Modern.az

“Qaçqınkom” şəhid ailələrinə veriləcək evlərin sayını və yerini AÇIQLADI

“Qaçqınkom” şəhid ailələrinə veriləcək evlərin sayını və yerini AÇIQLADI

İqtisadiyyat

8 Yanvar 2021, 15:00

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışında məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin şəhid ailələrinə verilməsi barədə qərar qəbul etdiyini açıqlayıb. 

Dövlətimizin başçısı deyib:Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Hesab edirəm ki, köçkünlər, bağışlayın, keçmiş köçkünlər bunu düzgün anlayacaqlar. Mən hər şeyi həmişə necə var elə də demişəm. Mən bilirəm ki, onlar bu evləri uzun illər idi gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə, keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək çox düzgün qərardır”.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, ötən il məcburi köçkünlər üçün inşa olunmuş yaşayış sahələrinin dövlət başçısının göstərişinə uyğun şəkildə istifadəsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Bununla əlaqədar olaraq, Dövlət Komitəsi məcburi köçkünlər üçün nəzərdə tutulmuş, lakin artıq şəhid ailələrinə veriləcək evlərin sayı və ünvanlarını açıqlayıb.

"Dövlətqaçqınkom" bildirib ki, 2020-ci ildə  Bakı şəhərinin Qaradağ rayonundakı “Ümid” qəsəbəsində 180 ailə üçün beşmərtəbəli 3 yaşayış binasının, Binəqədi rayonunun Xocasən qəsəbəsində doqquzmərtəbəli 5 binadan ibarət 810 ailəlik yeni məhəllənin, 624 şagird yerlik məktəb binasının, 140 yerlik uşaq bağçasının, inzibati binanın və texniki infrastruktur obyektlərinin, Sabunçu rayonunun inzibati ərazisində doqquzmərtəbəli 30 binadan ibarət 1512 ailəlik məhəllənin, 1200 şagird yerlik məktəb binasının, 280 yerlik uşaq bağçasının, inzibati binanın, klub-icma mərkəzinin və texniki infrastruktur obyektlərinin, Abşeron rayonu ərazisində doqquzmərtəbəli 35 binadan ibarət  1890 ailəlik məhəllənin, 1512 şagird yerlik məktəb binasının, 280 yerlik uşaq bağçasının, klub-icma mərkəzinin və texniki infrastruktur obyektlərinin, Samux rayonu ərazisində dördmərtəbəli 9 binadan ibarət 200 ailəlik məhəllənin, 144 şagird yerlik məktəb binasının, 50 yerlik uşaq bağçasının, inzibati binanın, klub icma mərkəzinin, həkim məntəqəsinin və texniki infrastruktur obyektlərinin, Ağdam rayonunun Quzanlı qəsəbəsində 50 mənzilli beşmərtəbəli binanın, Lənkəran şəhərində 45 mənzilli  beşmərtəbəli binanın, Füzuli rayonunda 95 fərdi yaşayış evindən ibarət olan yaşayış qəsəbəsinin inşası başa çatdırılıb. 


Xatırladaq ki, Prezident İlham Əliyev 
bundan sonra məcburi köçkünlər üçün evlərin ancaq işğaldan azad edilmiş torpaqlarda tikiləcəyini bildirib. Bəzi layihələrin davam etdiyini, bəzi layihələrin isə başa çatmaq üzrə olduğunu vurğulayan dövlət başçısı deyib:

“İndi Füzuli rayonunda, Horadizdə və başqa bir kənddə evlər tikilibdir, onlar, əlbəttə ki, köçkünlərə veriləcək. Ancaq bundan sonra daha Bakı şəhərində, Gəncə şəhərində, Sumqayıt, Mingəçevir şəhərlərində və hər hansı bir başqa yerdə köçkünlər üçün evlər tikilməməlidir. Köçkünlər, yəni, keçmiş köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək və biz bunu da xüsusi proqram əsasında həyata keçirəcəyik. Bunu hər kəs bilməlidir və istərdim ki, bunu hər kəs bilsin. Bu, çox ədalətli yanaşmadır”.


"Ölkə rəhbərliyinin göstərişinə əsasən, Füzuli rayonunda tiklimiş evlər məcburi köçkünlərə veriləcək. Yaşayışa hazır olan
4687 mənzil isə ölkə rəhbərliyinin tapşırığının icrası üçün istifadə olunacaq",-deyə "Dövlətqaçqınkom"dan bildirilib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı