Modern.az

Əgər İvanişvili doğrudan da siyasətdən tamamilə çəkilirsə... - ŞƏRH

Əgər İvanişvili doğrudan da siyasətdən tamamilə çəkilirsə... - ŞƏRH

Analitika

11 Yanvar 2021, 12:48

"Gürcü Arzusu"in lideri Bidzina İvanişvili siyasətdən getdini bəyan edib. İvanişvili öz missiyasını yerinə yetirdiyini bildirərək hakim partiyanın sədrliyindən və üzvlüyündən istefa verib. O, bundan sonra yalnız öz şəxsi işləri ilə məşğul olacağını deyib.

Modern.az-ın məlumatına görə, siyasi icmalçı Şahin Cəfərli Bidzina İvanişvili qərarına münasibət bildirib. Onun sözlərinə görə, İvanişvilinin bu qərarı ölkədə siyasi böhranın yarandığı dövrə təsadüf edir.

“Müxalifət parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını söyləyərək, qazandığı mandatlardan imtina edib. (Son seçkilərin rəsmi nəticələrinə əsasən iqtidar partiyası 90, müxalifət 60 yer əldə edib.) ABŞ və Avropa Birliyi səfirlərinin vasitəçiliyi ilə krizisdən çıxmaq üçün tərəflər arasında dialoq aparılır. Lakin Qərblə müxalifət arasında da mövqe fərqləri var. Qərb onları parlamentə gedərək mübarizəni orada davam etdirməyə çağırdığı halda, müxalifət yeni seçki tələb edir”.


Ş.Cəfərli bildirib ki, İvanişvilinin öz qərarında nə dərəcədə səmimi olduğu çox önəmlidir. Çünki o, daha əvvəl də baş nazir vəzifəsindən və "Gürcü Arzusu" liderliyindən istefa versə də, partiyanı və ölkəni pərdə arxasından idarə etməyə davam etmişdi.

“Əgər İvanişvili doğrudan da siyasətdən tamamilə çəkilirsə, onda bu amilin Gürcüstanda siyasi proseslərin axarına çox ciddi təsiri olacaq. Bu halda siyasi böhrandan çıxmaq da asanlaşacaq, ən əvvəl ona görə ki, Gürcüstan müxalifəti ən güclü müxalif partiyanın lideri kimi Saakaşvilinin adı ilə assosiasiya olunur - hər nə qədər Vahid Milli Hərəkat xaricindəki müxalifət bunu istəməsə də... Saakaşvili faktoru qarşısında geri addım atmaq təkcə siyasi baxımdan deyil, psixoloji olaraq da İvanişvili üçün problem idi. Bu iki şəxsin rəqabəti və düşmənçiliyi Gürcüstanın inkişafı önündə bir tıxaca çevrilmişdi, Qərb də bu durumdan narahat idi.

İndi İvanişvilinin istefası ilə (əgər səmimidirsə) bu tıxac açılmış olur. Güman edirəm ki, Saakaşvilinin fürsətçilik etməsinə və bu durumdan fərd olaraq öz siyasi məqsədləri üçün yararlanmasına da imkan verilməyəcək”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır