Modern.az

ABŞ səfiri Bakıdakı köçkünləri ziyarət etdi

ABŞ səfiri Bakıdakı köçkünləri ziyarət etdi

5 Mart 2013, 17:55


Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda və şəhər ətrafında məcburi köçkünlərin məskunlaşdığı bir neçə icmaya səfər edib. ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, Riçard Morninqstarın səfəri icmalardakı həyat şəraiti və sakinlərlə yaxından tanış olmaq məqsədi daşıyıb.

Səfir Morninqstar öncə Binəqədi rayonundakı məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya, sonra isə məçburi köçkünlər üçün inşa edilmiş məktəbə baş çəkib. 

Səfir Müşfiqabad qəsəbəsinə səfər edərək yerli sakinlərlə görüşüb, tezliklə məcburi köçknülərin ixtiyarına veriləcək məktəbə baş çəkib və ərazidə həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olub. Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov səfiri və onun rəhbərlik etdiyi nümayəndə heyətini səfər ərzində müşayiət edib. 

Səfər ərzində səfir Morninqstar 90-cı illərdə bir neçə çadır düşərgəsinə baş çəkdiyini və bunun bütün Azərbaycanlılar üçün necə çətin bir məsələ olduğunu anladığını bildirib.

“Mən bilirəm ki, Azərbaycan hökuməti məcburi köçkünlərə və qaçqınlara kömək etmək üçün çoxlu işlər görüb. Mən şadam ki, Birləşmiş Ştatlar və müxtəlif beynəlxalq təşkilatlar da köçkünlərə və qaçqınlara öz köməkliklərini göstərib. Dağlıq Qarabağ münaqişəsini mümkün qədər tez həll etmək və müxtəlif icmalarda müvəqqəti məskunlaşan bu ailələlərə öz evlərinə qayıtmaq imkanı vermək vacibdir” deyə səfir Morninqstar bildirib.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir