Arxiv
3 Yanvar 2021, 13:30 | REPORTAJ
Cəbrayıldan 5 yaşında çıxıb 32 yaşlı əsgər kimi qayıdan ŞƏHİD - FOTOLAR

Azərbaycan İkinci Qarabağ Müharibəsindən sonra “Qəhrəmanlar Ölkəsi”nə çevrildi. Bunu Vətənin ərazi bütövlüyü uğrunda canından keçən oğullar sübut etdilər.


Modern.az
 saytı “Vətəni yaşadanlar” rubrikasına davam edir.


Vətənin müdafiəsi üçün sinəsini sipər edərək, şəhidlik məqamına yüksələn oğullarımızdan biri də Cəbrayılda dünyaya gələn və elə orada da son mənzilə yollanan Zamin Vahid oğlu Rəhimovdur.


Zamin Rəhimov 21 aprel 1988-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində dünyaya gəlib. O, doğulduğu torpaqları uşaq olanda - 5 yaşında tərk etmək məcburiyyətində qalmışdı. Zamin bir də o yerlərə 32 yaşında cəsur əsgər kimi qayıtdı. Və öz həyatını həsrətini çəkdiyi torpaqlara qurban verdi.


Şəhidimizlə bağlı daha ətraflı qəhrəmanımızın ailə üzvləri Modern.az-a danışıblar.



Həyat yoldaşı Leyla xanım
 Zaminin seçilmişlər sırasında olduğunu qeyd edib:


“Deyirlər ki, şəhidlik zirvəsinə yüksələn insanlar seçilmişlər olur. Həqiqətən belədir və Zamin həmin seçilmişlər sırasına daxil oldu.

Zaminlə mən artıq 4 il idi ki, evliydik. Bu müddət ərzində biz bəlkə də 30 il birlikdə yaşayan ailələrdən daha çox şey yaşadıq. O, bizə, övladımıza qarşı çox qayğıkeş, mərhəmətli idi. Mən onunla çox xoşbəxt idim. Zamin mənim üçün ölməyib, yaşayır. Onun ölümünə inana bilmirəm, hələ də yolunu gözləyirəm”.


“Ondan mənə yadigar İnci adlı körpəmiz və ən əsası ucaldığı Şəhidlik zirvəsi qalıb” deyən şəhid xanımını qəhər boğduğundan, söhbətin ardına davam edə bilmir...
 

1993-cü ildə Cəbrayıl yağı əlinə keçəndə, Zaminin ailəsi doğma yurd-yuvasından didərgin düşüb. Ailə Biləsuvar rayonu ərazisində salınmış çadır düşərgəsində məskunlaşıb. Burada min bir əzab-əziyyətə qatlaşmalı olublar. İnanıblar ki, tezliklə Cəbrayıla qayıdacaqlar...

1995-ci ildə Zamin 2 saylı çadır düşərgəsində 1-ci sinfə qədəm qoyub... 

Bir müddət sonra ailə başçısı Vahid Rəhimov işi ilə əlaqədar yaşayış yerini dəyişməli olub. Beləcə, Rəhimovlar ailəsi Biləsuvardakı çadır düşərgəsindən Bakıətrafı əraziyə köçüb. 

Zamin də orta təhsilini Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Ə.Veysəlov adına Cəbrayıl rayonu Sirik kənd tam orta məktəbində davam etdirib. 

2006-cı ildə orta məktəbi bitirəndən sonra Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.


Zaminin də digər gənclər kimi çoxlu arzuları vardı... Həm ailəsi, həm də körpə qız övladı ilə bağlı...

O, uşaq musiqi məktəbində qarmon müəllimi işləyirdi...

Söhbətə yenə şəhidin həyat yoldaşı Leyla xanımla davam edirik.

Müsahibimiz deyir ki, Zamin qızının məktəbə gedəcəyi günü səbirsizliklə gözləyirdi... Amma...



“Zamin İnciyə çox bağlı idi, amma bunu hiss elətdirmirdi. Çünki istəmirdi ərköyün olsun. İnci həm ondan çəkinir, həm də onu çox istəyirdi. İnciyə aid çox arzu, istəkləri var idi”. 

