Modern.az

Boris Conson Rusiyanı G7-də görmək istəmir

Boris Conson Rusiyanı G7-də görmək istəmir

2 İyun 2020, 13:30

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın yenidən G7-yə qayıtmasına qarşı çıxacağını bəyan edib. 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Dünya Moskvanın davranışında Rusiyanın G7 üzvlüyünə qayıtmasını əsaslandıracaq dəyişikliyin şahidi olmalıdır,” - deyə Conson bildirib. B.Conson Rusiyanın Böyük yeddiliyə üzv kimi qayıtmasının tərəfdarı olmasa da, tədbirə hansı liderlərin qonaq çağırılmasını sammitin ev sahibi olan ölkənin qərar verdiyini də vurğulayıb.

Ağ evin rəhbəri Donald Tramp Böyük yeddiliyin sammitini sentyabrda ABŞ-da təşkil etmək istədiyini və tədbirə Rusiya, Avstraliya, Hindistan və Cənubi Koreya liderlərini dəvət edəcəyini deyib.

Rusiya G7 qrupundan 2014-cü ildə - Krım Rusiya ərazisinə qatıldıqdan sonra çıxarılıb.

Kanada da Rusiyanın təşkilata qayıtmasının əleyhinədir. Ölkənin baş naziri Castin Tryudo Moskvanın hələ də beynəlxalq qaydalara məhəl qoymadığını deyib.          

Rusiya isə öz növbəsində sammitə dəvətlə bağlı bir sıra sualların yarandığını bildirib. Rusiya rəsmilərini Trampın ölkə liderini tədbirə hansı statusla dəvət etdiyini, gündəmdə nələrin olacağı və iştirakçı ölkələrin tərkibi kimi məsələlər maraqlandırır.

Rusiya tərəfi, həmçinin istənilən halda tədbirə dəvətdə maraqlı olduğunu, amma danışıqlar prosesində tamhüquqlu üzv kimi iştirak etmək istədiyini vurğulayıb. Bununla yanaşı Rusiya dövləti qlobal problemlərin həllində G20 – “böyük iyirmilik” sammitinin daha effektiv olduğunu qeyd edib.

D.Trampın Rusiyanı yeddiliyə qaytarmaq ideyasını təkcə Makron dəstəkləyib. Hətta Vaşinqtonun özündə belə bu təşəbbüs birmənalı qarşılanmayıb.

ABŞ mətbuatının yaydığı məlumatlara görə, Rusiyanın dəvətinə qarşı ölkənin vitse-prezidenti Mayk Pens aktiv şəkildə çıxış edir. Demokratik partiyanın nümayəndələri də bu məsələdən narazıdırlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi