Modern.az

Minsk qrupu bundan sonra Rusiyaya niyə lazımdır? - ŞƏRH

Minsk qrupu bundan sonra Rusiyaya niyə lazımdır? - ŞƏRH

3 Sentyabr 2021, 12:01

Rəsmi Moskva ATƏT-in Minsk qrupunu yenidən gündəmə gətirir. Ötən gün Rusiya Xarici İşlər Nazirliyinin (DİN sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Minsk qrupunun aqibətindən danışaraq, Kremlin bu formatı dəstəklədiyini diqqətə çatdırıb.

 

“Moskva Dağlıq Qarabağ probleminin nizamlanmasında yeni reallıqların adekvat nəzərə alınması ilə ATƏT-in Minsk qrupu formatını dəstəkləyir” - deyən XİN təmsilçisi Minsk qrupunun Rusiyadan olan yeni həmsədri İqor Xovayevin Cənubi Qafqaza səfər edəcəyini qeyd edib.

 

Qarabağ münaqişəsinin başa çatmasına baxmayaraq, Rusiyanın yenidən Minsk qrupunu gündəmə daşıması nədən xəbər verir? Moskva Bakı və İrəvana bununla hansı mesajları çatdırır?

 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a açıqlamasında bildirib ki, faktiki olaraq bu məsələdə fikir ayrılığı var:

 

“Bir mövqe Rusiya və Türkiyə ilə bağlıdır. Biz görürük ki, rus sülhməramlıları regionda yerləşib, həm də Türkiyənin Rusiya ilə Birgə Mərkəzi yaradılıb. Bunlar bəlli məsələlərdir. Azərbaycan ATƏT-in Minsk qrupuna dair öz mövqeyini açıqlayıb. Amma biz yaddan çıxarmalı deyilik ki, Rusiya eyni zamanda Minsk qrupunun həmsədrlərindən biridir. Bəzi məqamlarda müşahidə edirik ki, Rusiyada olan siyasətçilərin Minsk qrupunu qıraqda saxlamaq niyyətləri var. Bəzən onları qabağa çəkməklə, müxtəlif bəyanatlarla bunun əhəmiyyətini qeyd edirlər. Bu xətt daha çox Xarici İşlər Nazirliyi tərəfindən özünü biruzə verir. Bu da onu göstərir ki, Rusiya öz siyasətində Minsk qrupu mövzusunu bir təzyiq elementi kimi gündəmdə saxlamağa çalışır”.

 

 

Rusiyanın təzyiqi kimə yönəlib?

 

Tofiq Zülfüqarov suala cavabında deyib: “Rusiyanın təzyiqi Azərbaycan və Türkiyə tərəfinədir. Biz başa düşməliyik ki, Türkiyə həmsədr deyil, sadəcə üzvdür. Amma Türkiyə Rusiya ilə eyni gücə malik prosesdə iştirak edir. Bu baxımdan siyasi, diplomatik oyunların məqsədi budur ki, hansısa məqamlarda Rusiya Minsk qrupunu təyziq kimi istifadə etsin”.

 

 

Sabiq XİN rəhbəri onu da xatırladıb ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənipərəst mövqe nümayiş etdirir:

 

“Bu kimi məqamlarda Sergey Lavrovun daha fəal iştirak etdiyini görmək olar. İstisna etmirəm ki, Lavrov birbaşa ermənipərəst qüvvələrin əsas simalarından biridir. Eyni zamanda Ermənistanın mövqeyi Minsk qrupunun qayıtmasına tərəfdir. Onlar istəyirlər ki, Minsk qrupu qayıtsın və söz sahibi olsun. Onların ən çox istədiyi status məsələsidir.

 

Burada çoxtərəfli oyunlar baş verir. Təbii ki, Azərbaycanın da mövqeyi bəllidir. Minsk qrupunun gündəmə gətirilməsi Azərbaycanın xeyrinə deyil. Hesab edirəm ki, Minsk qrupunu neytrallaşdırmaq üçün bəzi məqamlarda Rusiya-Türkiyə kontentinə üstünlük verməliyik. Amma bir tərəfdən də çox ciddi diplomatik addımlar atılmalıdır. Azərbaycan xarici siyasətini çevik şəkildə həyata keçirməlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi