımızın səhhətinin yaxşı olduğunu, lakin təxliyyə üçün bir neçə həftə bundan əvvəl etdikləri müraciətlərin cavabsız qaldığından dolayı narahat olduqlarını bildirib:

 

“Həmyerlilərimizlə daimi əlaqə saxlayırıq və səhhətləri ilə bağlı hər şey yaxşıdır. İspaniyada son gündə bu virusdan 138 ölüm faktı qeydə alınıb. Bu o deməkdir ki, artıq dövlət pandemiya üzrə kontrolu ələ ala bilib. Normal həyata geri dönmək üçün dövlət 4 mərhələli şəkildə qayıdış planı təqdim edib. Artıq bir neçə gündür əksər şəhərlərdə 1-ci mərhələ başlansa da, Madrid və Barselonanın 1-ci fazaya bu gündən keçirilməsinə razılıq verilib. İspaniya pandemiyadan əziyyət çəkən ən başlıca ölkədir. Avropada və burada yaşayan bəzi həmyerlilərimiz, əsasən də tələbələr, Azərbaycana təxliyyə olunmaq üçün bizə müraciət ediblər. Biz də müraciətləri aiddiyyatı üzrə Madriddəki səfirliyimizə təqdim etmişik. Amma təəssüflər olsun ki, müraciətlərdən həftələr keçməsinə baxmayaraq, səfirlikdən təxliyyə ilə bağlı hələ də bir yekun cavab deyilmir”.

 

K.Kərimov Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən İspaniyada yaşayan 65 vətəndaşımıza ərzaq yardımı oldunduğunu və bu yardımın yaxın zamanlarda yenidən reallaşdıralacağını da deyib:

 

“Mövcud pandemiya şəraitində iş yerləri bağlandığından bəzi həmyerlilərimiz maddi problemlərlə üzləşdilər. Ümumilikdə 65 müraciət daxil oldu və müraciətləri aidiyyatı üzrə Diaspor Komitəsinə yönləndirdik. Diaspor Komitəsi tərəfindən müraciətlərə baxıldıqdan sonra, müraciət edən hər bir vətəndaşa maddi yardımın olunması üçün vəsait göndərildi və çox qısa zaman ərzində vəsaitlər tərəfimizdən müraciət edən həmyerlilərimizə çatdırıldı. Yaxın zamanda belə bir dəstəyin yenə olması gözlənilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir