Modern.az

Ekstrasens Zirəddin Rzayev 21 dekabrdan danışdı: “Niyyət edib şam yandırın...” - MÜSAHİBƏ

Ekstrasens Zirəddin Rzayev 21 dekabrdan danışdı: “Niyyət edib şam yandırın...” - MÜSAHİBƏ

Müsahibə

19 Dekabr 2012, 14:12

21 dekabrda dünya dağılmayacaq”

"Azərbaycanla bağlı proqnoz vermək istəmirəm"

Mayya təqviminə görə, bu il dekabrın 21-i Yer kürəsi bir neçə sutka ərzində qaranlığa qərq olacaq. Bu xəbər yayılandan üzübəri əksəriyyət "qiyamət günü" ehtiyat tədbirləri görür. Şam, neft alan kim, ərzaq ehtiyatı tutan kim. Moskvada yaşayan və fəaliyyət göstərən məşhur soydaşımız, kliniki-psixoloq, ekstrasens Zirəddin Rzayevlə söhbətimizdə də əsasən 21 dekabr günündən danışmışıq. 

- İlk sualımız "21 dekabr"la bağlı olacaq. Mayya təqviminə görə, guya Yer kürəsi həmin gün qaranlığa qərq olacaq... 

- Vallah, mən bununla bağlı suallara cavab verməkdən yorulmuşam. Belə suallar artıq məni bezdirib... 

- Amma bütün dünyanı bu olayla bağlı ciddi narahatçılıq bürüyüb. Hamı həyəcan içində həmin gündə nə baş verəcəyini gözləyir. Hər yerdə olduğu kimi, Azərbaycanda da aləm bir-birinə dəyib. İnsanlar "21 dekabr" hazırlığı görməkdədirlər, dükan-bazarlarda şam tapmaq olmur... 

- Mən məsləhət görürəm ki, camaat aldığı şamları müqəddəslərinin adına niyyət edib yandırsalar, Allaha dua etsələr, daha yaxşı olar, nəinki qiyamətdən, dünyanın sonundan qurtulmaq üçün şam alıb yandırıb qorxa-qorxa yaşamaqları. Qiyamətin nə vaxt olacağını, nə zaman baş verəcəyini Allahdan başqa heç kim bilə bilməz, bu, Allahın çoxsaylı sirlərindən biridir. Bunların hamısı uydurmadı, şayiədən başqa bir şey deyil, biznes üçündür, işbazlar öz biznes maraqları naminə istifadə edirlər. Necə ki, siyasətin biznesi neftin başında durur, Qərb ölkələrinin əlindədir, bu söhbəti də qazanmaq üçün ortaya atıblar. 

Əslində həqiqət ondan ibarətdir ki, dekabrın 21-də Meksikada məskunlaşmış Mayya tayfalarının təqviminin sonudur. Ancaq onlar dünyanın dağılacağı ilə bağlı heç nə deməyiblər. Dekabrın 21-də bir neçə sutka ərzində Yer kürəsinin qaranlığa qərq olacağını, ola bilsin ki, astronomlar hansısa elmi hadisə ilə izah edə bilərlər. Mənsə burada qorxulu hadisə görmürəm. Xüsusən Azərbaycan üçün heç bir təhlükə, heç bir problem olmayacaq. Əhali arasında yaranan qorxuların, təlaşların heç bir əsası yoxdur. Odur ki, bu söz-söhbətlərin hamısı yalan söhbətdir, cəfəngiyatdır. Yenə də deyirəm: qiyamətin baş verəcəyini, qiyamətin qopacağını Allahdan başqa heç kim deyə bilməz. Qiyamətin əlamətləri Quranda da yazılıb, məsələn, uzunsürən müharibələr, dinlər arasındakı konfliktlər, baş verən terror aktları, homoseksuallığın yayılması və s. hamısı qiyamətin yaxınlaşdığından xəbər verir. Lakin hansı vaxtda, hansı ildə baş verə biləcəyi barədə heç kim heç bir məlumat verə bilməz, bunu bilə bilməz. Bu barədə peyğəmbərlər bilmirdisə, adi insanlar necə xəbər verə bilərlər? 

- Sizin dediklərinizin doğruluğuna inanaq? 

- Təbii. Mən 2012-ci ilin əvvəlində deyəndə ki, bu il türklər üçün o qədər də uğurlu olmayacaq, Azərbaycan mətbuatı bunu türkdilli xalqları təhqir etməyim kimi yozdu. Ancaq mən necə demişdim, elə də oldu, Türkiyədə zəlzələlər, terror aktları baş verdi, ictimai sabitlik pozuldu. 

   Eləcə də proqnozlarımın birində Amerikanın bir tərəfini qırmızı gördüyümü demişdim. Mən o zaman bilmirdim bu, nə hadisə olacaq. Amma Amerikada baş verən yanğın və oranı bürüyən qırmızı alov dediklərimin doğruluğunu təsdiqlədi. Çilidə zəlzələ demişdim, möhkəm zəlzələ oldu. İrandakı terror aktını qabaqcadan demişdim. Yəni verdiyim proqnozlar hamısı özünü doğrultdu. İndi də deyirəm ki, Amerikanın Suriyaya müdaxiləsində xoş heç nə görmürəm. Bu, Amerikaya çox baha başa gələcək. Ümumiyyətlə, Amerika müqəddəs torpaqları bombardman etməsinə, hegemonluğuna görə çox keçməyəcək ki, buna cavab verəcək. Allah özü cəzalandıracaq Amerikanı, böyük təbii fəlakətlər görürəm orada. 

 - Gələn il üçün proqnozlarınız nədir? 

- Açığı, gələn il üçün proqnozlarımı hələ işləməmişəm. Ancaq sizə söz verirəm ki, proqnozlar hazır olan kimi birinci olaraq sizin qəzetinizə verəcəyəm. 

- Gələn ilin payızında Azərbaycanda prezident seçkisi keçirilicək. Bununla bağlı nə deyə bilərsiniz? 

- Mən söz vermişəm ki, Azərbaycanla bağlı proqnoz verməyim. Sadəcə olaraq, bunu demək istərdim ki, Azərbaycanın böyük gələcəyi var. Mən ölkəmiz üçün qorxulu heç nə görmürəm. Bizim uğurlarımız hələ qarşıdadır. Azərbaycanda nə qorxulu təbii fəlakət olacaq, nə də ciddi bir hadisə. 

 Seçki ilə bağlı, ümumiyyətlə, heç nə demək istəmirəm. Çünki mənim Azərbaycanla bağlı verdiyim proqnozlar həmişə təhrif olunur, əleyhimə işləyir. KİV-lər vəziyyəti o həddə gətirib çıxarıblar ki, artıq Azərbaycanla bağlı proqnoz vermək istəmirəm. 

- Sosial şəbəkədə də sizinlə bağlı xoşagəlməz xəbərlər yayılır... 

- Bu barədə bir qədər geniş danışmaq istəyirəm. Bəli, sosial şəbəkədə mənə qarşı xüsusi kampaniyaya başlayıblar. Təəssüf edirəm ki, bədxahlarımın içərisində azərbaycanlılar da var. Onlar internetdə, sosial şəbəkələrdə mənim əleyhimə, ziddimə olan təhqiramiz sözlər yazırlar, mənə qarşı "qara piar" aparırlar. Bir neçə dəfə sosial şəbəkədə şəxsi səhifəmi dağıdıblar. Xahiş edirəm, bunu xüsusilə dərc edəsiniz: internetdə mənim adımdan qadınlara intim təklif edirlər. Bununla məni gözdən salmaq istəyirlər. Mən bütün internet istifadəçilərinə müraciətlə deyirəm ki, kimlərsə mənim adımdan belə bir təşəbbüsdə olsalar, pul istəsələr, inanmayın. Bunu dəqiqləşdirmək üçün "Skype" ilə əlaqəyə girib soruşun. Əgər bunun əksi olarsa, deməli, mən deyiləm. Bütün bunlar mənə qarşı ona görə baş verir ki, bəziləri paxıllıq, qısqanclıq hissindən qurtula bilmir. Paxıl adamlar da o qədərdir ki... Onu da deyim ki, mənim müraciətim əsasında bununla bağlı cinayət işi açılıb, hazırda istintaq davam edir. Mən əminəm ki, onları tutacaqlar. 

- İşləriniz necə gedir? Həyatınızda, şəxsi işlərinizdə hansı yeniliklər var? 

- Ailəmizdə yenilik var, təzə qızımız dünyaya gəlib. Adını Həzrəti İsanın anasın şərəfinə Məryəm qoymuşuq. İşlərimsə köhnə qaydada davam edir. Xəstəxanada çalışıram. Olduqca az sayda insanları qəbul edirəm, vaxt çatdıra bilmirəm. 4 nəfər biznesmenlə işləyirəm, onlar dövlət vəzifəsində də çalışırlar. Ancaq onları daha çox biznesmen kimi dəyərləndirirəm, məsləhətlərim də əsasən bizneslə bağlı olur. 

- Siz bir dəfə demişdiniz, onlar sizinlə neftlə bağlı məsləhətləşmələr edirlər... 

- Bəli, biri neft işi ilə bağlıdır. Onlar dörd nəfərdirlər, ancaq mən əsas üçü ilə işləyirəm. Yəni onların maddi dəstəyi məni tam təmin edir. Onu da qeyd edim ki, ilin axırında psixologiya üzrə doktor olacağam. Sıravi bir azərbaycanlının Moskvada alimlik zirvəsinə qalxması, məncə, Azərbaycanın da böyük uğurudur. Rusiyada yaşayan yeganə azərbaycanlıyam ki, məni 2010-cu ildə Böyük Britaniyanın Qızıl Xaç Cəmiyyəti medalla təltif edib, fəxri-fərman verib. Bu barədə ilk dəfə sizə deyirəm. 

- Bu mükafatı nəyə görə vermişdilər sizə? 

- İnsanlara göstərdiyim psixoloji-humanitar yardıma görə. Mükafatı Moskvada təqdim ediblər. 

- Elə vaxt olubmu ki, verdiyiniz proqnoz səhv çıxıb? 

- Təbii ki, axsamalar olur. Hər bir sahələrdə belə bir şey ola bilər. Əsas odur ki, mütəxəssis professional olsun, öz işini dərindən bilsin. Mənim dediklərimin də yüzdə doxsan doqquz faizi realdır. 

- Əvvəl işlədiyiniz yerdə insanları çox baha qiymətə qəbul edirdiniz... 

- Elə indi işlədiyim "Dobromed"də də ucuz deyil. Hətta deyərdim ki, bir qədər də bahalaşıb. Köhnə iş yerimdən bir ildən çoxdur ki, uzaqlaşmışam. Mən orda çıxandan sonra ordakıların hamısını həbs elədilər. 

- Maraqlıdır, nəyə görə? 

- Dələduzluqla məşğul idilər. Mənim adımdan da istifadə etmişdilər. 

 - Azərbaycan mətbuatında əleyhinizə yazılan yazılar Azərbaycana qarşı münasibətinizə təsir edir? 

- İranlı bir alimin, Şeyx Abbas Quminin bir kəlamı var: "Dindara baxıb, dinə qiymət verməyin. Siz elə dinin özünə qiymət verin". Mən də azərbaycanlıların hərəkətinə baxıb, Azərbaycana qiymət vermirəm ki. Azərbaycanın özünə qiymət verirəm. Bu, daha məntiqlidir. Bu məsələyə mən fərdi yanaşıram. Elə həmyerlim var ki, onu sevmirəm, amma azərbaycanlı var ki, onun qarşısında baş əyirəm. 

- Gələcək işlərinizlə bağlı nə deyə bilərsiniz? 

- Əsas işim əvvəldə dediyim kimi, dissertasiyamla bağlıdır. Zərgərlik mağazasının da açılışına hazırlaşıram. Planlar budu hələ ki. 

- Əvvəlki illərə nisbətən, deyəsən, bir az sərbəstləşmisiz? 

- Yox, indi əvvəlkindən gərginlikdir. 

- Müraciət edənlərin sayı çoxdur? 

- Həddən artıq çoxdur. Müraciət edənlərin çoxunu qəbul edə bilmirəm. 

- Hər halda adamların böyük ehtiyacı var sizə. 

- Ona görə də onları imkanım daxilində qəbul etməyə çalışıram. Mənim pulsuz xidmətlərim də var. Bu adamları özüm seçirəm. Elə adamlar var ki, pulsuz kömək edirəm. Eləsi də var pul versə belə, kömək edə bilmirəm. 

- Pasiyentləriniz sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər? 

- Ailə, biznes, sağlamlıq, karyera və s. problemləri ilə bağlı. Yəni, müraciətlər müxtəlifdir, konkret deyə bilmərəm. 

- Sizinçün maraqlı görünən təkliflər olub? 

- Çox olub. Məsələn, bir dəfə hamilə bir qadın gəlmişdi yanıma. Soruşdu ki, uşağımı saxlayım, yoxsa abort elətdirim? Dedim ki, özünüzdən asılıdı. Sonra biri gəlib soruşurdu ki, maşınımı dəyişim, yoxsa yox? Belə suallar məni təəccübləndirir. Axı, daha önəmli işlər var, məndən onu soruşa bilərlər.


Xanoğlan ƏHMƏDOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?