Leyla xanım deyir ki, indi balaca İnci ondan “atam hanı?”,- deyə soruşur: “Amma mən bu suala heç cür cavab verə bilmirəm”.


Kiçik yaşlarından musiqiyə həvəs göstərən Zamin hərbi xidmətdən qayıtdıqdan sonra Şuşa Musiqi Texnikumuna daxil olub, qarmon müəllimliyi ixtisası üzrə təhsil alıb. 2012-ci ildə Bakı şəhərində müvəqqəti yerləşən Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbində qarmon müəllimi kimi fəaliyyətə başlayıb. Məktəbdə çalışdığı müddətdə uşaqlarla qurduğu səmimi ünsiyyət sayəsində onların sevimli müəlliminə çevrilib.


“Zamin şagirdlərinə çox mehriban, bir o qədər də ciddi yanaşırdı. Musiqiyə həvəsi uşaqlıqdan var idi”.


İgidimiz torpağımızı azad etməyə gülə-gülə, oynaya-oynaya gedib. Heç könüllü yazılanda belə bunu ailəsinə deməyibmiş:


“Həyətdə oturmuşduq. Zamin gülə-gülə gəldi. Sevincinin səbəbini soruşduq, “cəbhəyə getmək üçün könüllü yazılmışam” dedi. O qədər sevincli, xoşbəxt idi ki, doğma torpaqlarına qayıdacağı günü gözləyirdi. Heç birimizə deməmiş gedib könüllü yazılmışdı.

Oktyabrın 1-i səhər saatlarında evə zəng gəldi, Zamin idi. Artıq avtobusda olduğunu, cəbhəyə yola düşdüyünü xəbər verdi. Halbuki, biz Zaminin işdə olduğunu bilirdik. Sağollaşa bilmədik, bizi Allaha əmanət etdi”.



Leyla xanımın sözlərinə görə, Zaminin gedərkən son sözü “erməni öldürməmiş geri qayıdan deyiləm” olub:


“Dostları bizə gəlib, Zamindən danışırlar. Onun vətənpərvərliyindən, torpağa bağlılığından söz açırlar. Dostlarının sözlərinə görə, Zamin hər dəfə torpağı azad etmək söhbəti ortaya düşəndə “sən getmə, mən getməyim, o getməsin, bəs kim getsin?” deyərmiş”.


Sentyabrın 27-də Vətən müharibəsi başlayanda bir çox igid oğullarımız kimi Zamin Rəhimov da ön cəbhəyə yollanıb. Doğma ocaqlarından köçkün düşmələri balaca Zaminin yaddaşına əbədi olaraq yazılmışdı. Onun ən böyük arzusu bütün işğal altındakı torpaqlarımızın, o cümlədən doğma yurdu Cəbrayılın düşməndən azad olunması idi. 

Bu istəklə döyüşlərə qatılan Zamin Rəhimov böyük şücaət göstərir, əzmlə vuruşurdu.

Həyat yoldaşı Leyla xanım Zaminin son zəngindən də söz açıb:


“Son dəfə Zamin evə zəng edəndə, ona “indi hardasan” sualı verik. Cavab olaraq “bilsəniz ki, harda dayanmışam, o yerdən əyilib öpərdiniz” dedi. Zamin sən demə həmin vaxt doğulduğu, həsrətini çəkdiyi ata yurdu Cəbrayıldan zəng vururmuş. Telefonu söndürdükdən sonra son mesajını yazdı: “Özünüzdən muğayat olun”. 

Hər zəngində o qədər həvəslə, fərəhlə danışırdı ki, sanki evə dönəcəyindən əmin idi”.


Zamin şəhid olmazdan əvvəl sonuncu zəngində dayısı ilə danışıb...

“Ölümündən az öncə dayısı ilə danışıb. Bir sözü olub: “Dayı, Cəbrayılı gördüm, ölsəm də, gözüm arxada qalmaz”".


Leyla xanım şəhidin həyat yoldaşı olmağını bir cümlə ilə ifadə edib:

“Mən onun qoyub getdiyi Şəhidlik zirvəsi ilə fəxr edirəm, hər şey Vətən üçündür”.



Şəhidimizin böyük qardaşı da hərbçidir - Zabil Rəhimov:

“Bizim uşaqlığımız çox çətin olub. Yaşımız az olanda doğma torpaqlarımızdan köçkün düşdük.

Zamin ailədə ən kiçik övlad olmasına baxmayaraq, ən böyüyümüz o sayılırdı. Uşaqlıqdan çılğın, zəhmətkeş uşaq olub. Oktyabrın 1-i səhər mənə zəng etdi, gülə-gülə dedi ki, "mən cəbhəyə yollanıram, dostum telefonumla, pulqabımı gətirib sənə verəcək"”.


Zabil deyir ki, qardaşı üç gün Ağcabədidə qalıb, daha sonra Cəbrayıla yola düşüb:


“Son danışığımızda da yaralı gələn hərbçilərin vəziyyəti ilə maraqlanırdı. Soruşdum nə edirsən? Cavab olaraq “torpağımızdayam, bel axtarıram ki, torpaq yığıb, evimizə gətirim” dedi. Oktyabrın 6-sı son dəfə danışdıq. Səhəri gün zəng etdim, telefon sönülü idi. Oktyabrın 8-i isə şəhid xəbərini aldıq.

Zamin mənim qolum, qanadım, dayağım idi”.


Şəhidin anası ilə söhbətləşmək istədik. Ancaq Rayə ana qəhərləndiyindən danışa bilmədi, bircə bunu deyə bildi: “Mən fəxr edirəm ki, Zamin kimi oğul böyütmüşəm”.


Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edilir. Oktyabrın 8-də isə Zaminin Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldığı xəbəri gəlir.


Şəhid Zamin Rəhimov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.


Şəhadətin mübarək, igid əsgər! Ruhunuz qarşısında baş əyirik!


Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SOCAR-ın maliyyə işlərini nəzarətdə saxlamağa ehtiyac var - Deputat 25 Yanvar 2021, 15:21 Baş Prokurorluq xaricdə gizlənmiş 30 nəfərin ekstradisiyasına nail olub 25 Yanvar 2021, 15:11 Azərbaycan Livana NOTA VERİB 25 Yanvar 2021, 14:56 Azərbaycan xalqına qarşı müharibə cinayəti törədənlər AXTARIŞA VERİLİB 25 Yanvar 2021, 14:45 Koçaryan siyasətə qayıdır - Baş nazir olmaq İSTƏYİR 25 Yanvar 2021, 14:42 Komitə sədri gördüyü işlərdən danışdı 25 Yanvar 2021, 14:38 Azərbaycan və Türkiyə “feyk-nyus”larla birgə mübarizə aparacaq 25 Yanvar 2021, 14:33 “Ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməli qoyulacaq” 25 Yanvar 2021, 14:28 “Sizin təklifinizə uyğun olaraq, 6 ölkəni ziyarət edəcəyəm” -  Cavad Zərif 25 Yanvar 2021, 14:22 “AzerGold” ölkə iqtisadiyyatına 187 milyon manat vəsait cəlb edib 25 Yanvar 2021, 14:16 Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI 25 Yanvar 2021, 14:10 Bakıda evdən 2 600 manatlıq oğurluq edildi 25 Yanvar 2021, 14:04 Baş həkim bu əməllərinə görə həbs edilib 25 Yanvar 2021, 13:58 İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI 25 Yanvar 2021, 13:54 Milli Məclisin komitəsi Qarabağda İCLAS KEÇİRƏCƏK 25 Yanvar 2021, 13:50 Ermənistan diaspor dayağını necə itirib? 25 Yanvar 2021, 13:47 Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40 Nardaranda silahlı şəxs tutuldu - FOTO+VİDEO 25 Yanvar 2021, 12:36 Azərbaycan və İran xarici işlər nazirləri GÖRÜŞDÜLƏR 25 Yanvar 2021, 12:33 Rektor imtahan ərəfəsində tələbələrlə görüşdü 25 Yanvar 2021, 12:30