Modern.az

CASCFEN rəhbərləri Əflatun Amaşovla görüşdü - FOTO

CASCFEN rəhbərləri Əflatun Amaşovla görüşdü - FOTO

Aktual

27 Sentyabr 2012, 17:31

Sentyabrın 27-də Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbərliyinə daxil olan şəxslər Azərbaycan Mətbuat Şurasını ziyarət edərək qurumun rəhbəri Əflatun Amaşovla görüşüblər.

CASCFEN sədri Azər Həsrətin başçılıq etdiyi heyət MŞ sədri ilə mümkün işbirliyi imkanları, Azərbaycan mediasının ümumi problemləri, söz və ifadə azadlığı, həmçinin jurnalistləri narahat edən məsələlər ətrafında fikir mübadiləsi edib.

MŞ sədri Əflatun Amaşov bildirib ki, CASCFEN-in rəsmi qeydiyyatdan keçərək fəaliyyətini hüquqi müstəvidə davam etdirməsi ölkədə və bütövlükdə regionda ifadə azadlığına ciddi töhfələr verəcək. Eyni zamanda o, qeyd edib ki, MŞ CASCFEN kimi təşkilatlarla hər zaman açıq işbirliyində maraqlı olub və bu xəttin faydasına inanırlar.

“Biz anlayırıq ki, Azərbaycan mətbuatının qarşısında duran vəzifələri daha keyfiyyətli bir şəkildə həyata keçirə bilməsi üçün bizim təşkilatlarımız əlindən gələni etməlidir. Müxtəlif təşkilatlar arasında işbirliyi və həmrəylik duyğularının güclənməsi də hər zaman jurnalistikamızın, ümumilikdə söz azadlığının xeyrinədir”, - deyə Əflatun Amaşov bildirib.

Azər Həsrət isə öz növbəsində qeyd edib ki, CASCFEN İdarə Heyətinin sonuncu toplantısında qurumun MŞ-na üzv olması ilə bağlı müzakirələr aparılıb və ümumi rəy bundan ibarət olub ki, məsələ sonuncunun rəhbərliyi ilə müzakirə edilsin. Bu məsələyə münasibət bildirən MŞ sədri cavab olaraq deyib ki, böyük məmnuniyyətlə CASCFEN-in MŞ-na üzv olmasını istərdilər. Nəticədə qərara gəlinib ki, CASCFEN İdarə Heyətinin oktyabrın 6-na nəzərdə tutulan
toplantısında məsələ rəsmiləşdirilsin və uyğun şəkildə MŞ üzvlüyü üçün müraciət edilsin.

Görüşdə iştirak edən CASCFEN sədrinin müavini Nadir Azəri də öz növbəsində qeyd edib ki, ölkədə mövcud olan jurnalist qurumları arasında işbirliyinin dərinləşdirilməsi, ortaya çıxan problemlərin hay-küylə deyil, danışıqlar və qarşılıqlı anlaşma yoluyla həll edilməsi baxımından CASCFEN-in MŞ-na üzvlüyü vacib məsələdir.

Görüşün daha bir iştirakçısı, CASCFEN İdarə Heyətinin üzvü Elşad Paşasoy isə qəzetlərin son vaxtlar üzləşdiyi yayım probleminə diqqət çəkərək MŞ-nın bu yöndə gördüyü işlərlə maraqlanıb. Əflatun Amaşov cavab olaraq bildirib ki, rəhbərlik etdiyi qurum məsələ ilə bağlı müvafiq dövlət qurumları ilə rəsmi məsləhətləşmələr aparır və yaxın zamanlarda problemin həlli gözlənilir.

Görüşün sonunda tərəflər belə təmasların davam etdirilməsilə bağlı razılığa gəliblər.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!