Modern.az

Eks-baş prokuror Murad Babayev: “Bəzi dostların yadından çıxmadığımı öyrəndim”

Eks-baş prokuror Murad Babayev: “Bəzi dostların yadından çıxmadığımı öyrəndim”

10 Dekabr 2012, 16:40

Bu gün sabiq baş prokuror Murad Babayevin doğum günüdür, onun 61 yaşı tamam olub. Ad günündə Modern.az saytına danışan Murad Babayev onun üçün bu əlamətdar tarixi ailəsi və dostları ilə birgə qeyd etdiyini söyləyib.

- Doğum gününüzdə arzunuz nədir?

- İnsana ən başlıcası can sağlığı lazımdır. Mən də özümə can sağlığı və xoş gün arzu edirəm.

- Sizin üçün bu əlamətdar tarixi necə qeyd edirsiniz?

- Nəvələrimin və dostlarımın ətrafında. İş elə gətirib ki, bu gün nəvəmin də ad günüdür. O 16 yaşını qeyd edir, mən isə 61. Mən özümü çox xoşbəxt hiss edirəm ki,  nəvələrim hər zaman mənim ətrafımdadırlar.

- Sizi keçmiş dostlarınızdan təbrik edənlər varmı?

- Dünəndən bu yana təbriklər gəlir. Bəzi dostlarım var ki, hələ də onların yadından çıxmadığımı ad günümdə öyrənmiş oldum. Məni ilk təbrik edən isə tələbələrim olub.

- Maraqlıdır, Murad Babayev hədiyyə almağı xoşlayırmı?

-Mən daha çox hədiyyə verməyi xoşlayıram. Hədiyyənin balacası-böyüyü olmur. Əsas odur ki, mənim sevdiyim insanlar bununla məni yaddan çıxarmadıqlarını göstərirlər.

Murad Köçəri oğlu Babayev 1951-ci il 10 dekabr tarxində Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanının ailəsində dünyaya gəlib. 1968-1973–cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.  
1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq,1977-80-ci illərdə Bakı şəhərində açılmamış ölüm üzrə baş müstəntiq, 1982-ci ilin noyabr ayında Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb. 1987-ci il martın 31-də 36 yaşında Azərbaycan Respublikası Baş prokurorun birinci müavini təyin edilib. 26 noyabr 1991-ci ildə isə ölkənin Baş prokuroru vəzifəsinə təyinat alıb. 1992-ci ilin sonunda Baş prokuror vəzifəsindən azad edilib.
1993-cu ilin fevralında isə Bakı şəhər nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb.
Hazırda Təfəkkür Universitetində Hüquq fakültəsində kafedra müdiridir.
Ailəlidir, bir qız və bir oğul atasıdır.

Pərvin Arzuqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı