Modern.az

Rasim Musabəyovun etirazı Ədalət Partiyasından etirazla qarşılandı

Rasim Musabəyovun etirazı Ədalət Partiyasından etirazla qarşılandı

6 Mart 2013, 17:47

Mütəllim Rəhimli: “İşğal faktını BMT Təhlükəsizlik Şurasına  mütləq çıxarmalıyıq”

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun Dağlıq Qarabağ probleminin BMT Təhlükəsizlik Şurasının gündəminə çıxarılmasına etiraz etməsi ilə bağlı şərhini  “Azərbaycanın maraqlarına cavab verməyən fikir” adlandırıb. M.Rəhimli deyib ki, kimlərinsə və ya hansısa beynəlxalq qurumların nəsə fikirləşməsindən asılı olmayaraq Azərbaycan özünün haqlı mövqeyində israr etməlidir:

“Super dövlətlərin, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin rəy və tövsiyələri bizi torpaqlarımızın işğal altında qalması ilə barışdıra bilməz. İradəmizi ortaya qoymalıyıq və hər addımda sübut etməliyik ki, Qarabağı işğalçılardan azad edəcəyik. Ədalət Partiyasının dəfələrlə bəyan etdiyi kimi, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dair missiya bu sahədə ölü təşkilat olan ATƏT-dən alınaraq BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılmalıdır. Çünki beynəlxalq münasibətləri bu təşkilat tənzimləyir və onun qərarlarıının icrası məcburidir və dövlətlər üçün öhdəlik yaradır. İddia etmək olar ki, BMT öz fəaliyyətində və qərar verərkən beynəlxalq hüquqa söykəndiyindən onun Ermənistanı işğalçı kimi tanımaqdan başqa yolu qalmayacaq. Bu mənada bu qurumdan vaxtilə qəbul etdiyi dörd qətnamənin icrası ilə məşğul olmasını tələb etməliyik.  Əks situasiya ilə qarşılaşarıqsa, bu zaman Azərbaycan öz torpaqlarının azad olunması üçün müharibəyə başlamalıdır.

Digər  tərəfdən,  BMT haqlı mövqeyimizi tanımasa Azərbaycan üzvlükdən çıxmaqla bu beynəlxalq təşkilatın kimlərinsə əlində alət olması və iç üzünün açılmasına, vaxtilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi kimi, bu təşkilatın, Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin inhisarından alınması zəruriliyinə öz töhfəsini vermiş olacaq. Odur ki, ehtiyatlılığımızın 20 ildir torpaqlarımızın işğal altında qalmasına səbəb olduğunu qəbul etməli və nəhayət, özümüzü haqlı tərəf kimi daha qətiyyətli aparmalıyıq. İndiki halda isə Rasim Musabəyovun dediklərindən elə təəssürat yaranır ki, sanki ermənilər bizim ərazini yox, biz  Ermənistanı işğal etmişik və məsələni buna görə BMT-nin müzakirəsinə çıxarmaqdan qorxuruq”.

Xatırladaq ki, Rasim Musabəyov mətbuata verdiyi açıqlamasında “Dağlıq Qarabağ probleminin BMT Təhlükəsizlik Şurasının gündəminə çıxarılmasına tələsmək lazım deyil” demişdi. O bildirmişdi ki, məsələni BMT Təhlükəsizlik Şurasına çıxararkən bunun nəticəsinin necə olacağını əvvəlcədən nəzərə almaq lazımdır: “Elə ola bilər ki, problem BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılsa, 1993-cü ildə qəbul olunan  dörd qətnamə ilə müqayisədə bizim üçün məqbul olmayan sənəd qəbul oluna bilər”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir