Modern.az

Şuşadan gələn diaspor nümayəndələrinin səfər TƏƏSSÜRATLARI

Şuşadan gələn diaspor nümayəndələrinin səfər TƏƏSSÜRATLARI

Diaspor

19 Avqust 2021, 17:57

Bu yaxınlarda Azərbaycan diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri təşkil olunub.

 

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan birgünlük səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtının baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət ediblər.

 

Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə diaspor nümayəndələrinə ətraflı məlumat verilib.

 

Səfərdə iştirak edən bir neçə diaspor nümayəndəsi Şuşa ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

 

 

 

Türkiyədə yaşayan azərbaycanlı Toğrul İsmayıl Şuşada qürur dolu anlar yaşadığını deyib. Onun sözlərinə görə, erməni vandallığını bütün dünyaya çatdırmaq üçün belə səfərlər vacibdir:

 

“Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşaya səfər etdik. Mən 1980-ci illərdə Şuşada olmuşdum. İndi Şuşanı tanımadım. Güllələnmiş heykəlləri gördüm. Çox kədərləndim. Tarixi yerlərimiz dağıdılıb. Hazırda Şuşada böyük quruculuq işləri gedir. Şəhərin siması özünə qaytarılır. Orada çox gözəl hisslər yaşadım. Sanki uşaqlığıma geri döndüm. Yol boyu dağıdılmış ərazilərə baxdıqca, insan çox pis olur. Amma bu günə də şükür, biz yenidən öz torpaqlarımıza qayıdırıq”.

 

ABŞ-da yaşayan azərbaycanlı fəal Hüseyn İmaməliyev də Şuşanın küçələrində gəzərkən nostalji hisslər yaşayıb:

 

“Şuşa bizə böyük xoşbəxtlik bəxşt etdi. Bu səfər gözləmədiyimiz anda baş tutdu. Şuşanın küçələri mənə Lahıcı xatırlatdı. Azərbaycana hər vaxt gələ bilərdik, amma Şuşaya gəlməyimiz möcüzə idi”.

 

Diaspor nümayəndəsi Gülnar İmaməliyeva isə Şuşanın hər qarışında şəhidlərimizin ruhunu hiss etdiyini söyləyib:

 

“Yol boyu gələrkən Şuşanı görəcəyimiz üçün həyəcan keçirirdik. Bu hissi həqiqətən sözlə ifadə etmək mümkün olmur. Bu, hamının yaşamalı olduğu gözəl duyğudur. Bu günə qədər Şuşada olmamışdım. Həmişə böyüklərimizdən Şuşanın Qarabağın incisi olduğunu eşidirdik. Məncə, Azərbaycanda ən təmiz hava Şuşadadır. Ora insanı valeh edir.

 

Havası, torpağı, yaşıllığı, bir sözlə, hər bir məqamı möhtəşəm idi. Şuşada yaşadıqlarımızı sözlə ifadə edə bilmirəm. Torpağın hər qarışında şəhid qanı, şəhid nəfəsi olduğunu düşündükcə kövrəlirdik. Yol boyu şəhidlərə rəhmət diləyərək getmişik. Ruhları şad olsun”.

 

 

 ABŞ-da yaşayan azərbaycanlı Rauf Şahbazovun sözlərinə görə, Şuşa səfərini sözlə ifadə etmək mümkün deyil:

 

 “Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə xaricdə yaşayan azərbaycanlıların Şuşa səfəri baş tutdu. Bu səfərdə mən də iştirak etdim. Şuşa haqqında çox eşitmişdim, amma görməmişdim. Bu səfərlə hər kəsin arzusunda olduğu Şuşa şəhərini gəzdim. Orada keçirdiyim hisslər sözlə ifadə olunmaz. Çox qarışıq hisslər idi. Arzu edirəm ki, hər kəs bu mənzərəni görsün və Şuşamızda həyat yenidən canlansın”.

 

Böyük Britaniyada yaşayan azərbaycanlı fəal Zaur Məmmədov isə Şuşanın möcüzəli şəhər olduğunu deyib:

 

 “Şuşanın çox möcüzəvi təsiri var. İnsan bu hissləri ifadə etməkdə çətinlik çəkir. Şuşa səfəri bizi çox təsirləndirdi. İlk dəfədir Şuşaya səfər edirdim, amma çox doğma gəlirdi, sanki illərdir burada yaşamışam...

 

Şuşanın şəkillərinə baxıb heyfislənirdik ki, oranı görə bilmirik, gəzə bilmirik. Amma biz indi o anları yaşıyırıq. Hamının üzündə sevinc vardı. Biz Azərbaycan Ordusu ilə, ölkəmizlə fəxr edirik. İnşallah, tezliklə bir daha görüşərik”.

 

Qeyd edək ki, diaspor nümayəndələrinin Şuşaya ilk səfəri iyulun 27-də təşkil olunub. 29 ildən sonra Azərbaycan diasporunun Şuşaya səfəri böyük maraqla qarşılanıb. Qarabağa ikinci səfərdə isə 26 ölkədən 102 diaspor nümayəndəsi iştirak edib. 

 

Fidan İlqar

 

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyilə ilə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda dərc olunub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi