Modern.az

Makronun erməni dilindəki bəyanatından sonra səfirimizi Fransadan geri çağırmalıydıq

Makronun erməni dilindəki bəyanatından sonra səfirimizi Fransadan geri çağırmalıydıq

Analitika

17 May 2021, 17:49

Hazırda Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanan üçtərəfli bəyanata uyğun olaraq, sərhədlərin dəqiqləşdirilməsi prosesi gedir. Lakin Ermənistan tərəfinin yenə də pozuculuq siyasəti yürüdərək, bu prosesə qeyri-adekvat reaksiyasının şahidi oluruq. Belə ki, məğlub ölkə Azərbaycanın müvafiq xəritələrə uyğun sərhədlərini bərpa etməsinə maneçilik törətməklə həm də ölkəmizin ərazi bütövlüyünü bir daha tanımadığını nümayiş etdirir. Ermənilər bu addımı hər zaman olduğu kimi, dünya dövlətlərinin diqqətini cəlb etmək məqsədilə atırlar. Və bu hay-həşirdə özlərinin "təcavüzə məruz qaldıqlarını" bəyan edirlər...


Bununla bağlı Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev düşünür ki, Ermənistan-Azərbaycan sərhədində baş verən anlaşılmazlıqlar erməni həyasızlığından başqa bir şey deyil:


“Qərb dövlətləri, beynəlxalq ictimaiyyət də həmişə ermənilərə yönəlik siyasət yürüdür. Eyni mənzərə Qarabağ məsələsində daha qabarıq nəzərə çarpır. Ermənilər illərlə məscidlərimizi, tarixi abidələrimizi dağıtdılar. Heç kim səsini də çıxartmırdı, qarışmırdı. Halbuki, müharibə zamanı ermənilərin bir-iki kilsəsinə ziyan dəymişdi, bu, dünyada səs-küy yaratdı. Xarici ölkələr reaksiya verdilər. İndi sərhəd məsələsində də eyni şey təkrarlanır.
Ermənilərin bu cür təxribatları köhnə problemdir və bizə yad deyil. Lobbiçilik, Azərbaycana qarşı qərəzli mövqe, antiislam, antitürk meyarlar Qərb mediasında yüksək olduğu üçün ermənilərin Qərbin diqqətini cəlb etmək meyli daha güclüdür. Bu situasiya sərhəd məsələsində də özünü büruzə verdi. Biz öz işimizi davam etdirməliyik. Əsas məsələ odur ki, sərhədlərimizi müvafiq şəkildə müəyyən edirik. Sərhəd qoşunlarımız bu mövqeləri tutur və prosesi davam etdirməliyik”.


Ermənistanın 30 il Azərbaycan torpaqlarını zəbt etdiyini, işğal altında saxladığını vurğulayan Fərid Şəfiyevin sözlərinə görə, ermənilərdə sərhəd hissiyyatı artıq yox olmuşdu:



“İndi ermənilər üçün bu reallığı qəbul etmək çox çətindir. Sovetdən qalan, hərbi, müvafiq xəritələr var. Buna uyğun delimitasiya keçirilməlidir. Hüquqi baxımdan delimitasiyadan söhbət gedirsə, ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Delimitasiya prosesi başlayanda ilk tələb budur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, biz məcbur etməliyik. Təkidlə tələb etməliyik.

Həmçinin, bu prosesdə beynəlxalq aktorların da rolu var. Onlar status məsələsini gündəmə gətirmək istəyirlər. Nə Fransa, nə də ABŞ reallığa uyğun addım atır, ərazi bütövlüyü məsələsi yoxdur, ortada yenə status məsələsini qabardırlar. Ona görə, bizim mövqeyimiz ermənilərə qarşı sərt olmalıdır. Hətta mən düşünürəm ki, Fransa prezidenti Emmanuel Makronun erməni dilində bəyanat verməsindən sonra biz səfirimizi Fransadan geri çağırmalı idik”.


Mərkəz rəhbəri Naxçıvanın Kərki kəndinin və Qazaxın 7 kəndinin hələ də də erməni işğalında olduğunu xatırladıb. Həmsöhbətimiz hesab edir ki, həmin kəndlərin azad edilməsi də önəmlidir:


“Belə məqamlarda Azərbaycanın xaricdəki diplomatlarının, diaspor nümayəndələrinin fəallığı önə çəkilir və bu kimi məqamlarda onların da aktiv fəaliyyətdə olması qabardılır. Halbuki, bu iş daim aparılmalıdır, gündəmdə olmalıdır. Biz baxırıq ki, ermənilər bütün platformalarda, Vikipediya-da, xarici mediada, jurnallarda və qəzetlərdə özlərinə sərf edən informasiyaları yayırlar. Ermənilər xristiandırlar, onların diasporu 100 ildir Avropada, Amerikada formalaşıb. Bizim diasporumuz isə gəncdir, ona görə, ermənilərlə mübarizə aparmağımıza çətinlik törədən obyektiv səbəblər var. Azərbaycanın xarici ölkələrdəki diaspor təşkilatları çalışırlar, amma onların fəaliyyətinin səmərəliliyi üçün daha çox sərbəstlik lazımdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!