Modern.az

İnternatda böyümüş döyüşçü - “Qardaşımı hospitallarda axtarırdıq, Şuşada tapdıq” - MÜSAHİBƏ

İnternatda böyümüş döyüşçü - “Qardaşımı hospitallarda axtarırdıq, Şuşada tapdıq” - MÜSAHİBƏ

Reportaj

18 Noyabr 2020, 09:58

Vətən bizim varlığımız, fəxrimizr, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, döyüşə gedən qəhrəmanlar heç vaxt unudulmur. Bu qəhrəmanlarımızdan biri də Maştağadakı 1 saylı internatda böyümüş Elçin Əhmədovdur. Onun qardaşı Araz Əhmədov Elçinin qəhrəmanlıqları haqqında Modern.az-a danışıb.


- Araz bəy, qardaşınız Ordudad xidmətinə davam edir. Onunla əlaqə saxlayırsınızmı? Sizə oradakı vəziyyət haqqında məlumat verirmi?

- Bəli, əlaqə saxlayırıq. Bir neçə gün əvvəl əlaqə saxlamaq çətinləşdi. İndi isə zəng çatır, şəbəkələri var. Onlar Şuşanın ətraf müdafiəsində olublar. Dünən isə hazırlaşırdılar ki, olduqları yerdən aşağı düşsünlər. Şuşanın ətrafında strateji mövqeli kəndlər var, orada döyüşürdülər. Elçinin vəziyyəti yaxşıdır. On gündür, mən də Şuşada idim. Qardaşımı hospitallarda, morqlarda axtardıq, amma Şuşada tapdıq.


- Orada şəraitləri necədir?

- Qələbə elan edilməmişdən əvvəl evlərdən yorğan, döşək, əşyalar götürməklə olduqları mövqelərdə qalırdılar. Şuşa ətrafındakı Dəmirçi kəndinin mövqeyini qoruyublar. Qələbə elan olunduqdan sonra isə artıq evlərə daxil olublar, istirahət edirlər.


- Ailəsi necədir, Elçinin qəhrəmanlığı haqqında hansı hissləri keçirirlər?

- Düzdür, ailəsinə hər vəziyyəti izah etmək olmur. Hər şeyin yaxşı olduğunu bilirlər. Şəbəkə olduqda özü də zəng vurur ailəsinə, danışır. Elçinin 3 övladı var. Onların hər biri ataları ilə qürur duyur, fəxr edirlər.


- Qardaşınız döyüşə könüllü gedib?

- Elçin dövlət himayəsində böyüyüb, dövlət tərəfindən yaşayış yeri və işlə təmin olunub. SOCAR-da işləyirdi. Döyüş başlayan kimi hərbi komissarlığa gedib könüllü qeydiyyatdan keçdi. Bir neçə dəfə gedib-gəldi ki, döyüşə aparsınlar. Nəhayət oktyabrın 8-i döyüşə apardılar.


- Sizə orada başına gələnlərdən, düşməni necə məhv etdiklərindən danışıbmı?

- Minamyot mərmilərinin göydən üzərlərinə yağan vaxtları olub. Onlar ərazini yaxşı tanımasalar da, düşmən olduğu ərazini beş barmağı kimi tanıyırdı. Axı ermənilər uzun müddət idi ki, orada yerləşmişdi. Bizim əsgərlər isə öz məsuliyyətlərini dərk edir, döyüşməli olduqlarını bilirdilər, lakin əraziləri yetəri qədər tanımadıqlarına görə, bəzi çətinlikləri olurdu.


- Qələbə xəbərini necə bildiniz? Həmin gün qardaşınızın yanında idiniz?

- Qələbə xəbərini eşidəndə mən də cəbhə bölgəsində idim. Orada insanlar  maşınlarda cənab Prezidentin çıxışına qulaq asırdı. Sonra atəşfəşanlıq başladı. Döyüşlərin dayanmasına hətta düşmən tərəf də sevinirdi. Ermənilər atəşfəşanlıq edirdilər, oxuyub-oynayırdılar. Biz qələbəmizə, düşmən isə canlarını qurtardıqlarına sevinirdilər. Elçinin yanında deyildim, bir az aşağıda idim həmin an, sonradan artıq onun yanına getdim.


- Qardaşlarınızla birlikdə internatda, dövlət himayəsində böyümüsünüz. Ən əzizini döyüşə yola salmaq necə hisdir? Düşüncələriniz maraqlıdır?

- Mən elə bir kollektivdə böyümüşəm ki, orada mənim qardaşlarım iki nəfər yox, bütün ətrafım olub. İndi də düşünürəm ki, orada olan əsgərlərin hər biri mənim qardaşımdır. Lakin doğmanın axtarılması, ona görə keçirilən hisslər tamamilə fərqli imiş. Şükürlər olsun, qardaşım sağ-salamatdır. Əsgərlərimiz şanlı bir tarix yazdılar. Onlara hər zaman minnətdarıq!



Mehri QURBAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!