Arxiv
11 İyun 2012, 15:10 | İQTİSADİYYAT
Ağdam-ticarətin laboratoriyası

Ağdamla bağlı araşdırmalarımızı davam etdiririk... Məqsədimiz  Qarabağın ürəyi sayılan Ağdamı bir daha tanımaq və yenidən gənc nəslə tanıtmaqdır…

Erməni işğalı şəhəri ölü zonaya, sanki, Vahid Qazinin dediyi kimi “ruhlar şəhərinə” çevirib…

Deyirlər başqasının ailəsini dağıdıb, yeni ailə qurmaq arzusunda olanlarda, heç vaxt xeyir tapmırlar. Özü çəkməsə də, o ağrını, o acını,  balası mütləq çəkir. Və bu ağrının-acının haradan qaynaqlandığını belə hiss etmirlər...

Ermənilər də beləcə, Ağdamın  “imarətləri”ni,  daşı divarı az qala qızıldan olan evlərini söküb satmaqla və ya özlərinə ev “qaraltmaqla”  elə bilirlər ki, xeyir tapacaqlar. Əsla, belə deyil. Ağdamı özləri “ruhlar şəhərinə” çevirdiklərindən, indi gecələr çox gümanki, AĞDAMIN səmtinə belə gələ bilmirlər. Bu dəqiqdir. Ruhlar arasında dolaşmaq özü  böyük ürək tələb edir axı... Hünər də ermənilərdə yoxdusa...

Şəhərimizin küçələrini, bütün gediş-gəliş yollarını indidən öyrənməli, Qarabağ tariximizin bir parçası olan Ağdamın tarixini təbliğ etməli və bundan yorğunluq hissi belə keçirməməliyik…      

Odur ki, o dövrdə işləmiş şəxslərlə tez-tez  görüşlər keçirir, paralel olaraq da “Lenin yolu” qəzetinin arxivində işləyirəm. Müntəzəm olaraq elmi mənbələrə də müraciət edirəm. Düzdür,  bəzən fikirlər üst-üstə düşmür. Yenidən dəqiqləşdirmək məcburiyyətində qalıram. Bütün bu araşdırmalar “Qarabağın AĞ DAMI - Ağdamın son yüz ili” tədqiqatımın tərkib hissəsini təşkil edir.

Tədqiqatın bəzi hissələrini KİV-də dərc etməklə məqsədim  oxucuların rəy və təkliflərini eşitməkdir. Məhz  verilən yazılardan sonra, electron poçtuma yüzlərcə məktub gəlmiş və  onlarca zənglər edilmiş,  nəticədə tədqiqatın bəzi məqamlarına düzəlişlər edilmişdir…

Bəli, Ağdam regionun ticarət mərkəzi idi. Bu XX əsrdə belə idi, XIX əsrdə də belə olmuşdu. Mərkəzin bir tərəfində Ağdam bazarı,  digər tərəfdən  isə iri ticarət mərkəzləri sayılan universal mağazalar dayanırdı. Bu mağazalar həm də “Qarabağın  toy otağı” hesab edilən  Ağdamın ticarət laboratoriyaları sayılırdı. Hər yeni addım, “süzgəc”dən keçməklə ticarətin yeni qaydalarına əlavə olunurdu. İlbəil mövcud olan, yazılmamış qanun-qaydalar da beləcə  təkmilləşdirilirdi. “Daim xidməti yeniləmək,  mal çeşidini artırmaq, ən ekskluziv malların yalnız burada satışını təşkil etmək ” -bu Ağdam  ticarətinin, sovet dövrünün sözü olmasın,  devizi  idi...

Bu dəfə görüşüb söhbət etdiyim şəxsdə uzun illər univermaqda işləyib. Fəqan Eyvazov özünü köhnə ticarətçi hesab edir. Çörək Muzeyinin direktoru işləmiş Hafiz Əliyevin təşəbbüsü ilə görüşümüz alınır. Bu yazıda müqayisə üçün  bir çox adamların fikirlərini alsam da, Ağdama bələdçilik etmək bu dəfə Fəqanın üzərinə düşəsi olur…

Ondan başlayaq ki, Ağdamın Mərkəzi Univermağı şəhərin düz mərkəzində yerləşirdi. Şəhərin bu  hissəsində diqqəti ilk olaraq Murad kişinin qəzet köşkü çəkirdi. Köşk univermaqla yanbayan idi. Köşk tərəfdə olan köhnə mehmanxana binasında Arif və Mamedin işlətdiyi  “Aztorqun” qızıl dükanı, “Ziya” kitab mağazası və binanın baş tərəfində “İzi kişinin” apteki fəaliyyətdə idi. Binanın ikinci mərtəbəsində Təbiəti Mühafizə İdarəsi yerləşirdi.

Xatırladaq ki , Ağdamda ilk qızıl dükanı “Beşmərtəbə”də  1973-cü ildə Niyazi və Nizami Qurbanov qardaşları tərəfindən açılıb. Həmin vaxt qızıl dükanı “raypo”ya baxırdı.

Təzə univermağın inşa edildiyi yerdə, yəni  tində, əvvəllər Əkbər kişinin “zakuşniki”  var idi. Onun yanında, prokurorluğa tərəf 12 nömrəli Texniki Rabitə şöbəsi, ondan sonra prokurorluq binası,   mətbəə, tarix-diyarşünaslıq muzeyi gəlirdi. Küçənin sonu dalana dirənirdi.

Əvvəllər Qobunun üstündən körpü də  var  idi.  Surxay kişinin çörək “butka”sı o istiqamətdə idi. O çörək mağazasının yerində  sonralar  “Qərənfil” uşaq baxçası üçün yeni bina inşa edildi.

Əkbər kişinin qəlyanaltısının yanında lap köhnə univermaq olub. Univermağın baş tərəfində kitab mağazası, təxminən məscidə bitişik məhkəmə binası, habelə bir sıra yaşayış evi, o cümlədən tanınmış ziyalı Həsən Qəhrəmanovun mənzili də var idi...

70-ci illərdə ərazidə baş vermiş güclü yanğın nəticəsində buradakı mənzillər və obyektlər yararsız vəziyyətə düşdüyündən yerləri dəyişmişdi.

Köhnə univermağın zirzəmisində  Qəribin limonad sexi, demokrat Məcidin “zakuşniki” var idi. Bu keçmiş  məhkəmədən bəri idi.

Univermaq qurtarandan sonra küçə bir balaca sağa burulurdu. Yenə dalan gəlirdi. Bəzən bu dalana “Bombey məhəlləsi” də deyərdilər…

Köhnə mehmanxananın arxası ATS idi. Onda onlar bir binada idilər.  Buradan həyətə daxil olmaqla, gedib çıxırdın  “Lenin yolu” qəzeti redaksiyasının köhnə binasına. O artıq Nizami küçəsinə baxırdı.  Onun bəri tərəfində Mamedin yeməkxanası idi…

Sonralar  Qobunun üstü  örtüldü və  burada Sadıq Murtuzayevin təşəbbüsü ilə  “raykomun” yeni binası  inşa edildi. Qobunun o üzündə  Mühafizə  şöbəsi  idi…

Həyətin baş tərəfində UPE deyilən rabitə qurğularının yerləşdiyi bina var idi. Orada  mühüm əhəmiyyətli rabitə xəttləri  birləşirdi.

Prokurorluq binasının arxasında prokurorun qonaq evi idi. Yerli olmayan prokurorlar orada yaşayardılar. Prokurorluq binasının birinci mərtəbəsində notarius yerləşirdi. Cəlilin notariusu deyərdilər. Prokurorluğun yan tərəfində isə bankın binası idi. Sonra müəllimlər evinin binası gəlirdi. Onun o üzü isə Yay  kinoteatrı idi…

Köhnə məhkəmənin qarşısından keçəndən sonra Ağdam məscidinin həyəti gəlirdi…

Məscidlə təxminən üzbəüz  “Çay evi”nin səmtində 50-60-cı illərdə “bala univermaq” əhaliyə xidmət göstərirdi. Univermaq iki yolun ortasında idi.  Bir tərəfdən daxil olanda, o biri tərəfdən çıxırdın. “Çay evi” tikilərkən, o sökülərək “Lenin” bağındakı Tağı kişinin kitab mağazasının arxa tərəfinə köçürüldü.  Onun yanında “Sarı təpə” istiqamətində çayxana da var idi…

Araşdırmalarımız göstərir ki, Ağdamda dörd univermaq olub. Onun birincisini İsi kişi,  ikincisini Abuhəyat Ələkbərova işlədib. Abuhəyat Ələkbərovanın işlətdiyi univermağı isə bünövrədən İbrahim Allahverdiyev işlədib. Bu univermaq əvvəlcə “Aztorq”un (Ticarət nazirliyi)  balansında idi. Üçüncü univermağı isə əvvəldən Aydın Qurbanov işlədib.  Dördüncü saydığımız univermaq isə Nizami-Niyazi Qurbanov qardaşlarının ticarət mərkəzi idi. Bunu da univermaq saymaq olardı. Çünki ikimərtəbəli ticarət mərkəzində yeyinti məhsullarından başqa hər şey satılırdı. Bu ticarət məkəzi isə 1982-cü ildə istifadəyə verilmişdi. Nizami və Niyazi Qurbanov qardaşları  Ağdamın sayılan seçilən nəslin nümayəndəsi idi. Atası  Surxay Qurbanov uzun illər Ağdamda məktəb direktoru vəzifəsində çalışmışdı....

Beləliklə,  mərkəzi univermaq 1978-ci ilin aprel ayının 12-də  istifadəyə verilmişdi. Univermaq üç mərtəbədən və bir zirzəmidən ibarət idi. Direktor və 3 məsul şəxs olmaqla univernaq mağazalara bölünmüşdü.

Birinci mərtəbə- mədəni mallar, təsərrüfat malları, kafeteriya;

ikinci mərtəbə- parça, ayaqqabı, parfümeriya qalanturiya;

üçüncü mərtəbə- tikili mallar, trikotaj;

zirzəmidə isə təsərrüfat malları satılırdı. Ora gələn kollektivin bəziləri gənclər idi. Çoxları ticarətdə işləmişdi.

Birinci mərtəbədə şüşə qablarda Ağa Ağayev işləyirdi. O, Vidadi Ağayevin qardaşı idi. Oyuncaq şöbəsində Nəcibə xanım işləyirdi. O, xalq artisti Muxtar Manıyevin baldızı idi. Ondan sonra gələn mədəni mallarda Sahibə xanım çalışırdı. Orada  idman mallarıda satılırdı. Şöbənin müdiri Məmməd Zamanov idi.

İkinci mərtəbədə Eldar Ağayev müdir idi. Ayaqqabıda Əzət xanım, parfümeriyada Zərifə xanım işləyirdi. İkinci mərtəbədə qalerenteriya, qızıl şöbələri də var idi. Parça şöbəsində Səidə  xanım çalışırdı.

Üçüncü mərtəbədəki  məktəbli  şöbəsində  Rahilə xanım, üst trikotajda Zenfira xanım, alt trikotajda Solmaz xanım, üst tikili mallarda Tahirin qızı Almaz xanım və Xalidə  işləyirdi.

Univermağın dörd bölməsində 12 satıcı ştatı var idi.

Umimiyyətlə, univermağın 40 nəfərə yaxın işçi vardı.

Üçüncü mərtəbədə arxa tərəfdə Aydın müəllimin kabineti  gəlirdi…

Univermaqla üzbəüz 80-ci illərdə yeni  mehmanxana binası istifadəyə verildi. Mehmanxanaya perpendikulyar istiqamətdə “rayispalkom” istiqamətində sosial təminat şöbəsinin binası yerləşirdi. Orada ovcular mağazası, “zakuşnik” (qəlyanaltı) var  idi.  «Dosaf» da orada idi. Mehmanxanaya tərəf olan tində isə  “oçki Murad”ın optika mağazası, Təzə Mehmanxanadan sonra  isə bankın binası  gəlirdi.  Mehmanxana inşa ediləndən sonra orada olan obyektlərin bir çoxu köçürüldü…

Poçtun böyüründə isə  iki mağaza da varıydı. Biri Aydının mağazası idi, o birində isə Qərənfil işləyirdi Hacızadə Hüseynin mağazası idi.

“Kommunist” küçəsindən sola dönəndə “Çaxır zavodu”nun həyəti idi. İçəridə isə İngilis, Marks, Çopur Züleyxagilin yaşayış evləri idi. Onun böyründə ərzaq mağazası idi. Sonra Sabir müəllimgilin evi, solda Aydın müəllimgil- prokurorun katibinin evi gəlirdi…

Həmsöhbətimlə tək ticarətlə deyil, həmdə şəhərdəki hamamlar barəsində də danışırıq.

Məlum olur ki, Ağdamda dörd hamam olub. Biri köhnə hamam, rayon milis şöbəsinin yanındakı Malıbəyli Məhbubə xanımın işlətdiyi, 2-cisi Nizami küçəsinin solunda bir tin o yana, 3-cüsü Əhmədavar istiqamətində, Yağ zavodunun qabağında. 4-cüsü də bazarla üzbəüz Süleyman Sani küçəsində idi. Məhbubənin bir nömrəli hamamı 30-cu illərin yadigarı idi. Sonra «Çaxır zavodu»na bitişik 2 nömrəli Eyyubun hamamını inşa etdilər. Mamedov Eyyubun. Neft satan İzzətin balaca qardaşı idi. Ondan sonra 3 nömrəli hamam tikildi. Yağ zavodu ilə Əhmədavara çatmamış Füzuli küçəsinin baş tərəfində. Naib düzü deyilən yerdə. Camaat parada gedəndə orada yığışardı.

4 nömrəli hamam isə bazarın arxasında idi. Abbas bəyin məktəbi ilə üzbəüz.

Hamamlarda əsasən  10-15 nömrə olardı.

Həmsöhbətimdən  şəhərdəki pavilyonlar haqqında  soruşuram.

-Ağdamda 70-ci illərin əvv dəmirdən iki yığma pavilyon quraşdırılmışdı. Biri “Lenin bağı”nın içərisində “Soyuztransa” yaxın idi. Pavilyonun qabağında kişi dəlləkxanası, yan yörəsində isə laryoklar idi.

Sonra onlar söküldü, yerində  ticarət passajı  inşa edildi. Pavilyonun biridə köhnə pekarnının yanında, Rəcəb Gözəlov küçəsində idi.  Hindarx yolundan gələndə barama qəbulu məntəqəsi tərəfdə quraşdırılmışdı.  Sonradan üçü də quraşdırıldı: biri aeroportda, biri  «İmarət»də, digəri isə “Pioner” bağında. “İmarətdə”  fəaliyyət göstərən pavilyon sonralar sokülərək yerində restoran inşa edildi.

Amma  ilk böyük ikimərtəbəli restoran 70-ci illərin ikinci yarısında tikildi. Ağdam restoranı və univermağı  Telman Orucovun Ağdama rəhbərliyi dövründə (1974-1979-cu illər)  inşa edilib.  Malıbəyli Ərşadın rəhbərliyi ilə inşa edilən  restoranı sonralar  Azərbaycanının Milli Qəhrəmanı Allahverdi Bağırov işlədəsi oldu…

Ağdamda son dövrlərə kimi iki kitab mağazası fəaliyyət göstərmişdi: “Ziya”, bir də Tağının kitab mağazası. Tağının kitab mağazası sonralar Bünyad Sərdarov küçəsində “selxozla” üzbəüz ərazidə inşa edilmiş ikimərtəbəli binaya köçürdülər.

Yexlax, Bərdədə olduğu kimi Ağdamın Hindarxı istiqamətindəki çıxışında  öz “Qaraçılar” məhəlləsi” deyilən məhəlləsi var idi. Burada Abuhəyat Ələkbərovanın oğlu Rövşən böyük bir universam işlədirdi həmi ərazidə. Onu da 80-ci illərin ortalarında istifadəyə vermişdilər. Satıcısı Şükür dayı idi.

Rövşən ondan əvvəl bir nömrəli məktəbin yanında olan mebel mağazasını işlətmişdi. O mağaza Tələt kişinin  aptekindən sonra gəlirdi. Aptekdən sonra Mahmudun “xoztovarı” idi. Ondan sonra Sonanın evi, sonra İnzibatın təsərrüfat malları idi. Ondan sonra İnzibatın təsərüffat mallarının yerində mebel mağazası yarandı. Onun da tində Fazilin budkası idi. Qalenteriya satardı….

Beləliklə, virtual məkanda Ağdamda yuxarıda sadalanan obyektləri axtarıb görmək istəsən  Məscidin  qoşa minarəsindən başqa heç nəyi tanımaq mümkün deyildir.  Hər tərəfi kol-kos basıb, şax-şəvəl başına götürüb. Ermənilər Ağdamı yer üzündən silmək istəyirlər deyəsən. İyirmi ildir daşıyırlar. Qurtarmır.  Belə getsə, Ağdamın torpağını maşınlarla satası olacaqlar. Amma faydası yoxdur… 

Bu addımlar  ermənilərə baha başa gələcək...

Bu gün Azərbaycanda böyükdən kiçiyə bir fikir var:

AZƏRBAYCANININ VƏ AZƏRBAYCANLILARIN  QARABAĞA DÖNÜŞÜ  MÖHTƏŞƏM OLACAQ...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əhəd Abıyev Daşkəsəndə səyyar qəbul keçirdi 19 Fevral 2020, 16:24 Sevinc Fətəliyevanın dairəsində 4 məntəqənin nəticələri ləğv olundu 19 Fevral 2020, 16:22 MSK daha 3 dairə ilə bağlı QƏRAR VERDİ 19 Fevral 2020, 16:15 MSK-nın iclası BAŞLADI 19 Fevral 2020, 16:09 Paşinyan 2 generalı qovdu 19 Fevral 2020, 16:03 Saxta sənədlərlə maliyyə əməliyyatı aparan şəxslər SAXLANILDI 19 Fevral 2020, 15:57 Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır 19 Fevral 2020, 15:50 Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb 19 Fevral 2020, 15:42 TƏBİB Ağdaşda yayılan təhlükəli virusla bağlı məlumat yaydı 19 Fevral 2020, 15:36 11 məntəqə ləğv edildi, fərq isə belədir... 19 Fevral 2020, 15:06 Ukraynadakı diaspor lideri GİLEYLƏNDİ: “Səfirin bizə qarşı qarayaxmalarını başa düşə bilmirəm” 19 Fevral 2020, 15:00 Bakı-Qazax yolunda raket tapılıb - FOTO 19 Fevral 2020, 14:54 Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin saxtakarlığına münasibət bildirdi 19 Fevral 2020, 14:48 Bu fotoyla məşhurlaşan kənd müəllimi nazirliyə dəvət olundu - FOTO 19 Fevral 2020, 14:42 Ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət 19 Fevral 2020, 14:36 Azərbaycanın bu ərazisində təhlükəli xəstəliklər yayıldı 19 Fevral 2020, 14:30 Azərbaycanda uzunömürlülərin sayı AÇIQLANDI 19 Fevral 2020, 14:24 “Lionel Messi ilə bu mükafatı bölüşmək möhtəşəm hissdir” - Formula 1 üzrə dünya çempionu 19 Fevral 2020, 14:18 Türkiyənin Azərbaycandakı səfiri rektorla görüşdü 19 Fevral 2020, 14:12 Amerikalı konqresmenlər Qarabağdakı “seçkilər”ə öz nümayəndələrini göndərir 19 Fevral 2020, 14:12 Dairə Seçki Komissiyasının sədri komaya düşdü 19 Fevral 2020, 14:06 Tovuzda təkərin partlaması ölümlə nəticələndi 19 Fevral 2020, 14:00 Türkiyə hər an əməliyyatlara başlaya bilər - Ərdoğan açıqladı 19 Fevral 2020, 13:54 Azərbaycanlı deputat gürcü politoloqun təxribatına CAVAB VERDİ 19 Fevral 2020, 13:48 Müdafiə Nazirliyi Xocalı tədbirləri keçirəcək 19 Fevral 2020, 13:41 Bakıda 40-a yaxın sərnişini soyan şəxs tutuldu 19 Fevral 2020, 13:37 Bakıda çay evində 24 yaşlı oğlan ürəyindən bıçaqlandı 19 Fevral 2020, 13:30 İranda koronavirus aşkarlandı 19 Fevral 2020, 13:24 Şəmkirdə xeyli sayda silah-sursat tapıldı 19 Fevral 2020, 13:18 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı AÇIQLANDI 19 Fevral 2020, 13:12 Sabahın HAVA PROQNOZU - yağış, duman, qar 19 Fevral 2020, 13:06 Qanunsuz tikilən evlər SƏNƏDLƏŞDİRİLƏCƏK 19 Fevral 2020, 13:00 Azərbaycanda “google map” vasitəsi ilə narkotik satan şəxslər SAXLANILDI 19 Fevral 2020, 12:55 JTI yenidən “Ən yaxşı işəgötürən”dir 19 Fevral 2020, 12:49 Tibbdə inqilab edən DAHİLƏR – Hippokratdan bu yana… 19 Fevral 2020, 12:42