Modern.az

Vilayət Eyvazov: “İctimai nəqliyyatda sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir”

Vilayət Eyvazov: “İctimai nəqliyyatda sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir”

2 İyul 2020, 08:43

“Xüsusi karantin rejiminin pozulması halları təəssüf ki, hələ də qeydə alınır. Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, postlardan qanunsuz olaraq keçməyə cəhd göstərən, fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələbləri pozan insanlar, iaşə müəssisələri üçün elan edilən qaydalara riayət etməyən obyekt sahibləri, lüzumsuz yerə nəqliyyat vasitələrindən istifadə edən sürücülər və digər pozuntular aşkarlandıqda polis əməkdaşları tərəfindən həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək onlar məsuliyyətə cəlb olunurlar”.


Modern.az xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov  "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, vətəndaşların bir qismində şəxsi səhlənkarlıq, məsuliyyətsizlik hallarına rast gəlindi və tətbiq edilən inzibati cərimələr bu cür münasibətdən ortaya çıxan, eyni zamanda, ailələrinin, ətraflarının xəstəliyə yoluxmasına şərait yaradan acı həqiqətin nəticəsidir.

“Sərt karantin rejimi nə deməkdir? İnsanlar pandemiyaya yoluxmamaq üçün evində qalsın, ətraf mühitdən təcrid olunsun və beləliklə də, sağlamlığını təmin etsin. Əlbəttə ki, karantin ən effektiv mübarizə üsulu deyil, ancaq dünyada bundan daha yaxşı qoruyucu metod da tapılmayıb. Cərimələr də əslində, insanları bu qaydaları pozmaqdan çəkindirən səmərəli vasitədir. Yəni, cəriməyə məruz qalmamaq düşüncəsi tək bir insanı deyil, həm də onun yoluxdura biləcəyi digərlərini xilas edir.

Bu həqiqəti daxili işlər orqanlarının əməkdaşları aylardır ki, əhaliyə çatdırırlar. Bizim əsas işimiz cərimə yazmaq deyil və xatırladım ki, qaydaları ilk dəfə pozanların əksəriyyətinə heç cərimə də yazılmayıb, onlara xəbərdarlıq edilib.

Müxtəlif istiqamətlər üzrə monitorinqlər də aparırıq. Təsəvvürünüzə gətirin, ictimai nəqliyyatda hərəkət edən sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir. İaşə obyektlərində, açıq və qapalı məkanlarda sosial məsafə çox vaxt qorunmur. Son günlər yoluxmaya məruz qalan insanların sayının artması da məhz belə səhlənkarlıqların nəticəsi kimi meydana çıxır. Yaxud icazəsi olmadığına görə şəhəri tərk etmələrinə imkan verilməyən, ancaq postlardan yayınıb, ara torpaq yollarla avtomobillərdə hərəkət etməyə cəhd edən yüzlərlə şəxsi hamı gördü".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir