Modern.az

Vaqif Səmədoğlu: “Üç-dörd il yaşaya bilsəm, “Xatirələr” yazacam” - MÜSAHİBƏ

Vaqif Səmədoğlu: “Üç-dörd il yaşaya bilsəm, “Xatirələr” yazacam” - MÜSAHİBƏ

5 İyun 2012, 13:49

“Elə hadisələr var ki, onları məndən başqa heç kim bilmir”

 

Azərbaycanın Xalq şairi, əməkdar incəsənət xadimi Vaqif Səmədoğlunun iyunun 5-i doğum günüdür. Modern.az saytı şairlə əlaqə saxlayıb və ondan müsahibə alıb.

 

- Vaqif müəllim, 5 iyun doğum gününüzdür, Sizi təbrik edirik. Bu yaşda özünüzü necə hiss edirsiniz və bu yaş şairə hansı nostalji duyğuları yaşadır?

 

- Xatirələrə dalanda ilk növbədə özümün kim olduğunu düşünürəm, bir də təbii ki, bu illər ərzində qürur duyduğum, utandığım, təkrarı bir daha ola bilməyəcək anlarım da var. Mənim  deyərdim ki, məsulliyyət hissim hələ də bu yaşımda da yaşayır.

 

- Bu gün səhərdən kimlər zəng edib Sizi təbrik etdi?

 

- Telefon vasitəsilə ilk sizin Modern.az saytı təbrik etdi. Amma internet vasitəsilə dostlarım, tanışlarım, əzizlərim çox sayda təbriklər ünvanlayıblar.

 

- Bəs kimlərdən zəng gözləyirdiniz, təbrik umurdunuz, amma onlar zəng etmədilər...

 

- Mən heç kimdən təbrik ummuram və gözləmirəm. Belədə ki, hər birinin canı sağ olsun.

 

- Ürəyinizdən hansısa bir hədiyyəni almaq keçirmi?

 

- Mənim hədiyyə almağımı bir qırağa qoy, heç məclis belə, qurmuram. Amma ailəm hər zaman mənə hədiyyələr bağışlayır. Ətir və digər hədiyyələr olur.

 

- Bu gün əlamətdar günlə bağlı hansısa tədbir olacaq?

 

- Yubileyim olsaydı dövlət səviyyəsində qeyd olunardı, amma 73 yaşmı heç bir yerdə qeyd etmirəm. Nə Yazıçılar Birliyində, nə də digər bir qurumda.

 

- Bir neçə dəqiqəlik də olsa, Sizi uşaqlıq dövrünüzə aparmaq istərdim. Bizim əvəzolunmaz şairimiz Səməd Vurğunun sağlığındakı doğum günlərinizdən az da olsa, danışın. Ata kimi Sizin doğum gününüzü necə qeyd edirdi ?

 

- Mən çox qəribə bir məqamlara toxunmaq istəyirəm. Qardaşım Yusifin doğum günləri həmişə qonaqlı, səs-küylü və ədəbi kəsimin nümayəndələri ilə bol olardı. Xan Şuşinskidən tutmuş böyük yazıçı və şairlər, bəstəkarlar, tanınmış şəxslərin hamısı gələrdi bizə. Qardaşımın doğum günlərini atam belə qeyd edirdi. Amma mən isə öz doğum günüm üçün həmişə bir tələb edirdim. O da ki, bütün bu şəxslərin doğum gününmə gəlməməsi idi. Atam da  mənimlə razılaşardı və heç zaman evdə olan demokratiyanı pozmazdı. Mən öz doğum günümə həyat dostlarımı, tanışlarımı, sinif uşaqlarını, daha sonra tələbə yoldaşlarımı dəvət edərdim. Bax mən atamın sağlığında belə bir doğum günü keçirirdim.

 

- Bəs hansı doğum gününüz indiyədək yaddaşınıza həkk olunub ?

 

- 5 iyun 1939-cu il, yəni mənim bu dünyaya gəldiyim tarix.

 

- Bir az da doğum günündə ilk sevgiliniz ilə yadda qalan anlardan danışın.

 

- Hansı haqqında danışım indi bilmirəm ki... Bəlkə də xasiyyətimdə yeganə bəyəndiyim tərəfdi ki, həmişə qadınlara, qızlara çox diqqətlə yanaşmışam.

 

- Bu yaşda da o duyğular eyni olaraq qalır?

 

- Əlbəttə qalır, inanın dəyişsə, bu ölümə bərabərdi mənim üçün. Şair, yazıçı məhəbbəti qəlbində yaşatmasa, qidalandırmasa özü də yaşaya bilməz.

 

- Bəs bu doğum günü sizə heç olmasa iki kəlmə də olsa şeir yazdıra bildinmi?

 

- İnanın heç bir söz belə yaza bilməmişəm.

 

- Bu yaşda özünüzə nə arzu edərdiniz ?  

 

- Özümə ancaq arzu edərdim ki, bir neçə il də yaşayım və istədiklərimi həyata keçirə bilim. Xatirələrimi yazmaq istəyirəm. Mənim həyatım da elə gətirib ki, Səməd Vurğunun oğluyam və bu ailəyə mənsubam. Atamla, yaşadığımız anlarla bağlı çoxlu xatirələr, faktlar var. Bir də ki, cəmiyyəti maraqlandıracaq ictimai, siyasi hadisələrin birbaşa içində olmuşam. Onları da “Xatirələr” adı ilə yazmaq istəyirəm. Bir də elə hadisələr var ki, bunları məndən başqa heç kim bilmir. Üç, ya dörd ilə bu kitabı hazırlaya biləcəm.

 

Könül Səid

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir