Modern.az

“Azərbaycan-Türkiyə qardaşlığı tarixi köklərə əsaslanır” - Tahir Budaqov

“Azərbaycan-Türkiyə qardaşlığı tarixi köklərə əsaslanır” - Tahir Budaqov

Aktual

15 Sentyabr 2021, 12:50

“Bu gün çox əlamətdar bir gündür. Belə ki, düz 103 il bundan öncə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycan Ordusu ilə birgə Bakı şəhərini bolşevik-daşnak qüvvələrindən azad edib. Zaman bir daha göstərir ki, Azərbaycan Türkiyə dostluğu və qardaşlığı tarixi köklərə əsaslanır”.

 

Modern.az-ın xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Bakının işğaldan azad edilməsi zamanı 5 mindən çox türk əsgəri öz canlarını qurban veriblər:

 

“Bu hadisələr Azərbaycan xalqının yaddaşına həkk olunub. Azərbaycan xalqı hər zaman türk şəhidlərinin xatirəsini əziz tutur. Bakı Türk Şəhidliyi abidəsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının bir rəmzidir. Bura xalqımızın ehtiramla yad etdiyi məkana çevrilib”.

 

YAP sədrinin müavini bildirib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir:

 

“Bizim ortaq mədəniyyətimiz, dilimiz, dinimiz var. Hər iki ölkə arasında dünyada analoqu olmayan münasibətlər sistemi qurulub. Bizim dostluq və qardaşlıq münasibətimiz 102 ildən sonra da təkrar olunub. Azərbaycanın haqq savaşında Türkiyə mənəvi və siyasi dəstək göstərib. Türkiyə Vətən müharibəsində Azərbaycanla bir olduğunu bütün dünyaya nümayiş etdirib. Bu gün də Azərbaycan Türkiyə münasibətləri müttəfiqlik zirvəsinə ucalıb. Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri, qardaşlığı bütün sahələrdə əməkdaşlığa, görülən işlərə öz töhfəsini verməkdədir. Hər iki ölkə başçısının iştirakı ilə imzalanan Şuşa Bəyannaməsindən sonra da görülən işlər göz qabağındadır”.

 

T.Budaqov qeyd edib ki, artıq Azərbaycanın güclü və müzəffər ordusu var:

 

“Ölkəmizdə ordu quruculuğu davam edir. Bu işdə də Türkiyə daim Azərbaycanla birlikdədir. Son zamanlar həyata keçirilən birgə təlimlər də bunu bir daha nümayiş etdirir. Şuşa Bəyannaməsindən sonra Azərbaycan və Türkiyə Qafqazda yeni reallıqlar yaradıb. Mən bir daha bütün Azərbaycan xalqını bu əlamətdar hadisə münasibətilə təbrik edirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi